Atəş dayandırılsın, dərhal danışıqlar başlanılsın!

Həmsədrlər gəldi, Bakının rəsmi mövqeyini dinlədilər




Azərbaycan Prezidenti İlham Əliyev regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.
Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.
Görüşdə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik də iştirak edib.

Biz qarşı tərəf kimi uşaq və qadınlarla müharibə aparmırıq

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da həmsədrlərlə görüşüb. Qoşunların təmas xəttində baş verən son hadisələrlə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə Z.Həsənov düşmən tərəfindən ölkəmizin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb: "İtkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf hissi keçiririk. Biz qarşı tərəf kimi uşaq və qadınlarla müharibə aparmırıq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə əsasən, eləcə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları dayandırdıq. Amma əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi yenə də pozulmaqdadır”. Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnu özündə saxladığını bildirən nazir həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Silahlı Qüvvələrimizin məqsədi təmas xəttinə yaxın Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulmasının qarşısını almaq və həmin atəş nöqtələrinin məhv edilməsi olub. Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi tədbirlər ancaq müdafiənin ön xəttində olan qüvvələrimizin cəlb edilməsi ilə icra edilib. Müdafiə naziri döyüş toqquşmasında böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının, eləcə də müxtəlif yerlərdən cəlb edilən muzdluların silah-sursatlarını ataraq öz mövqelərindən qaçdığını bildirib. Vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Nazir bir daha qonaqların diqqətinə çatdırıb ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasındadır.

"Belə insidentə bir daha imkan vermək olmaz”

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov baş verənlərə qiymət verməyin hələlik tez olduğunu deyib. Minsk Qrupu həmsədrlərinin sabah (bugün) İrəvana səfər edəcəyini, təmas xəttinin digər tərəfində hərbçilərlə danışıqlar aparılacağını bildirən İ.Popov Ermənistan rəhbərliyi ilə görüşdən sonra yekun olaraq geniş bəyanatla çıxış edəcəklərini açıqlayıb: "Bu gün Azərbaycan Prezidenti ilə məsələni geniş müzakirə edib, onun mövqeyini dinlədik. Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyində olub, nazirin fikrini öyrəndik. Danışıqları digər tərəflə də davam etdirəcəyik.

"Danışıqlarda irəliləyişə nail olmaq üçün atəş dərhal dayandırılmalıdır”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də görüşlərdə danışıqların bərpa olunması və münaqişənin davamlı həllinin vacibliyini vurğulayıb: "Bunları Ermənistanda da deyəcəyik. Biz Prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük. Həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik. Bakıya belə mesaj gətirdik ki, danışıqlarda irəliləyişə nail olmaq, itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır. Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdır. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq”.

"Qarabağın statusunun müəyyənləşməsi lazımdır”

Uorlik bildirib ki, hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir: "Amma Qarabağın statusunun da müəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar”. Diplomat Minsk Qrupu ilə bağlı Azərbaycan xalqının məyusluğunun başadüşülən olduğunu deyib:

"Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”. Uorlik deyib ki, təmas xəttində monitorinqlə bağlı hələlik razılıq yoxdur: "Təmas xəttində monitorinqlə bağlı hər iki tərəfin razılığı olmalıdır. Onlar təhlükəsizliyi tam təmin edə bilmədiklərinə görə monitorinq keçirilməsinə dair hələlik razılıq yoxdur. O, Xankəndinə gedəcəklərini, orada "de-fakto” rəhbərliklə görüşəcəklərini də bildirib.

İsmayıl