“Aprel döyüşləri” təkrarlana bilər

“Prezidentin xəbərdarlıq mesajları qarşı tərəfdə ciddi təhlil edilməlidir”



Ermənistanın həmsədr dövlətlərin biganəliyindən istifadə edərək radikal mövqeyə köklənməsi və
özünə sərf edən "status-kvo”nu uzatmağa çalışması müharibə riskini artırıb. Belə vəziyyətdə
işğala məruz qalan Azərbaycanın öz hərbi potensialını, ordusunun döyüş qabiliyyətini
artırmaqdan başqa yolu qalmır.

Bu baxımdan ölkəmiz qardaş Türkiyə, Pakistan, İsrail və bəzi dövlətlər hesabına öz hərbi
arsenalını yeniləyir, müasirləşdirir. Paralel olaraq Azərbaycan Silahlı Qüvvələri Türkiyə ilə və
ya ayrılıqda geniş miqyaslı hərbi təlimlər keçirir. Noyabrın 12-də tariximizin ən iri miqyaslı, 60
min hərbçinin və yüzlərlə ağır texnikanın iştirakı ilə təlimlərə start verilməsi də məhz hərbi
qüdrətimizin nümayişinə xidmət edir. Xüsusən, Ali Baş Komandan, ölkə Prezidenti İlham
Əliyevin şəxsən cəbhə bölgəsinə getməsi və hərbi formada düşmən tərəfin mövqelərini müşahidə
etməsi ölkə rəhbərliyinin və Azərbaycan Ordusunun əzmindən xəbər verir. Hərbi qulluqçular
qarşısında çıxış edən Prezident İlham Əliyev "aprel döyüşləri”nin bizim şanlı qələbəmiz
olduğunu vurğulayıb: "Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət
göstərib. Biz Lələtəpə ərazisindəyik. Bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Amma
biz işğala son qoyduq. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altındakı 2000
hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib”. Dövlət
başçısı bəyan edib ki, Azərbaycan Ordusu öz gücünü dəfələrlə göstərib: "Ermənistan uzun illər
öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. 

Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Əlbəttə, bizim heç bir ölkənin torpağında gözümüz
yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik.
İşğal altındakı bütün torpaqlarımıza qayıdacağıq. Əgər erməni silahlı qüvvələri aprel
döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu
əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət dərk etməlidir ki, işğalçılıq
hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü
potensialımız, güclü ordumuz var. Prezidentin məhz cəbhə xəttindən düşmənə sərt xəbərdarlıq
mesajları verməsi hazırkı mürəkkəb vəziyyətdə ikiqat önəm kəsb edir. Bu, bir daha onu göstərir
ki, Azərbaycan öz torpaqlarının davamlı işğalı ilə barışmaq niyyətində deyil. Əgər qarşı tərəf
təklif edilən ən optimal həll variantı kimi "muxtar respublika”ya razı olmasa, müharibə qaçılmaz
olacaq. Xatırladaq ki, artıq beynəlxalq media qurumları da Qarabağ cəbhəsində müharibə riskini
gündəmə gətirirlər. Azərbaycanın müharibəyə hazır olduğunu yazan agentlik iddia edib ki, hərbi
əməliyyat meydanında Rusiyanın Ermənistana satdığı "İsgəndər” raketləri ilə Azərbaycanın
İsraildən aldığı dronlar üz-üzə gələcək: "Ermənistan və Azərbaycan aprel toqquşmalarından
sonra öz hərbi arsenalını xeyli genişləndirib. İrəvan Rusiyadan taktiki-operativ "İsgəndər”
raketlərini alıb, Azərbaycan isə İsraildən müasir dronlar alıb və Pakistandan yüksək texnoloji
silahlar almaq niyyətindədir”. Londonda yerləşən "Chatham House” İnstitutu da etiraf edib ki,
tərəflərin silah arsenalını artırması Qarabağda müharibə riskini artırır.

Dövlət başçısının bəyanatları və müharibə ehtimalı ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi
elmlər doktoru Elman Nəsirov deyib ki, Prezident cəbhə xəttində çox ciddi mesajlar verdi.
Deputatın fikrincə, bu mesajlar birbaşa Ermənistana və Dağlıq Qarabağ missiyasının həllini
üzərinə götürən həmsədrlərə ünvanlanıb: 

"Dövlət başçısı hər zaman qeyd edir ki, Azərbaycan
tərəfi münaqişənin dinc yolla həllinə sadiqdir. Ancaq danışıqlar nəticə verməyəcəyi təqdirdə
hərb yolu seçiləcək ki, bu da beynəlxalq hüququn bizə verdiyi imkandır. BMT nizamnaməsinin51-ci maddəsinə görə, torpaqları işğal edilən dövlətin fərdi və kollektiv müdafiə hüququ var.
Nizamnamənin 25-ci maddəsində açıq şəkildə yazılıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələrin icrası məcburidir. Lakin təəssüflər olsun ki, mövcud dörd qətnamə hələ də icra
olunmayıb. Bütün bunların hamısı Azərbaycanın hərbi variantla öz torpaqlarını azad etməsinə
hüquqi əsaslar yaradır. Cənab Prezidentin Horadizdə söylədiyi çıxışında əsas tezis ondan ibarət
idi ki, biz dinc yola sadiqiq, amma hərbi yolu da istisna etmirik”. 

E.Nəsirov bildirib ki, Lələtəpənin düşməndən azad olunması istənilən vaxt işə sala biləcəyimiz hərbi gücün əyani göstəricisidir: 
"Əgər ermənilər təxribatçı siyasətini davam etdirərsə, yenidən hərbi əməliyyatlar başlaya bilər. O halda Ermənistanı biabırçı məğlubiyyət gözləyir. Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır. Bunu təkcə biz yox, əcnəbi ekspertlər də etiraf edirlər. Ordumuzun
keçirdiyi irimiqyaslı hərbi təlimlərin də anlaşılan məqsədi var. Torpaqları təcavüzə məruz qalmış
bir dövlətin qoşunları hər zaman döyüşə hazır vəziyyətdə olmalıdır. Ermənistan da, onları
himayə edənlər də papaqlarını qarşılarına qoyub fikirləşməlidir. Boş bəyanatlarla münaqişəni
həll etmək mümkünsüzdür. Vəziyyətin bu cür davam etməsi "aprel döyüşlərini” təkrarlaya bilər.
Cənab Prezidentin xəbərdarlıq mesajları qarşı tərəfdə ciddi təhlil edilməlidir. Əks təqdirdə
hadisələr təhlükəli istiqamətdə cərəyan edəcək”.

İsmayıl