Ankara ağır sınaq qarşısındadır

Seçkilər bəhanə edilərək Türkiyəyə qarşı hucuma start verilib
“PKK-dan daha çox qardaş türk dövlətinə Gülənçi və CHP zehniyyətli postmodern gənclər, anarxist qruplar təhlükə törədə bilərlər”




ABŞ, Fransa və PKK Türkiyədə 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl terror və xaos törətmək barədə razılığa gəlib. Bu iddia ilə "Axşam” qəzeti çıxış edib. Nəşrin məlumatına görə, tərəflər Rakka şəhərində keçirilən gizli toplantıda bu barədə qərar qəbul ediblər. Həmçinin, Amerikan və fransız zabitləri PKK-ya terror, digər qruplara isə Gəzi və Ədalət Yürüşünə bənzər aksiyalar təşkil etməklə bağlı təlimatlar veriblər.

Türkiyə kəşfiyyat orqanları da seçkilərdən əvvəl PKK-nın ölkənin müxtəlif şəhərlərində terror aktları həyata keçirməyi planlaşdırdığını üzə çıxarıb. Mütəxəssislər sözügedən dönəmin Türkiyə üçün çox kritik olduğunu bildirərək, əhalini diqqətli olmağa çağırıblar. Əslində, terrorçu PKK və onların havadarları qardaş ölkədə baş verən mühüm siyasi proseslərdə təxribat törətmək niyyətində olublar. Ona görə də ehtimal edilir ki, həmin qüvvələr 24 iyun seçkisinə də "hazırlıq” görürlər.

İddiaları "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Türkiyə indiki dönəmdə çox diqqətli olmalıdır. Ekspert xatırladıb ki, tvitterdə prezident Ərdoğan hədəf alınaraq, gündəmə gətirilən "Tamam” aksiyasından sonra seçkilər bəhanə edilərək Türkiyəyə qarşı hucuma start verilib: 

"Bu hucum virtual arenadan real meydanlara keçə bilər. FETÖ-çülər də hərəkətə keçiblər. Hesab edirəm ki, PKK-dan daha çox qardaş türk dövlətinə Gülənçi və CHP zehniyyətli postmodern gənclər, anarxist qruplar təhlükə törədə bilərlər. Tvitterdə "Tamam” aksiyasını həyata keçirənlərin cəmi 20 faizi Türkiyədən gəlib. Əsas hissəsi isə ABŞ, Böyük Britaniya və Fillipində yaşayanlardır. Fillipinin Türkiyəyə nə dəxli? Bütün proseslərin arxasında Vaşinqton dayanır. Regionda qarşıdurma gücləndikcə, Türkiyənin nüfuzu artdıqca, bu mənzərə çoxlarını narahat edir. Məhz bu proseslərə görə, Türkiyənin ən köklü partiyalarından biri MHP növbədənkənar seçki tələb etdi. İnanırıq ki, Türkiyə bütün çətinliklərə rəğmən, bu sınaqdan da uğurlu və daha güclü çıxacaq”.

İsmayıl