"Artıq razılıq vermişəm"

Elxan Yunis: "Özümə maraqlıdır deyə, komediyada çəkilmək istədim"



«Vicdan haqqı»nın Kamili, əməkdar artist Elxan Yunis bu mövsüm yeni ekran işi ilə tamaşaçılar qarşısına çıxmağa hazırlaşır.

Sənətçi uzun müddətdir müxtəlif serial və filmlərdən təkliflər gəldiyini, ancaq qərar verməkdə tələsmədiyini bildirib.

Bunun səbəbi isə aktyorun özünü komediya janrında sınamaq istəməsi olub. Bu barədə «Şərq»ə danışan əməkdar artistin komediya janrında çəkilən ekran əsərlərinə maraqlı münasibəti oldu.

- Yeni mövsümdə fərqli janrda olan ekran əsərində tamaşaçı qarşısına çıxmağa hazırlaşırsız. Seriallarda adətən dramatik obrazlar oynamısız. Tamaşaçı qarşısına komik obrazda çıxmaq aktyordan cəsarət tələb etmir ki?

- "Vicdan haqqı” serialı dram janrında idi. Tamaşaçılar da məni demək olar ki, ancaq dram janrında görüblər. Əslində teatrda komik obrazlarda oynamışam. Ancaq seriallardan məni tanıyan tamaşaçı üçün bir az gözlənilməz ola bilər. Çünki məni dramatik obrazlarda görməyə adət ediblər. İstərdim özümü fərqli janrda da sınayım. Ürəyimdən keçdi ki, tamaşaçı məni başqa obrazda görsün, həm də özümə maraqlıdır deyə, komediyada çəkilmək istədim. Bununla bağlı təklif aldım. "Xəzər TV”nin yeni layihəsidir. Komediya serialıdır.

- Serialın rejissoru kimdir?

- Hələ ki, bu barədə açıqlama vermək istəməzdim. Serialın çəkilişi barədə ilk özləri danışsalar daha doğru olar. Hələ ki, adını açıqlamayaq. Amma demək istəyirəm ki, artıq razılıq vermişəm. Oktyabrın 8-dən etibarən çəkilişlərimiz başlayır. Düşünürəm ki, uğurlu bir layihə olacaq.

- Sizcə, tamaşaçı sizi belə obrazda qəbul edəcək?

- Aktyor təkcə bir janrla kifayətlənməməli, həmişə dəyişməli, özü-özünü yeniləməlidir. Bizdə bəzən komik obrazlara, komediya janrına ciddi yanaşmırlar. Çünki bunu yaradan səbəblər var. Bəzən yerli komediya janrında olan ekran əsərlərində sadəcə mənasız gülüş olur. Bu da tamaşaçıda o təəssüratı yaradıb ki, komediya ciddi janr deyil. 

Əslində komediya janrına ciddi yanaşmaq lazımdı. Dramatik obrazı yaratmaq nə qədər zəhmət və məsuliyyət tələb edirsə, komik obrazı oynamaq ondan da çətindir. İnanın bunu bir peşəkar aktyor kimi cəsarətlə deyirəm. Gülərək, güldürərək tamaşaçını düşündürmək həqiqətən peşəkarlıq tələb edir. 

Mən Gəncə teatrında səhnəyə komik obrazlarla da çıxmışam. Təsəvvür edin, sən ağlayırsan tamaşaçı sənə gülür. Obrazın tələb edir ki, ağla, ağlayırsan, tamaşaçını güldürürsən bunun üçün aktyordan böyük potensial tələb olunur. Ya da sənin obrazın tamaşaçını sadəcə güldürmək məqsədi daşımır, o gülüşlə sən tamaşaçını düşünməyə vadar edə bilirsənsə, demək ki, sən üzərinə düşən məsuliyyətin altından qalxa bilmisən. Gülüşü yaratmaq üçün bir səbəb olmalıdır. Komik obraz hadisənin səbəbini tələb edir. O səbəbi göstərə bildinsə, yaratdığın obraz uğurlu alınacaq.

- Bu gün çəkilən komediya janrında kommersiya məqsədli filmlərə münasibətiniz necədir? Bəsit gülüşə ehtiyac varmı? Axı filmlərimizdə bəsit gülüşdən başqa nəsə tapa bilmir tamaşaçı?

- Təəssüf ki, bu gün çəkilən kommersiya məqsədli bir çox komediya filmlərində yersiz gülüşlər var. Yəni sətiraltı , primitiv gülüş sənət nümayiş etdirmək üçün yetərli deyil. Sən komik obrazla da tamaşaçını düşündürməlisən. Tamaşaçı ordan pay götürməlidir. Bu baxımdan deyirəm ki, komik obrazı oynamaq heç də asan görünməsin. Bu seriala təklif alanda ssenarini oxudum. Düşündüm ki, aktyor potensialımın fərqli tərəfini də tamaşaçıya göstərə bilərəm. Ürəyimdən gələn bu oldu. Tamaşaçı məni necə qəbul edər, bunu yəqin serial ekran üzü görəndən sonra hiss edə bilərəm. Mənim üçün tamaşaçı reaksiyası da çox vacibdir.

O həmçinin, teatr aktyoru kimi də fəaliyyətini davam etdirdiyini vurğulayıb:

"Həm Yuğ Teatrında, həm də Gəncə Dövlət Teatrında da fəaliyyətdəyəm. Hər iki teatrda yeni tamaşalarımız var. Növbəti mövsümdə tamaşaçılarımız orada da məni fərqli və maraqlı rollarda görəcəklər”.

Tahirə