“Artıq istəyimizə nail olmuşuq”

Səməd Seyidov: “Komitədə Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib”



"Avropa Şurası Parlament Assambleyasının bu sessiyasında ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların heç bir istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrinin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində bu, ermənilərin yeni təbliğat cəhdi idi”.

Bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Millət vəkili bildirib ki, AŞ PA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir: "Sadəcə, imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. 171 parlamentarinin imzası ilə hazırlanan sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldı. Onlar qondarma soyqırımla bağlı AŞ PA-da heç bir

tədbir keçirə bilmədilər. Bu, ermənilərin sessiyadakı uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək, onları parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü - deputat xanımlarımız Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım qadınlara zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə uşaqlara zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyasını aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz gətirilib”.
S.Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiyada çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldovada olan münaqişələrdən fərqləndirilməməlidir: "ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş əraziləri kimi qəbul etməlidir. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə "Avropa Şurası ölkələri içərisində münaqişələr, konfliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi "Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib. Hesab edirəm ki, bu, bizim Avropadakı qələbəmizdən biridir. Dediyim kimi, ermənilərin niyyətləri isə baş tutmadı”.

Anar