Anlaşma olub: Peterburq danışıqlarında mərhələli həll variantı əsas götürülüb
Aprel ayının əvvəlində Azərbaycan Ordusunun mühüm uğuru Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi. Bununla da ATƏT-in Minsk Qrupu həmsədrləri, dünya ictimaiyyəti bir daha əmin oldu ki, bu, dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna bilər.
Artıq vasitəçilər qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər ciddi tədbirlər həyata keçirilməlidir. Beynəlxalq ictimaiyyət də düşmənin mövqeyini qəbul etmir. Belə məqamda Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb. Şübhəsiz ki, yeni reallıq Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, həmsədrlərin fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir. İyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüş də yeni
vəziyyətin təzahürüdür. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, Minsk Qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu da ifadə ediblər. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Görüşdən sonra açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, danışıqlar prosesinin aktivləşdirilməsi üzrə konkret addımlar qeyd edilib: "Prezidentlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiqliyin qeyd olunduğu, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin artırılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində davamlı irəliləyiş üçün şəraitin yaradılmasına sadiqliyi nəzərdə tutan üçtərəfli bəyanatı razılaşdırdılar”. Lavrovun sözlərinə görə, prezidentlər Minsk Qrupu çərçivəsində keçirilən danışıqlardan əlavə, öz aralarında da üçtərəfli danışıqları davam etdirməklə bağlı razılıq əldə ediblər. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da məsələyə münasibət bildirib. XİN rəhbəri deyib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir: "İnanırıq ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”. Məsələyə münasibət bildirən Ermənistan xarici işlər naziri Edvard Nalbadyan isə bəyan edib ki, bəzi məsələləri çıxmaq şərti ilə görüş konstruktiv atmosferdə keçib: "Bir sıra suallar ətrafında qarşılıqlı anlaşmalar əldə olunub. Bu razılaşmalar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmağa şərait yaradacaq. Prezidentlər arasında razılıq əldə olundu ki, görüşlər həmçinin xarici işlər nazirləri səviyyəsində keçirilsin. Bütün bu proseslər ATƏT-in Minsk Qrupunun formatı çərçivəsində keçiriləcək”. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də tvitter səhifəsində yazıb ki, Sankt-Peterburqda keçirilən görüşdə müsbət addımlar atılıb: "Görüşün yekununda bəyanat qəbul olunub. Biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması istiqamətində işləməliyik”. Görüşü şərh edən millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, danışıqlarla bağlı ilkin nəticələr söyləmək mümkündür: "Görüş konfedensialdır və məxfi xarakter daşıdığından detalları haqqında tam məlumat yoxdur. Ancaq prezidentlərin bəyanatından aydın olur ki, hər üç dövlətin rəhbəri bundan sonra müntəzəm olaraq belə görüşlərin keçirilməsi haqqında razılıq əldə ediblər. Burada ən maraqlı detal ondan ibarətdir ki, artıq yeni formatdan söhbət gedir. Bu format Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşüdür və Minsk Qrupu formatının alternativi deyil”. Ekspert bildirib ki, bəzi məsələlərin açıqlanmaması erməni ictimaiyyətini məyus etməmək üçündür: "Bəzi məsələlərdə daha çox Azərbaycanın mənafeyi nəzərə alınıb və o bəzi məsələlər aprel döyüşlərindən sonrakı yeni yaranmış şəraitin diktəsi altında baş verib. Eyni zamanda ATƏT-in Müşahidə Missiyasının tərkibinin artırılması ilə bağlı razılaşma var. Bundan savayı, təmas xəttində hərbi insidentlərin müəyyən edilməsi baxımından mexanizmin formalaşdırılması ilə bağlı razılaşma əldə olunub”. E.Nəsirli bildirib ki, yeni formatda Rusiya əsas söz sahibinə çevrilir. Fikrimcə, Ermənistana ciddi təzyiq olunub. Bu baxımdan Sankt-Peterburq görüşü digərlərindən daha ciddi görüş idi. Orada ciddi müzakirələr gedib. Nəzərə alaq ki, Rusiya Prezidenti özü şəxsən danışıqlarda iştirak edib və görüş onun doğulduğu şəhərdə baş tutub. Sankt-Peterburq görüşü Vyana ilə müqayisədə məsələnin daha ciddi qoyuluşu, müəyyən nəticələr, yeniliklər baxımından daha çox diqqəti cəlb edir”.
İsmayıl