ATƏT sədrinin İrəvanda girovların məsələsini qaldıracağına inam var

Amma bu çağırışın müsbət nəticə verəcəyi inandırıcı görünmür




ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracaq. Bu barədə Daçiç xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Amma Daçiçin verdiyi söz ölkə ictimaiyyəti tərəfindən səmimi qəbul olunmayıb.

Çünki əksəriyyət hesab edir ki, ATƏT sədri münaqişə və girovlarla bağlı qeyri-müəyyən fikirdədir. Məsələni şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Daçiçin söz verdiyi kimi Ermənistanda məsələni qaldıracağına ümid etmək olar. Amma bu çağırışın müsbət nəticə verəcəyi inandırıcı görünmür: "Məncə, ATƏT-in sədri Minsk Qrupunun həmsədrlərindən iri ranqlı deyil. Çünki qrupdakı üç həmsədr dünyanın güclü dövlətlərini təmsil edir. Bildiyimiz kimi, bu günə kimi ABŞ və Rusiya faktiki olaraq girovların azadlığı ilə bağlı Ermənistana müraciət ediblər. Amma bu çağırışlar və bəyanatlar səmimi deyildi. Onlar Ermənistana təzyiq göstərmək istəmirlər. Əgər istəsəydilər, işğalçı dövləti çox asanlıqla sülhə məcbur edərdilər. Deməli, həmin dövlətlərin hamısı birbaşa və ya dolayı yolla Ermənistanın tərəfindədir”. A.Nağı bildirib ki, indiki status-kvo Rusiya ilə yanaşı, Qərb dövlətlərinin də maraqlarına uyğundur: "Qərb dövlətləri xristian ölkəsi olan Ermənistanın regionda güclənməsində maraqlıdırlar. Bu səbəbdən onlar girovlar məsələsinə xırda problem kimi baxırlar. Başqa məsələlərdə də ATƏT prinsipial mövqe tutmur. Daçiç mətbuat konfransında çox qeyri-ardıcıl və zəif mövqedən çıxış etdi. O, Serbiya rəsmisi kimi Azərbaycanın ərazi

bütövlüyünü dəstəkləsə də, ATƏT-in sədri olaraq qeyri-müəyyən ifadələr səsləndirdi. Daçiç formal olaraq Ermənistanda girovlarla bağlı məsələni gündəmə gətirsə belə, ermənilər yüzlərlə bəhanə gətirərək mövzudan yayınmağa çalışacaqlar. Bu baxımdan inanmıram ki, ATƏT-in sədri ciddi şəkildə məsələnin üzərində dursun”.

İsmayıl