Artıq məsuliyyət müəyyənləşib

Qanuna təklif olunan dəyişikliklər icbari tibbi sığortanın tətbiqinə müsbət təkan verəcək




İcbari tibbi sığorta ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır. Bununla əlaqədar Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə "Tibbi sığorta haqqında” qanuna dəyişiklik təqdim olunub. APA-nın məlumatına görə, qanunun 12-ci maddəsinə icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması təklif edilir.

Qanunun 16-cı (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) maddəsi isə dəyişdirilərək belə verilir: "Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Bəndin hazırda qüvvədə olan variantı belədir: "Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir”.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Məsələni "Şərq”ə şərh edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qanuna təklif olunan dəyişikliklər icbari tibbi sığortanın tətbiqinə müsbət təkan verəcək:

- Qanuna təklif olunan dəyişiklik icbari tibbi sığorta ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi halında konkret məsuliyyət mexanizminin tətbiqini asanlaşdırır. 

Dəyişiklik qəbul olunacağı təqdirdə müəssisə, idarə və ya təşkilat icbari tibbi sığorta ilə bağlı öhdəliyi yerinə yetirmədiyi halda, həm cərimə ödəyəcək, bununla yanaşı, həm də vəzifəsini icra etmədiyinə görə də məsuliyyət daşıyacaq. Çünki idarə və təşkilat hər ay icbari tibbi sığorta haqqı ödəməlidir. 

Sosial sığorta haqqı ödədiyi kimi. Cərimə ödəndikdən sonra müəssisə və təşkilat öz birbaşa vəzifəsini də icra etməli olacaq. Yəni, təkcə, cərimənin ödənməsi ilə məsələ bitməyəcək. Həm qanun pozuntusuna görə cərimə ödəniləcək, həm də vəzifənin icrası tələb ediləcək. 

Əvvəllər icbari tibbi sığorta şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmamışdı. İndi isə məsuliyyət artıq müəyyənləşib. İcbari tibbi sığortanın həyata keçirilməsi mexanizmləri artıq var. Mexanizmlər də var, ondan imtina edildikdə, məsuliyyət nəzərdə tutan qanun da olacaq.

Ə.Nuriyev qeyd etdi ki, hazırda icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir şəhər və rayonu və Yevlax rayonunda icra edilir. Qanuna dəyişiklik icbari tibbi sığortanın tətbiq edildiyi regionda keçərli olacaq:

- İnanıram ki, yaxın zamanda icbari tibbi sığortanın bütün ölkə boyu tətbiqinə başlanacaq. Belə olan təqdirdə artıq hüquqi baza artıq müəyyənləşmiş olacaq, bu da ümumi işin xeyrinədir. Bundan sonra işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlandıqda, orada icbari tibbi sığorta ilə bağlı şərt də əksini tapacaq.

Məlahət Rzayeva