“Ankara addımlar atır”

“Rusiya bunu dəyərləndirmirsə, Türkiyə növbəti dəfə belə təkliflər verməyəcək”



Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə gərginliyin ortadan qaldırılmasına dair tərəflər arasında işçi qüvvəsinin yaradılması təklifini irəli sürüb.

O bildirib ki, işçi qrupu yaradılsın, problem araşdırılsın və yoluna qoyulsun. Lakin Rusiya tərəfi bu təklifi müsbət dəyərləndirməyib. M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrov isə söyləyib ki, Türkiyə üzr istəməlidir, hərbi cinayət zamanı dəyən ziyanı ödəməlidir.

Vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, Türkiyə tərəfi bütün praqmatik əsasları rəhbər tutaraq Rusiya ilə münasibətləri bərpa etməyə çalışır: "Təəssüflər olsun ki, Moskva Ankaranın təklifini müsbət dəyərləndirmir. Eyni zamanda Rusiya tərəfi məsələyə qeyri- praqmatik yanaşır. Bu yanaşmanın nəticəsi olaraq Moskva həm maddi, həm də siyasi uğursuzluqlarla üzləşib. Üstəgəl, Rusiyanın regionda nüfuzu bir qədər zəifləyib”.

Ekspertin fikrincə, Türkiyənin təklifi Rusiya rəhbərliyi üçün şansdır: "Moskva bu şansı müsbət qiymətləndirməlidir. Baxın, Türkiyədə yeni Baş nazir gəlib və o, yeni kabinet formalaşdırıb. Rusiya bu fürsəti əldən buraxmalı deyil. Moskva üçün belə bir şans var. Amma şimal qonşumuz sərt mövqe nümayiş etdirməklə şansı əldən buraxır. Bir neçə belə kəskin cavabdan sonra düşünmürəm ki, Türkiyə bir daha belə müsbət təklif versin. Ankara addımlar atır. Rusiya bunu dəyərləndirmirsə, Türkiyə növbəti dəfə belə təkliflər verməyəcək və iki ölkə arasındakı gərginlik qalacaq. Bu da, regionda qeyri-sabitliyin davam etməsinə səbəb olacaq. Moskva gələcəkdə daha böyük problemlərlə üzləşəndə, artıq gec olacaq. Ankara onunla münasibətləri yaxşılaşdırmaqda maraqlı olmayacaq. Və onda Moskva üçün hər şey gec olacaq”.

Ayyət