"Aşura günündə də hər kəs həyatın axarı ilə öz işini görməlidir"





"Hər bir azad, müstəqil dövlətin öz bayrağı olduğu kimi bizim də müstəqil üçrəngli bayrağımız var. Bu bayraqda bizim həm milli-mənəvi dəyərlərimiz əks olunub, həm də dinimiz əks olunub. Bizim ölkədə qara rəngli bayraqların asılmasının nə mənası var axı? Bunlar hamısı təxribat xarakterli amillərdir”.

Bunu "Sherg.az”a açıqlamasında İlahiyyatçı Əkrəm Həsənov deyib. Aşura günündə icra edilən ayinlərə münasibət bildirən ekspert bildirib ki, qara bayraq islamın ilk dövrlərində istifadə olunurdu, lakin sonralar hər bir müsəlman dövlətin özünün xüsusi rəngli bayraqları oldu. Bizim də bütün dünya bayraqlarından gözəlliyi ilə seçilən milli bayrağımız var: 

"Məscidlərimizdən, evlərimizdən nəyə görə qara bayraq asmalıyıq? Belə bir dini göstəriş, tövsiyə, ayə, hədis yoxdur. Buna görə də ölkədə tamamilə qara bayraqlara qadağa qoymaq lazımdır. Onları asanların isə vətənə xəyanətə görə haqlarında cinayət işi açılmalıdır. 

Çünki, Vətənin bayrağını sevməyən xaindir. Bu baxımdan tamamilə qara bayraq anlayışını ölkəmizdən silib atmaq lazımdır. Xurafatçı dindarlar məscid imamları tərəfindən maarifləndirilməlidir. O ki, qaldı Aşurada küçələrə çıxmaq, insanları buna səsləmək, xaosa yol açmaq, bütün bunların da qarşısı alınmalıdır. 

Buna ehtiyac yoxdur. Aşura günü digər günlər kimi hər kəs həyatın axarı ilə öz işlərini görməlidir. Yəni, Allaha ibadət etmək, yaxşılıq etmək, savab işlər görmək bütün günlər kimi Aşura günü də daha yaxşıdır. Allah Rəsulu Aşura günündə oruc tutmağı tövsiyə edib. Bu barədə kifayət qədər mənbələrdə məlumat var. Bizdə belə bir yanlış və bilməməzlikdən, savadsızlıqdan belə bir ideologiya formalaşıb. Aşura günü heç nə etmək olmaz. 

Yəni, bir gün heç bir insan öz həyatını, görəcəyi işləri dayandıra bilməz, dayandırmamalıdır. Bəzi xurfatlara görə heç bir işə başlamaq, yuyunmaq və digər həyati əhəmiyyətli işləri görmək olmaz. Ümumiyyətlə belə bir şəriət qadağası yoxdur. Bilgisiz insanların sözünü dinləməyə ehtiyac yoxdur. 

Aşura günü digər Allahın günləri kimi həyatı əhəmiyyətli bütün işləri görmək üçün gözəl və mübarək gündür. Bunu ona görə yazdım ki, bu gün çox zənglər, mesajlar gəlir ki, Aşura günü filan, filan işləri görmək olar? Əlbəttə olar”.

İsmayıl