Atəşkəs imzalandı, biz gücləndik
Bu, Azərbaycana siyasi, iqtisadi və hərbi cəhətdən öz qüvvələrini formalaşdırmaq imkanı verdi
Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 21 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılıb.
Bir növ siyasi müraciət olan və hüquqi xarakter daşımayan bu protokolun imzalanmasından 21 il ötsə də, qoşunların təmas xəttində erməni qüvvələrinin müntəzəm təxribatları davam etməkdədir. Atəşkəsin mütəmadi pozulması nəticəsində indiyə qədər hər iki tərəfdən xeyli sayda əsgər və mülki şəxs həyatını itirib. Ona görə də atəşkəs sənədinin imzalanması ilə bağlı ictimaiyyətdə fərqli iddialar mövcuddur.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, atəşkəsin imzalanması Azərbaycana siyasi, iqtisadi və hərbi cəhətdən öz qüvvələrini formalaşdırmaq imkanı verdi. Ən önəmlisi isə düşmənin hansı cəbhədə və cinahda yerləşdiyini aydınlaşdırmağa şərait yaratdı: "1990-cı illərin əvvəllərində ölkədə yaranmış daxili cəbhələr, milli qarşıdurmalar dövlətin və millətin varlığına təhlükə yaradırdı. Bu mənada ümummilli lider Heydər Əliyevin 1994-cü ildə atdığı addım Azərbaycanın dövlət olaraq qorunması məqsədini güdürdü. Atəşkəsin imzalanması ilə biz ilk növbədə nizami ordu formalaşdırmaq imkanı qazandıq. Nəzərə alın ki, o zaman silaha sarılan, qeyrətlə, mərdliklə torpaqlarını müdafiə edən insanların böyük əksəriyyəti ayrı-ayrı şəxslərin, siyasi təşkilatların çevrəsində qərarlaşmışdı. Onları bir orqana, vahid mərkəzə tabe etdirmək qeyri-mümkün idi. Bütün hallarda müharibələr pulla, iqtisadiyyatın gücü ilə aparılır. Amma həmin dövrdə Azərbaycanda iqtisadi güc deyə bir şey yox idi. Sənədin imzalanması güclü iqtisadiyyatın yaradılmasına şərait yaratdı. Həmçinin, o vaxt neft uğrunda aparılan "savaşla”, Qarabağ torpaqları uğrundakı döyüş sinxrom olaraq gedirdi. Azərbaycan bir sahədə sabitlik əldə etməliydi ki, digər məkandakı problemləri çözə bilsin. Məhz atəşkəsdən sonra beynəlxalq neft müqavilələrini imzalamaq mümkün oldu. Təbii ki, müharibə gedən şəraitdə hansısa beynəlxalq qüvvələrin Azərbaycana kapital qoyması, maraq göstərməsi qeyri-mümkün idi”. Deputatın sözlərinə görə, atəşkəsdən sonra Azərbaycanda normal dövlət və vətəndaş quruculuğu start götürdü: "Azərbaycan 21 illik atəşkəs rejimindən maksimum dərəcədə yararlandı və öz mövqelərini möhkəmləndirdi. Biz humanitar fəlakətdən çıxa bildik. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizi normal yaşayış yerləri ilə təmin etdik. Həmçinin, Azərbaycan öz müttəfiqlərini artırdı. Axı müharibə təkcə tankla, top-tüfənglə aparılmır, siyasi cəhətdən tərəfdaş tapmaq da mühüm məsələdir. Ona görə də indi atəşkəsin mütəmadi pozulması 1990-cı illərdəki kimi bizi narahat etmir. Tam əksinə, artıq narahat olan tərəf təcavüzkar Ermənistandır”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev də bildirib ki, atəşkəsin imzalanması Azərbaycanın güclənməsi üçün şərait yaratdı: "Ulu Öndər müharibə vəziyyətini düzgün analiz edərək sazişin imzalanmasına nail oldu. Baxmayaraq ki, keçmiş hakimiyyət ölkədə xaos, qeyri-stabil vəziyyət, dağınıq ordu, məhv olmuş iqtisadiyyat qoymuşdu, amma H.Əliyev bütün bu problemləri həll edərək uğurlu imzaları ilə yaddaşlarda qaldı. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan gücləndi, inkişaf etdi, dünyadakı mövqeyini möhkəmləndirdi. Təcavüzkar ölkəyə onların dili ilə deyil, məntiqlə, irimiqyaslı iqtisadi və enerji layihələrini gerçəkləşdirməklə cavab verildi. Bununla da Ermənistan bölgədən tamamilə təcrid olundu. Nəticədə isə bu gün Ermənistanda səfalət və yoxsulluqdan başqa bir mənzərə qalmadı. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı. Bunun əksinə Azərbaycan dövləti enerji layihələrindən qazandığı böyük maliyyə hesabına güclü ordusunu qurdu və bölgənin lider dövlətinə çevrildi”.
A.Əliyev atəşkəs dönəmində beynəlxalq təşkilatların Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoymamasını tənqid edib: "ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turistik səfərləri bu qurumun əhəmiyyətsiz olduğunun göstəricisidir. Onların bu cür fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verərsə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək”.
İsmayıl