At, eşşək ətləri dönərxanalara verilir

Aşkarlanır, çarə tapılmır...
Hesab etmək olardı ki, bundan sonra bəlkə camaat dönərlərdən üz döndərər. Amma olmadı
Paytaxt sakinləri hər növ ət yeyir. Mal, qoyun, keçi, inək, eşşək, at... Təəccüblü heç nə yoxdu. Respublika Baytarlıq İdarəsi zaman-zaman müxtəlif növ ət məhsulları aşkarlayır. Xatırlayırsınızsa, Müşfiqabad qəsəbəsində eşşək əti aşkarlanmışdı və o da məlum olmuşdu ki, bu ətlər paytaxta - dönərxanalara satılacaqmış. Bəlkə də neçə dəfə artıq satılıbmış. Xaçmazda da buna bənzər hadisə olmuşdu. Meşədən külli miqdarda kəsilmiş heyvan baş-ayaqları tapılmışdı. Araşdırmalar zamanı həmin baş-ayaqların at və eşşəyə məxsusluğu təsdiq edilmişdi. Demək ki, həmin ətlər də əhaliyə yedizdirilirmiş.
Dəfələrlə belə halların aşkarlanmasına və buna yol verənlərin cərimələnməsinə baxmayaraq at və eşşək sevdalı bəzi vətəndaşlar əməllərindən əl çəkmir. Bu dəfə at əti Kürdəmir rayonunda tapılıb. Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin məlumatına görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.
İstər at, istərsə də eşşək və ya digər heyvan ətləri ilə bağlı rəsmi qurumların açıqlaması maraq doğurur. Dövlət Baytarlıq Xidməti həmişə bu mövqedən çıxış edir ki, hər hansı heyvanın ətinin satışına qadağa qoyulmayıb. Məsələ yalnız bundadır ki, həmin ətlər öz adı ilə satılsın. At ətidirsə, bildirilsin ki, at ətidir, eşşəkdirsə, eşşəkliyi bilinsin və s. Təbii ki, at, xüsusən də eşşək ətini camaatımız alıb yeyəsi deyil. Kim öz xoşuyla eşşək əti yeyər?! Elə buna görə də həmin ətlər əhaliyə başqa - gizli ad altında, yəqin ki, dana əti kimi sırınır.
Kürdəmirdə aşkarlanmış at əti ilə bağlı Dövlət Baytarlıq İdarəsi dünən də açıqlama yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda hər hansı heyvanın ətinin öz adı altında satışına qadağa qoyulmayıb. At əti və ya başqa bir heyvanın əti mütləq öz adı altında satışa çıxarılmalıdır. Ancaq at ətinin inək əti və ya qoyun əti adı altında satışa çıxarılması qanunsuzdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib ki, at və yaxud başqa heyvanın ətinin satışa çıxarılması üçün onlar mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında müayinədən keçirilməlidir: "At əti satışa çıxarılacaqsa, mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında heyvanın sağlam olması haqqında arayış verilməlidir. Heyvan haradan gətirilib və sair. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra onun satışına icazə verilir”.
Sallaqxanalarda daima reydlər keçirildiyini qeyd edən Y.Xanvəli qeyri-qanuni heyvan kəsiminə qarşı mübarizənin davam etdiriləcəyini söyləyib.
"At, eşşək ətləri başqa adla satılır”
Təəssüf ki, 21-ci əsrdə Azərbaycan insanı hələ də qidanın görkəminə, dadına aldanır və özünü bədbəxt edir.
Yadınızdadırsa, bundan öncə də bir neçə dəfə belə hallar olub. Müşfiqabad qəsəbəsində satış üçün nəzərdə tutulan at və eşşək əti aşkarlandı. Və bu ətlərin məhz dönərxanalara verilməsi bildirildi. Hesab etmək olardı ki, bundan sonra bəlkə camaat dönərlərdən üz döndərər. Amma olmadı. Səbəb də budur ki, bizdə nə istehlakçı və satıcı, nə də alıcı və istehlakçı mədəniyyəti formalaşıb. Məhsulun keyfiyyətinə nəzarət edən, cəld reaksiya verən qurum yoxdur. İstehlakçını müdafiə edən qanunlar zəifdir. Qanunlar elə qurulub ki, istehlakçının maraqlarına deyil, biznesə xidmət edir. Müstəqil ekspertiza yoxdur, məmurlar bizneslə məşğuldur, bazarı monopoliyada saxlayırlar. Səhər-səhər bazara get, görəcəksən ki, ağzı açılmamış qutuların üzərinə satışa icazə verən möhür vurulub. Bu hələ açılmayıb, içinə baxmamısınız, onun satışına necə icazə verirsiniz?! İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 1998-ci ildə qanun qəbul olunub, 6 dəfə düzəliş edilib, hamısı da istehlakçının hüquqlarının məhdudlaşdırılmasına xidmət edən dəyişikliklərdir. Belə olan halda at, eşşək ətinin satışa çıxarılması da təəccüblü deyil. Hazırda ən ucuz yemək dönər sayılır. Dönərin qiyməti 1 manat 20 - 1 manat 60 qəpikdir. Özünüz fikirləşin, dana ətinin 1 kiloqramı 8-9 manatdır. Qoyun əti 12 manat. Bu qiymətə təzə ət alıb 1 manat 20 qəpiyə satarlar?! Bunun çörəyi, pomidoru, soğanı, tomatı, göy-göyərtisi, mayonezi... Üstəgəl, xidmət haqqı. Bunları toplayanda dönərin hazırkı satış qiymətindən çox-çox baha qiymət ortaya çıxır. Bəs necə olur ki, dönər belə ucuzdur? Deməli, keyfiyyətsiz məhsuldan hazırlanır. Anti-sanitariya şəraitində hazırlanan bu dönərlər insan həyatı üçün öldürücüdür. Dönərxanalar başdan-ayağa mikrob mənbəyidir.
Türklər at əti yeyir
Milli Kulinariya Mərkəzinin rəhbəri, ölkənin baş kulinarı Tahir Əmiraslanov isə "Şərq”ə açıqlamasında at ətinin bir çox türk xalqlarının gündəlik qida rasionuna daxil olduğunu dedi:
- Qazaxlar, qırğızlar at südü - kumıs içirlər. Çox da dadlı içkidir. Həm faydalıdır, həm də sərinləşdirici. Orta Asiya xalqları at ətindən müxtəlif qidalar, həmçinin kolbasa hazırlayırlar. Burada söhbət ətin keyfiyyətli, sağlam olub-olmamasından gedir. Körpə dana əti alarsan, amma bilməzsən ki, heyvanda xəstəlik var. Dana, qoyun əti də zərərli ola bilər, əgər xəstə heyvanın ətidirsə, keyfiyyətsizdirsə, istifadə müddəti keçibsə. Çox vaxt heyvanı kəsib ətini günün qabağında saxlayırlar. Açıq havada ətin üstünə hər cür həşərat qonur. Bu, əlbəttə, epidemiya mənbəyidir. Əgər at əti bütün sanitar-gigiyenik tələblərə cavab verirsə, o halda həmin ətin istifadəsi insan orqanizmi üçün heç bir təhlükə yaratmır. At ətinin insan orqanizmi üçün heç bir ziyanı yoxdur. Azərbaycanlılar yeganə xalqdır ki, at ətini yemirlər. Həmin heyvanı özlərinə daha yaxın bildiklərindən onun ətindən imtina ediblər. Amma Xəzərin o tayındakı qazaxlar, türk xalqlarından olan tatarlar at ətindən, südündən gündəlik qida kimi istifadə edirlər.
Onu da qeyd edək ki, müqəddəs "Qurani-Kərim”də Rəbbimiz yalnız cütdırnaqlı heyvanların kəsilməsini və ətinin yeyilməsini halal buyurur. Bununla yanaşı, Allah-təala ehtiyac olduğu təqdirdə (!) başqa heyvanların ətindən və hətta haram buyurulmuş heyvanların ətindən
istifadə etməyə də icazə verir. Görünür, Orta Asiya xalqları üçün at kəsib yemək qoyun-keçidən daha sərfəlidir və təbii şərait də buna imkan verir. Amma bəzi müsəlmanlar Allahın bu hökmündən öz xeyirləri üçün istifadə etməyi daha üstün tuturlar. Hətta əhalini aldadıb at, eşşək ətini dana əti adı altında satıb qazanc əldə etməyi də məqbul bilirlər.
Məlahət Rzayeva