"Aprel döyüşü Ermənistanda köhnə rejimin bütün sütunlarını sarsıtdı" - Deputat





"Aprel döyüşü Azərbaycanın şərəf tarixi olmaqla yanaşı, Ermənistan ordusu üçün ən ağır və biabırçı savaş kimi yaddaşlara həkk oldu”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, iki il əvvəl baş vermiş "dördgündlük müharibə”də erməni rəhbərliyi o qədər ağır məğlubiyyət dadıb ki, 2 aprel tarixini yaddaşlarından silmək üçün bir il sonra həmin günə parlament seçkisi təyin edib. Məqsəd savaşın acılarını erməni ictimaiyyətinə unutdurmaq olub: 

"Lakin tale elə gətirdi ki, Sarkisyan rəhbərliyi 2017-ci ilin 2 aprelində növbəti dəfə biabırçı şəkildə məğlub oldu. Prezident İlham Əliyevin təbirincə desək, "2 aprel döyüşləri Ermənistanın onsuz da zəif olan ordusunu tamamilə dağıtdı”. Nəticədə düşmən qoşunlarının "sabun köpüyü”ndən ibarət olduğu üzə çıxdı. Reallıq odur ki, Ermənistan 2016-cı il "aprel döyüşü”ndən sonra hələ də özünə gələ bilmir. 2018-ci ildə Ermənistanda baş verən inqilabın kökündə məhz kriminal hakimiyyətin uğursuzluğu, eyni zamanda cəbhədəki ağır məğlubiyyəti dururdu. "Dördgünlük döyüş” köhnə rejimin bütün sütunlarını sarsıtdı. Məlum oldu ki, erməni ordusu haqqında uydurulanların hamısı sadəcə mifdən ibarət imiş. Azərbaycan ordusunun bir həmləsi ilə düşmənin darmadağın olması bunu sübut etdi”.

E.Nəsirov bəyan edib ki, erməni ictimaiyyəti hər ilin aprel ayında eyni narahatlığı yaşayır: 

"Düşmən tərəf anlayır ki, güclü və qüdrətli Azərbaycan ordusu ilə baş-başa gəlməsi mümkün deyil. İndiki halda orduların müqayisəsini aparmaq absurddur. Çünki Azərbaycanın Silahlı Qüvvələri ən müasir silah-sursatla, modern hərbi texnikalarla təchiz olunub. Ona görə də Ermənistan tərəfi Azərbaycan əsgərindən çəkinir, qorxur. Bir hadisəni xatırladım. 1947-ci ildə ABŞ-ın müdafiə naziri özünü xəstəxananın yuxarı mərtəbəsindən aşağı atmışdı. Özünü atanda "ruslar gəlir” deyə qışqırmışdı. Görün, rus əsgərinin amerikalılar üzərində nə qədər qorxusu olub ki, general özünü öldürəndə belə xof ürəyindən çıxmayıb”.

Parlament üzvünun sözlərinə görə, Paşinyan ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 2.5 milyard dollar vəsait ayırmaq niyyətindədir: 

"Hətta iqtisadi inqilab edəcəyini deyir. Ancaq lazım olan pulu haradan, necə tapacağını bilmir. Çünki vədləri yerinə yetirmək üçün Ermənistanda resurslar yoxdur. İrəvan hökuməti bunu ancaq ölkəni blokada vəziyətindən çıxardaraq edə bilər. Bunun yolu isə işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılmasından keçir. Erməni rəhbərliyinin işğala son qoymadan hansısa dirçəlişdən, iqtisadi inqilabdan danışması mənasızdır”.

İsmayıl