Aqil Abbas cəbhədən xəbər verdi

"Evoğlu kəndinə ağır artilleriya qurğularından atəş açıblar, bir neçə ev yanıb"




Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aqil Abbas cəbhə bölgəsində səfərdədir. Cəbhədə baş verən hadisələrə baxmayaraq,  Ağdam rayonun Evoğlu, Qaradağlı, Zəngişalı və Mahrızlı kənd sakinləri millət vəkilinə deyiblər ki,  hər zamankı kimi fəaliyyətlərini davam etdirirlər. A. Abbas düşmən təxribatı nəticəsində zərər çəkən evlərə baş çəkib, ev sahibləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ağdam səfəri çərçivəsində ön cəbhədə döyüşən əsgərlərlə görüşən millət vəkili əsgərlərin əhval - ruhiyyəsinin çox yüksək səviyyədə olduğunu deyib: "Əsgərlərimizdə yüksək inam, döyüş əzmi var. Ordumuz hər an düşmənə sarsıdıcı zərbələr endirə bilər”.
Cəbhə xəttində baş verən proseslərlə bağlı çox  məlumatlı olduğunu deyən millət vəkili xoş xəbərləri Müdafiə Nazirliyindən gözləməyi lazım bilib: "Hər zaman Müdafiə Nazirliyinin məlumatlarına istinada önəm verdiyim üçün hələlik açıqlama verə bilmərəm. Ağdamdakı görüşlərimi başa vurduqdan sonra Ağcəbədidə Laçınlı bir şəhidin dəfn mərasimində iştirak etdim. Onu da deyim ki, erməni ordusu atəşkəs razılaşmasına əməl etmir. Cəbhəboyu atışmalar hələ də davam edir. Dünən pulemyotlardan, iriçaplı silahlardan mülki əhali və yaşayış məntəqələrini atəşə tutublar. İki nəfər ağır qəlpə yarası alıb. Kənd sakinləri ilə görüş zamanı məlum oldu ki, intensiv atışmalar zamanı təkcə Evoğlu kəndinə ağır artilleriya qurğularından atəş açıblar. Bir neçə ev yanıb. Hansı ki, həmin evlərdən biri də mənim ana nənəmə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürən zaman həmin ev yenidən atəşə tutulub və FHN əməkdaşlarından biri qəlpə yarası alıb.”.
Aprelin 5-də tərəflərin atəşkəs razılaşmasından sonra cəmiyyətin əvvəlki kimi yüksək əhval- ruhiyyədə olmadığına dair yayılan söz-söhbətlərin şaiyə olduğunu vurğulayan millət vəkili deyib ki, insanların döyüş ruhu ilk günlərdən daha yaxşıdır: "Bütün əhali Ağcabədi şəhidin dəfnində iştirak edib. Ağdamdan, Gəncədən gələn insanlar "Qarabağ" deyə hayqırır. "Şəhidlər ölməz, Vətən bölünməz” şüarı hər kəsin dilindədir. Xalqda ruh düşkünlüyü yaranıb nə deməkdir? Ordumuz, gənclərimiz, hətta qadınlarımız hər an döyüşə hazır vəziyyətdə dayanıb”.

Şəymən