Məhz həmin qüvvələrin göstərişi ilə terrorçular Türkiyədə zamanı gələndə baş qaldırırlar
Bölgə qaynar nöqtəyə çevrilib. İraq və Suriyada 70-ə yaxın dövlətin maraqları kəsişir
Dünən Türkiyənin Antalya şəhərində güclü partlayış olub. Sənaye və Ticarət Palatasının binasının duracağında bir avtomobildə baş verən partlayış nəticəsində yaralananlar olub. Antalya Valiliyinin yaydığı məlumata görə, şüşə parçalarının ətrafa saçılması 10 nəfərin xəsarət almasına yol açıb.
Partlayışın səbəbi, terror aktı olub-olmadığı tam hələlik dəqiqləşməsə də, şahidlər hadisənin baş verdiyi avtomobildə partlayıcı qurğu olduğunu bildiriblər. Hadisə zamanı ətrafdakı 4 avtomobilə də ziyan dəyib. Eyni zamanda yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb. Ekspertlərə görə, partlayışın turizmin mərkəzi sayılan Antalyada baş verməsi, xüsusən də türk ordusunun Suriya və İraqda hərbi əməliyyatlar apardığı dövrə təsadüf etməsi hadisədə xarici qüvvələrin əlinin olduğuna dəlalət edir. Məsələni şərh edən politoloq Tofiq Abbasov deyib ki, Türkiyə fiziki baxımdan qaynar nöqtələrə çox yaxındır. Ankara hökuməti həm İraq, həm də Suriya hadisələrində yaxından iştirak edərək öz təhlükəsizliyini qorumağa, sərhəddə bufer zona yaratmağa çalışır: "Türkiyə ərazisi illərdir müxtəlif terror qruplaşması və onlara dəstək verən beynəlxalq güclər tərəfindən sui-istifadə olunur. Xüsusən də Yaxın Şərqin münaqişə zonaları ilə Türkiyə şəhərləri arasında əlaqə yaratmaq, silah-sursatı qardaş ölkəyə transfer etmək məqsədi güdürlər. Əsas niyyət isə getdikcə regionda güc sahibi olan, müstəqil siyasət yeridən Türkiyənin önünü almaq, ölkəni içəridən zəiflətməkdir. Ona görə də zaman-zaman müxtəlif bölgələrdə terror hadisələri törədir, xaos yaratmağa səy göstərilir. İstənilən halda partlayışda terrorçuların dəsti-xətti açıq şəkildə görünür. Avtomobil partladılması İŞİD-çilər və ya PKK-nın əliylə törədilə bilər. Amma mahiyyət odur ki, burda xarici ünsürlərin rolu var. Nəzərə almaq lazımdır ki, Türkiyə son aylar ərzində terrorçulara qarşı güclü və sistemli əməliyyatlar aparır. Təəssüflə qəbul etmək lazımdır ki, terrora qarşı mübarizə Antalyadakı partlayış kimi əks təsirlərə səbəb olur. Ancaq Ankara hökuməti belə təhdidlərlə ilk dəfə üzləşmir. Çox güman ki, qardaş ölkə həm daxildə, həm də xaricdə terrorçu güclərlə və onlara dəstək verənlərlə daha qətiyyətli mübarizə aparacaq”. Ekspert bildirib ki, bölgə qaynar nöqtəyə çevrilib: "İraq və Suriyada 70-ə yaxın dövlətin maraqları kəsişir. Bölgədə savaşan bir sıra qüvvələr özlərini terrorçu hesab etmirlər. Amma onların əməlləri sırf terrorçulara xasdır. Radikal qrupları himayə edənlərin məqsədi isə terroru bitirmək yox, onu başqa istiqamətə yönəltməkdir. Məncə, Antalyada baş verən partlayış fövqəlgüclərin işidir. Məhz həmin qüvvələrin göstərişi ilə terrorçular Türkiyədə zamanı gələndə baş qaldırırlar. Amma əminəm ki, türk dövləti və xalqı əl-ələ verərək bütün çətinliklərin öhdəsindən gələcəklər”.
İsmayıl