Atəşkəs pozulur, düşmən itki verir
Dilənçi vəziyyətinə düşən Ermənistan aqibətinə addım-addım yaxınlaşır
Son günlər cəbhə xəttində düşmən Ermənistanın təxribatları artır. Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən tərəfi böyük itkilər versə də, təxribatlardan əl çəkmək niyyətində deyil. Cəbhə xəttində baş verən gərginlik isə öz növbəsində Qarabağda müharibənin yenidən alovlanma ehtimalını hər gün bir az daha artırır.
Millət vəkili Elman Məmmədov isə hesab edir ki, qoşunların təmas xəttində formal olan atəşkəs deyilən bir rejim elan olunub. Gündəlik müharibə davam edir, iki ordu üz-üzə durub: "Azərbaycan ordusunun qarşısında da ərazilərini işğal etmiş işğalçı erməni dövlətinin ordusu dayanıb. Onlar vaxtaşırı müxtəlif istiqamətlərə hücum təşkil etmək, təxribat qrupları göndərməklə məşğuldur. Bu gün cəbhədə gərginlik yaratmaq hərbi cani Serj Sarkisyan və ətrafında olan komandanın apardığı siyasətin tam iflasa uğraması nəticəsində dağılıb dilənçi vəziyyətinə düşmüş cəmiyyətin bir növ diqqətini yayındırmaq məqsədi daşıyır. Guya, ictimaiyyətin diqqətini ölkədaxili vəziyyətdən yayındırmaqla hakimiyyətlərini qorumaq məqsədi güdürlər.
Müharibə şəraitində təbii ki, biz də şəhidlər veririk, yaralılarımız olur. Ancaq tam əminliklə deyirəm ki, düşmən tərəfi bizim verdiyimiz şəhidlərdən 8-10 dəfə çox itki verib. Düşmən layiqli cavabını alıb, yerində oturdulur. Düşmən ordusunun öz gücünə qalsa, onlar bir saat belə olsun, o mövqeydə dayana bilməz. O əsgəri geyindirib, qidalandırıb, silahlandıran, o mövqelərdə saxlayan maraqlı qüvvələr və dövlətlər var. Çünki hər atılan güllə puldur. Pul da bu gün erməni dövlətində yoxdur. Azərbaycan hər yerdə olduğu kimi cəbhə bölgəsində də sözünü deyir, düşmənə layiqli cavabını verir. İnşallah, ordumuz işğal olunmuş torpaqlarda qələbə marşını çalacaq”.
Hərbi ekspert Azad İsazadənin qənaətincə isə atəşkəs rejiminin pozulması yeni deyil. Onun sözlərinə görə, cəbhədə gərginlik 2014-cü ilin yayında başlayıb və hələ də davam etməkdədir: "Həmin vaxt erməni tərəfi hansısa məqsədlərə nail olmaq istəyirdi, lakin Azərbaycan ordusu buna imkan vermədi. İndi də faktiki olaraq hər gün cəbhədə atəşkəs pozulur. Mən bunu daha çox regionda gedən proseslərlə əlaqələndirirəm. Bildiyiniz kimi, regionda son bir ildə vəziyyət mürəkkəb olaraq qalır. Rusiya-Ukrayna münasibətləri gərgin fazadadır. Demək olar ki, təhlükəsizlik sistemi pozulub, ortada olan razılaşmalara əməl edilmir. Yəni təhlükəsizlik sistemi faktiki olaraq mövcud deyil. Dünyada yazılan və yazılmayan təhlükəsizlik faktorları var idi. Bu məsələdən Ermənistan da öz aləmində yararlanmaq istəyir. Çalışır ki, regionda öz üstünlüyünü göstərsin. Azərbaycan ordusu erməni tərəfinin addımlarına münasib cavabı verdiyinə görə, genişmiqyaslı hərbi əməliyyatlar başlamayıb. Sadəcə olaraq ermənilər vəziyyəti gərginləşdirirlər ki, nəsə əldə edə bilsinlər”.
Hazırda dünyada nizamsızlıq hökm sürdüyünü vurğulayan ekspert deyib ki, üstəlik, Rusiya-Ukrayna münasibətləri də kəskindir və faktiki olaraq Ukraynada müharibə gedir: "Belə məqamda Cənubi Qafqaz regionunda yenidən alovun qalxması daha pis olardı. Bu mənada beynəlxalq təzyiqdən çox şey asılı olacaq. Həm də indiki məqamda Azərbaycan ordusunun düşmənə verdiyi cavablardan da çox şey asılıdır. İndi cəbhədə genişmiqyaslı əməliyyatların başlamamasına səbəb bizim hərbçilərin cəbhə boyunca boşluq nümayiş etdirməməsidir. Əgər erməni tərəfi boşluq tapsaydı, bundan ciddi şəkildə faydalanardı. Məsələn, erməni tərəfi onların hərəkətinə qarşılıq olaraq vurulan helikopteri hələ unutmayıb. Şübhəsiz ki, qisas almaq istəyirlər, amma orumuz öz ehtiyatını əldən vermədiyi üçün hər dəfəsində təxribatları uğursuzluğa düçar olur”.
A.İsazadənin sözlərinə görə, erməni tərəfi cəbhədə vəziyyəti gərginləşdirməklə danışıqlar prosesində hansısa üstünlüyə, güzəştlərə nail olmaq istəyir. Amma bu, mümkün olmayacaq: "Son zamanlar Azərbaycan ordusunda xeyli müsbət işlər görülüb. Üstəlik, silah-sursat, hazırlıq baxımından irəliləyişlər var. Əlbəttə, Azərbaycan ordusu çox rahat halda erməni ordusu ilə bacara bilər. Sadəcə bunun üçün siyasi-diplomatik dəyişikliklərə nail olmaq lazımdır. Bunun üçün də, ən azından Rusiya və digər ölkələrin müharibə şəraitində bitərəf qalmasına nail olunmalıdır. Azərbaycan tərəfi diplomatik yollarla da mübarizəsini davam etdirir. Bütün diplomatik səylər güc mərkəzlərini neytrallaşdırmağa yönəlməlidir ki, onlar problemi həll edən zaman bizə mane olmasın. Bu istiqamətdə də məsələ düşünüldüyü kimi sadə deyil. Biz, bir güc mərkəzi ilə yaxınlaşanda, onun bitərəfliyini təmin edəndə, təbii ki, digər güc mərkəzindən uzaqlaşmalı oluruq. Bu zaman onun təzyiqləri ilə rastlaşa bilərik. Yəni, bunlar sadə məsələlər deyil”.
Şəymən