"Aprel döyüşləri Azərbaycanın siyasi masalarda sözünü gücləndirdi" - Qarabağ qazisi





"Aprel döyüşləridə ordumuz özünün döyüş bacarığını ortaya qoydu”.

Bu barədə "Sherg.az”a "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bildirib. Aprel şəhidlərinə Allahdan rəhmət qazi aprel savaşının Azərbaycan üçün əhəmiyyətini diqqətə çatdırıb:

"Azərbaycan ordusu Birinci Qarabağ Müharibəsində də qəhrəmanlıq səhifələri yazıb. Azərbaycanın qeyrətli övladları vətənin müdafiəsinə qalxıb, şəhidlik zirvəsinə ucalıblar. Təəssüf ki, Birinci Qarabağ savaşında Azərbaycan təkləndi, ermənilərin arxasında duran qüvvələrin – Rusiyanın dəstəyi ilə ermənilər qalib gəldi. Hazırda torpaqlarımız işğal altındadır.

Keçən uzun zaman kəsiyində münaqişənin həlli üçün sülh danışıqları aparılsa da, heç bir nəticə əldə olunmadı. Ermənistan qeyri-konstruktiv mövqe ortaya qoyaraq, danışıqlardan qaçdı”.

Azərbaycanın müharibə hər zaman hazır olduğunu vurğulayan Etimad Əsədovun sözlərinə görə, aprel hadisələrinin baş verməsi çox yaxşı hal oldu:

"Ermənilər aprel döyüşlərində bəzi torpaqlarımızdan kənarlaşdırıldı. Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi işğalçıdan azad edildi. Bu döyüşlər bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi.

Beynəlxalq təşkilatlara, ictimaiyyətə, ATƏT-in həmsədri olan ölkələrə sübut etdik ki, Azərbaycan ordusu yenilməzdir. Azərbaycan müharibə olacağı təqdirdə nəyin bahasına olur olsun, torpaqlarını azad edəcək. Aprel döyüşləri Azərbaycanın siyasi masalarda sözünü gücləndirdi. Bu, Azərbaycanın ən böyük qazancı oldu”.

Qeyd edək ki, Aprel döyüşləri və ya Dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verib. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aysel Aslan