“Xanım Brassör prinsipcə, Avropa Şurasında indiyə qədər görülməmiş bir addım atdı”
"Ermənistana qarşı sanksiya məsələsini qaldırırsınız. Bəli, hərdən sanksiyalar da tətbiq etmək lazımdır. Amma ən vacib məsələ dialoqdur”. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri xanım Ann Brassör yaz sessiyasının birinci iş günündə çıxış edərkən deyib. Münaqişələri qətiyyətlə pislədiyini söyləyən xanım Brassör dəfələrlə tərəfləri barışdırmağa çalışdığını bildirib:
"Əlbəttə, bunun nə qədər çətin və mürəkkəb olduğunu çox gözəl başa düşürəm. Amma inanıram və bir daha bildirirəm ki, çıxış yolu yalnız və yalnız tərəflər arasındakı dialoqdur”. Ann Brassörün açıqlamasına münasibət bildirən əksər siyasilər AŞ PA sədrinin ilk dəfə olaraq Ermənistana sanksiya məsələsini dilə gətirməsini müsbət dəyərləndirsələr də, işğalçı ölkə ilə Azərbaycana bir gözlə baxılmasını tənqid ediblər.
Məsələ ilə bağlı "Şərq”ə danışan Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadə deyib ki, xanım Brassör prinsipcə, Avropa Şurasında indiyə qədər görülməmiş bir addım atdı. O, Ermənistanın sanksiyalara layiq olduğunu dilinə gətirdi: "Bugünədək Azərbaycanın sanksiya tələbləri sadəcə olaraq qulaqardına vurulurdu və hər hansı formada buna diqqət yetirilmirdi. İndi isə AŞ PA rəhbərliyi anlayır ki, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq atdığı addımların qarşılığı sanksiyalardır. Ancaq problem ondadır ki, beynəlxalq dairələr A hərfini desələr də, B hərfini deməyə cəsarət etmirlər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların rəhbərliyi Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoymağa çalışırlar. Hələ də Ermənistanın işğalçı olduğunu qəbul etmək istəmirlər. Tarixən heç bir zaman işğal edilən ölkə ilə işğalçı ölkə dialoq aparmır. Məsələ ya müharibə yolu ilə bir tərəfin qələbəsi ilə başa çatır, ya da beynəlxalq ictimaiyyət işğalçıdan torpaqların azad edilməsini tələb edir. Necə ki, vaxtı ilə Küveyti işğal edən İraqa qarşı təzyiq mexanizmini işə saldılar, eləcə də Ermənistanın zəbt etdiyi ərazilərdən çıxarılması tələb olunmalıdır”.
Millət vəkili bildirib ki, ATƏT-in Minsk Qrupu deyilən bir təşkilat var və onlar vaxtaşırı görüşlərin təşkili ilə məşğul olurlar. Bunu xanım Brassör də çox yaxşı bilir: "Ermənistanın daim konstruktiv dialoqdan qaçması və beynəlxalq hüququ tanımaması problemin indiyə qədər həll edilməməsinin əsas səbəbidir. Bu baxımdan Brassörün dialoqa çağırışı açıq qapını döymək kimi bir şeydir. Beynəlxalq ictimaiyyət bu gün dialoqun getdiyini, amma Ermənistanın buna riayət etmədiyinin fərqindədir. Hər halda hesab edirəm ki, beynəlxalq təşkilat rəhbərinin Ermənistanın sanksiyalara layiq olmasını etiraf etməsinin özü Azərbaycan diplomatiyasının növbəti qələbəsi sayıla bilər”.
İsmayıl