“Artıq yorulmuşam”

Nuriyyə Əhmədova: “Hələ də onun-bunun qapısındayam”
“İstəmərəm ki, öləndə kiminsə evindən meyitimi çıxarsınlar. Mən villa, imarət istəmirəm. Sadəcə, məskunlaşmağım üçün 1 otaqlı mənzil istəyirəm”


Xalq artisti Nuriyyə Əhmədovanın səhhəti ilə maraqlanmağa çalışdıq. Aktrisanın həyatında son illər yaşadığı üst-üstə faciələr onun səhhətinidən də yan ötməyib. "Bu gün aktrisa necə yaşayır, mətbuatın xeyli vaxtdır dönə-dönə vurğuladığı evsizlik problemi həll olundumu” sualları ilə yenidən ona üz tutduq.

Nuriyyə Əhmədova "Hələ ki, yaşayıram. Yaxşı olmağa çalışıram. Düzdür, hava ilə əlaqədar olaraq səhhətimdə də dəyişikliklər olur. Bəzən yaxşı oluram, bəzən də halım dəyişir. Dava-dərmanla birtəhər özümü saxlayıram. Mən siz jurnalistlərə, məni sevənlərə, sənət yoldaşlarıma təşəkkürümü bildirirəm. Ona görə ki, məni heç biriniz yadınızdan çıxarmırsınız... Elə bir gün yoxdur ki, telefonuma zəng gəlməsin. Təbii ki, bu cür hallar məni çox sevindirir” söylədi. Hələ də onun-bunun qapısında olduğunu dilə gətirən, artıq bundan yorulduğunu qeyd edən aktrisa "Mən həyatda çox faciələr görmüşəm. Həyat bəzən üzümə gülüb, bəzən əksinə. Sözün düzünü deyəcəyəm, artıq həyatdan doymuşam. Yaşamağa həvəs və taqətim qalmayıb. Nə vaxta kimi rəfiqələrimin evində məskunlaşmaq olar? Köçkün vəziyyətində yaşayıram. İstəmərəm ki, öləndə kiminsə evindən meyitimi çıxarsınlar. Bax, bu hal məni yandırır. Mən villa, imarət istəmirəm. Sadəcə, məskunlaşmağım üçün 1 otaqlı mənzil istəyirəm. Bəzən çox ağrıyıram, hər şeydən bezirəm. Mən axı dünyaya dərd çəkmək üçün gəlməmişəm (kövrəlir). Yolda hərdən məni görüb soruşurlar ki, Nuriyyə xanım, sizə hələ də ev verilməyib? Deyirəm xeyr, evim yoxdur. Ümid edirəm ki, bu problemim həllini tapacaq. Gec-tez. Amma nə vaxt? Bax, bunu bilmirəm. Ev üçün bir çox yerlərə məktub yazıb müraciət də etmişəm. İnanıram ki, müraciətlərim cavabsız qalmayacaq. Ana üçün övlad itkisindən böyük nə ola bilər? O dərd heç bir zaman unudulmayacaq. Qızımı itirəndən sonra həyatımda böyük bir boşluq yaranmışdı. Sevinmişdim ki, oğlum yaşayır. Onlar həmişə yadıma düşür. Elə bir gün yoxdur ki, onları yadıma salıb ağlamayım. Yeganə yaşama səbəbim kiçik oğlum Faiq və sənətimdir. Allah onu mənə çox görməsin. O, çox istedadlı uşaqdır, həm rəqs edir, həm aktyorluğu bacarır, həm də gözəl

ssenarilər yazır. Əgər aktyorluq onda yaxşı alınacaqsa, mən bir ana kimi ona yalnız dəstək olacağam. Həyatda çətin vaxtlarda yeganə çıxış yolunu ancaq sənətimdə görmüşəm. Məni yaşadan sənətim olub. Ən kədərli günlərimdə belə rollarım məni ovudub. Bir də dostlarım. Yaxşı, həqiqi dost hər kəsə nəsib olmur. Əlimi yerdən-göydən üzülmüş hesab etdiyim günlərimdə dostlarımın dəstəyi fikrimi dağıdıb, məni həyata bağlayıb. Oğlumun taleyi də mənim taleyimə bənzəyirdi. Uşaqları oldu - öldü. Oğul nənəsi olmaq mənə qismət olmadı. Gəlinim isə bu cür ailəyə dözməyib getdi. Gəlinimə qızım kimi baxırdım. O, bəxtinə yazılan həyatdan xəbərsiz idi. Hərçənd oğlum ailə sevən idi. Gərək ailənin də təməli olsun. Allah ona bir ailəni də çox gördü. Həyatda səhvsiz insan yoxdur. Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Qızımı itirəndən sonra özümü itirdim (kövrəlir). Yəqin hardasa səhvim olub. Mən sənətdə yüksəldikcə, ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam son nəfəsinə kimi aktrisa olmağıma görə məni bağışlamadı” söylədi.

Tahirə