Rusiyanın Türkiyəyə bu gün çox ehtiyacı var
Aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək tədbirlərdə Rusiyanı Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək. Bunu Narışkinin özü Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşündə deyib. Məclis sədri bəyan edib ki, bu səfər Rusiya və Türkiyə arasındakı dostluğu möhkəmləndirəcək və bölgədə sülhə, sabitliyə töhfə verəcək.
Məlumat üçün bildirək ki, aprelin 24-də Ermənistanda uydurma soyqırımın 100 illiyinə həsr olunan rəsmi tədbirlər keçiriləcək. Həmin tədbirlərdə Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi gözlənilir. Türkiyənin qondarma erməni soyqırımı məsələsi ilə bağlı mövqeyinə diqqət çəkən bəzi ekspertlər hesab edirlər ki, Putinin 24 aprel tarixində İrəvana səfər etməsi Türkiyə-Rusiya münasibətlərinə mənfi mənada təsir göstərə, hətta müəyyən gərginliyə də səbəb ola bilər. Bu səbəbdən Putinin indiki həssas məqamda ermənilərin gözləntisini nə dərəcədə doğruldacağı ciddi maraq doğurmaqdadır. Əksər politoloqlar düşünürlər ki, ağır vəziyyətdə olan və Türkiyəyə ehtiyac duyan Rusiya heç bir halda rəsmi Ankara ilə münasibətləri korlamayacaq. Xüsusən, Rusiyanın əhəmiyyətsiz virusa çevrilmiş Ermənistan üçün belə bir addım atacağı qətiyyən ehtimal edilmir. Ekspertlərin fikrincə, bu gün Türkiyə və Rusiya arasında güclü iqtisadi münasibətlər mövcuddur. Bu münasibətlərdən imtina etmək nə Türkiyə, nə də Rusiyanın marağına cavab verir. Çünki Rusiyanın Türkiyə ilə "Cənub axını” adlı olduqca mühüm bir layihəsi var. Qərbin Rusiyaya qarşı geniş sanksiyalara start verdiyi bir zamanda Türkiyə açıq şəkildə bəyan edib ki, onlar Rusiyaya qarşı heç bir cəza tədbiri həyata keçirməyəcəklər. İndi tərəzinin bir gözündə miskin Ermənistan, digər gözündə isə geniş inkişaf potensialına malik güclü Türkiyə var. Təbii ki, əgər Putin Ermənistanda qondarma soyqırım ilə bağlı keçirilən tədbirlərə qatılmasa belə, rəsmi İrəvan ona heç nə edə bilməz. Nökər ağaya nə edə bilər ki? Getsə belə, Türkiyə bu əhəmiyyətsiz hadisəyə görə, Rusiya ilə münasibətləri korlamaz. Zənn edirəm, hər şey Putinin özünün baxışından asılı olacaq. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, hazırda Rusiya Türkiyədən asılı vəziyyətdədir: "Türkiyə Rusiyanın bu vəziyyətindən maksimum yararlanmağa çalışır. SSRİ-nin çökməsindən sonra Rusiyadan trilyonlar qazanan Türkiyə indiki durumdan da faydalanmağa çalışır. Türkiyə ilə Rusiyanın yaxınlaşması mümkün deyil. Türkiyənin Rusiyaya qarşı planları hələ Ukrayna hadisələrindən əvvəl başlamışdı. Türkiyə görür ki, Rusiya böhranlı vəziyyətdədir. Ona görə Türkiyə baş verənlərdən maksimum yararlanmağa çalışır.
Amma bu fikirlərin əksini söyləyənlər də az deyil. Məsələn, tanınmış siyasi şərhçi Elxan Mehdiyev hesab edir ki, Putinin İrəvan səfəri reallaşarsa, bu, Rusiya-Türkiyə münasibətlərində müəyyən gərginliyə səbəb ola bilər. Türkiyənin dünyadan təcrid olunan Rusiya üçün əvəzsiz rol oynadığına diqqət çəkən ekspert, belə bir məqamda Putinin İrəvan səfərinin gündəmə gətirilməsinin bir neçə amildən qaynaqlandığını bildirib: "Əlbəttə, əgər Putin Ermənistana gələrsə, qondarma erməni soyqırımı ilə bağlı mərasimlərə qatılarsa, bu səfər münasibətlərin nə qədər mürəkkəb və tarixi köklər üzərində qurulduğunu göstərəcək. Rusiya bu gün bütün dünyadan izolyasiya olunsa da, Türkiyənin rəhbərliyi ona sərbəst məkan açıb, onunla münasibətləri inkişaf etdirib. Lakin görünən odur ki, Rusiya rəhbərliyi erməniləri məyus etməmək üçün belə bir səfəri planlaşdırır. Putin bununla demək istəyir ki, əslində Ermənistanla Rusiya arasındakı münasibətlərə Türkiyə ilə Rusiya arasındakı geniş münasibətlərin tərkib hissəsi kimi də baxıla bilər. Rusiya bunu etməklə həm də rusların təbirincə desək, onların Türkiyə ilə öz aralarındakı tarixi münasibətləri bir kənara qoymadıqlarını da etiraf etmiş olacaq”. E.Mehdiyevin fikrincə, Putinin İrəvan səfəri baş tutarsa, bu, həm də Rusiyanın ermənilərə təxminən yüz il əvvəlki casusluğuna görə, təşəkkürü demək olacaq: "Gerçəkləşəcəyi ehtimal edilən bu səfərin rusların Osmanlı və türklərə qarşı apardığı savaşda ermənilərin onlara etdiyi köməyi Rusiyanın unutmadığı kimi də qiymətləndirilməsi mümkündür. Bir sözlə, bunu bir neçə baxımdan qiymətləndirmək olar”.
İsmayıl