"Atəş" səsi insanların rahatlığını pozur

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi qadağan edilsə də, hansısa yolla bazara ayaq açır
"Əgər valideynlər öz uşaqlarına bu partlayıcıların zərərli olduğunu izah edib, ondan istifadəsinin qarşısını alsa, bu mallar bizim bazarımıza az girər"



Yeni il bayramının yaxınlaşması xaricdən gətirilən tezalışan maddələrə və pirotexniki vasitələrə qarşı mübarizə tədbirlərinin artırılmasını yenidən gündəmə gətirib. İdxal olunan müxtəlif vasitələr hesabına ictimai asayişin pozulması, insanların sağlamlığının, rahatlığının və ətraf mühitin təhlükə altına alınması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı "Sədərək” ticarət mərkəzindəki mağazalardan 13 962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı, onun yaratdığı "atəş” səsləri insanların rahatlığını pozur. Halbuki, uşaqların "partladan” adlandırdığı pirotexniki vasitələrin ölkəyə gətirilməsi çoxdandır ki, qadağan olunub. Buna rəğmən, hələ də bəzi satış yerlərində bu cür vasitələri tapmaq mümkündür.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsini qadağan edib. Həmin sərəncam indi də qüvvədədir. Pirotexniki məhsulların satışı qanunla qadağandır. Hər hansı bir obyektdə partladıcı vasitələrin satıldığı aşkarlanarsa, qanunvericiliyə görə müvafiq tədbirlər görülməlidir.

Fişəng və partlayıcı vasitələrin əksər hissəsinin Çindən idxal olunduğunu vurğulayan ekspertlərə görə, bu məhsullar təhlükəsizlik normalarına cavab vermədiyindən orqanizm üçün təhlükəlidir. Partladıcı paketlərin fitilini yandırdıqdan sonra 5-6 metr kənarda dayanmaq lazımdır. Ən adi pirotexniki vasitə belə partladığı yeri zədələdiyindən, bu istər böyüklər, istərsə də kiçiklər üçün çox təhlükəlidir. Həmçinin, həmin mallardan istifadə zamanı əmələ gələn tüstünü udmaq təhlükəlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun "Şərq”ə açıqlamasına görə, qanunla qadağan olmasına rəğmən pirotexniki məhsulların ölkə bazarlarında satılması gömrük sahəsindəki boşluqlarla bağlıdır:

"Şübhəsiz ki, bu məhsullar gömrükdən qaçaqmal yolu ilə keçirilir. Biz İctimai Təşkilat olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı monitorinq keçirdik. Konkret olaraq parfumeriya sahəsində tədqiqat apardıq. İyirmiyə qədər saxta parfum satışı ilə məşğul olan mağaza aşkarladıq. Hansı ki, bu obyektlərdə ölkəyə qaçaqmal yolu ilə gətirilən kosmetik vasitələr satılır. Həmçinin də bazarın digər seqmentlərində qaçaqmal yolu ilə ölkəyə gətirilən məhsullar satılır. Bu istiqamətdə müvafiq addımların atılması üçün Nazirlər Kabinetinə təkliflər vermək qərarına gəlmişəm”.
Azərbaycan bazarında bu tip məmulatların satılmasında istehlakçıların da günah payı olduğunu vurğulayan AİB sədri deyib ki, bazarda pirotexniki vasitələrə tələb yarandığı üçün işbazlar onun ölkəyə gətirilməsində maraqlı olur. Odur ki, sadəcə inzibati tədbirlərlə bu məhsulların satışının qarşısını almaq mümkün deyil.

Məktəblər, ailələr, valideynlər arasında maarifləndirici tədbirlər keçirilməlidir:

"Bu tip məmulatların ölkəmizə daxil olmaması üçün gömrük orqanları daha ciddi mübarizə aparmalıdır. Əhali isə pirotexniki məhsulları boykot etməlidir.
Əgər valideynlər öz uşaqlarına bu partlayıcıların zərərli olduğunu izah edib, ondan istifadəsinin qarşısını alsa, bu mallar bizim bazarımıza az girər.

Bir neçə il əvvəl bu partlayıcı bir qızın başına düşmüşdü və o, ağır yaralanmışdı. Dekabrın 31-i gecəsi gözümün qabağında pirotexniki vasitədən 4 otaqlı evin yandığına şahid olmuşam. Hadisə Bəşir Səfəroğlu küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib. Bundan əlavə insanlar qəfil partlayış səsindən qorxur, stres keçirib xəstəlik tapırlar”.

Şəymən