Atəşkəs birinci hədəfdir

“Normand dördlüyü”ndən gözləntilər var



Fransanın xarici işlər naziri Loran Fabius "Normand dördlüyü”nün (Ukrayna, Rusiya, Almaniya və Fransa) fəaliyyətindən danışıb. Diplomat bildirib ki, Aprelin 13-də, Berlində dördlüyün XİN
rəhbərlərinin növbəti görüşü baş tutacaq. Onun sözlərinə görə, tərəflər Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsini müzakirə edəcəklər.

Görüşü şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, sözügedən dördlük işlək mexanizmə çevrilib. Ekspertin qənaətincə, MİNSK-2 sazişindən sonra az da olsa, atəşkəsə riayət olunur: "Doğrudur, lokal atışmalar davam edir. Amma genişmiqyaslı qızğın toqquşmalar müşahidə olunmur. Bu mənada sözügedən razılaşmanı irəli doğru atılmış addım hesab etmək olar”.

Ekspertin fikrincə, hədəfə nail olmaq üçün bu cür görüşləri davam etdirmək lazımdır: "Müsbət dəyişikliklərə müvəffəq olmaq üçün atəşkəsə ehtiyac var. Məsələni həll etmək lazımdır. Bəli, birinci mərhələ başa çatdı. İndi görünür, növbəti mərhələyə start veriləcək. Yeni mərhələyə görə, Ukrayna öz qoşununu sərhəddə yerləşdirməlidir. Bununla yanaşı, Kiyev konstitusiyasında islahatlar aparılmalıdır. Donbas vilayətinə geniş muxtariyyət verilməlidir. Növbəti görüşdə bu məsələlər ətrafında müzakirələr açılacağını güman edirəm. Həmin məsələlərin icrası istiqamətində mexanizmlər artırılacaq”.

Ayyət Əhməd