Arifin adamları belə düşünür

Vurğun Əyyubu qanunsuz partiyaya qaytarıblar
Bir neçə şura üzvü rayon təşkilatı sədrindən xəbərsiz iclas keçiriblər



Müsavat Partiyasının Binəqədi rayon təşkilatı mayın 19-da keçirdiyi iclasla qurumdan xaric edilən Vurğun Əyyubu yenidən təşkilata qaytarıb. Bu barədə Şura üzvü Şamil Beydullayev məlumat verib. V.Əyyubla bağlı verilən qərarın qanunsuz olduğunu deyən Beydullayev özəyin protokolunun ləğv edildiyini və seçki orqanlarının buraxıldığını bildirib.

Vurğun Əyyubun gözlənilməz qərara münasibəti belə olub: "Binəqədi rayon təşkilatının Şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Müsavat qanunsuzluqlara baş əyməyənlərin, ləyaqəti uca tutanların, demokratik ənənələrə sadiq olanların təşkilatı olmalıdır. Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlar bunu bir daha sübut etdilər! Var olun!”.

Məsələ ilə bağlı danışan partiya başqanının müavini Elman Fəttah nizamnamədə xaric edilmiş üzvün bərpa edilməsi anlayışının olmadığını söyləyib. Onun sözlərinə görə, bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas hüquqi ola bilməz: "Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb. Nizamnaməyə görə, özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir”. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova da deyib ki, V.Əyyubun üzvlüyə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq: "Şurada özbaşınalıq baş verib. İclas rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Göründüyü kimi, orada Nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, Şuranın qərarına bir daha baxılacaq”.

İsmayıl