
Apteklərin özbaşınalığına son qoyulacaq
Prezident xəbərdarlıq etdi, dərmanlarla bağlı məsələ tezliklə həll olunacaq

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bir sıra ciddi məqamlara toxunub. Ölkə başçısı çıxışında dərman preparatlarının qiymətinə xüsusi diqqət yetirərək bu sahədə ciddi addımlar atılacağını, qiymətlərin kəskin şəkildə ucuzlaşacağını bəyan edib.
Prezident məsələ ilə bağlı ciddi göstərişlər verdiyini, dərman bazarındakı özbaşınalığın qısa müddətdə aradan qalxacağını bildirib: "Mənim narahatçılığım eyni zamanda dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda onu da deməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdı. Bu, əslində dözülməz bir hal idi”.
İlham Əliyev Nazirlər Kabinetinin iclasında dərman bazarındakı qiymət artımından da narazılığını dilə gətirib. "Gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.
Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq. İnsanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq”.
Prezidentin açıqlamasından sonra dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı hökumətin atacağı addımlara gəldikdə isə ekspertlər hesab edir ki, tezliklə dərman bazarında yaşanan qıtlıq və süni qiymət artımları öz həllini tapacaq.
Nazirlər Kabinetinin iclasında ölkə başçısının qaldırdığı problemin gündəmdə olan məsələ olduğunu deyən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda dərmanların qiyməti ilə məsələyə hökumət tərəfindən baxılır:
"Prezidentin dərmanların qiyməti ilə bağlı qaldırdığı məsələni müzakirə edib, qərar qəbul etmişik. Qərara uyğun olaraq Azərbaycan hökuməti normativ sənəd və qərar verməlidir”. Problemdən çıxış yolunu təklif edən millət vəkili hesab edir ki, hazırda bu problemin tənzimlənməsi üzərində işlər gedir. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Bu məsələ Milli Məclisdə müzakirə olunan zaman təklif etdim ki, dərman qiymətlərinin yuxarı həddini müəyyən edək. Yuxarı həddi müəyyən etsək, bütün apteklər biləcək ki, o qiymətdən yuxarı dərman satmaq olmaz. Aşağı neçəyə istəsələr, sata bilərlər. Bu qiymətləri yerləşdirək internet səhifələrinə, hamı məlumatlı olsun. Dərmanların qiyməti mütləq tənzimlənməlidir. Bu çox ciddi məsələdir”. Millət vəkilinin qənaətincə, manatın devalvasiyasından sonra dərmanların qiymətində də kəskin artımlar müşahidə olunur. Bununla əlaqədar cənab prezident də göstəriş verib. Çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qeyd edib ki, dövlətin bəzi hallarda qiymət tavanı müəyyənləşdirmək imkanları var: "Artıq apteklərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən xüsusi siyahı hazırlanıb. Buna səbəb isə Azərbaycanda dərmanların həddindən artıq baha qiymətə satılmasıdır. Çünki qonşu ölkələrlə müqayisədə Azərbaycanda dərman preparatları 2-3 dəfə baha satılır. Təbii ki, bütün bunlar da süni qiymət artımından irəli gəlir. Sahibkarlar əlavə gəlir əldə etmək üçün dərmanları öz qiymətindən qat-qat artığına satırlar. Bu baxımdan da dövlətin dərman bazarında qiymətləri tənzimləməsinə ciddi ehtiyac yaranıb. Güman edirəm ki, prezidentin xəbərdarlığından sonra artıq dərman bazarındakı süni qiymət artımı birdəfəlik öz həllini tapacaq”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli isə deyib ki, dərmanların qiymətinin tənzimlənməsi və aşağı salınması ilə bağlı tezliklə real addımlar atılacaq. Komitə sədrinin fikrincə, ölkədə dərmanların ucuzlaşması üçün bəzi problemlər həll olunmalı, ilk növbədə, dərmanların daxildə geniş istehsalı təşkil edilməlidir:
"Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu da təbii ki, özünü qiymətdə göstərir. Ona görə də ölkədə dərman istehsalının təşviq olunması üçün addımlar atılmalıdır. Azərbaycanda adicə yodu xaricdən gətirirlər. Halbuki onu Neftçalada da istehsal etmək olar. Bunun üçün orada lazımi baza var. Dərman istehsalı sahəsi ölkədə inkişaf etdirilməlidir. Bizim gözəl təbiətimiz var. Burada yüzlərlə dərman bitkisi bitir. Onlardan xeyli dərman hazırlamaq olar”.
Şəymən