Avronun çöküşü realdır

Ekspertlər iddia edir ki, martdan sonra bir avro bir dollara bərabər olacaq




ABŞ-ın Avropa Birliyində səfiri olması gözlənilən Ted Malloch, avronun önümüzdəki 1-1,5 il içərisində çökə biləcəyini söyləyib.

Malloch, BBC-yə verdiyi açıqlamada, avro pul vahidinin ciddi problemləri olduğuna diqqət çəkərək, "Avronun gerçək problemləri var. Avro, önümüzdəki 1-1,5 il içərisində çökə bilər. Mən olsam, 2017-ci ildə avrolarımı satardım” - deyə danışıb.

Malloch, İngiltərənin ABŞ-la ticarət əlaqələrinə AB tərəfindən icazə verilməməsinin "axmaq” olduğunu ifadə edib.

Ted Mallochun yaxın zamanda ABŞ prezidenti Donald Tramp tərəfindən ABŞ-ın AB-dəki səfiri vəzifəsinə təyin edilməsi gözlənilir.

Məsələyə münasibət bildirən Natiq Cəfərli avrozonda gedən proseslərin tamamilə fərqli olduğunu bildirib. Ekspert həmçinin, son bir ildə dollar indeksinin dünyada kəskin bahalaşmasının müşahidə olduğunu diqqətə çatdırıb: 

"Üç ayda isə bu bahalaşma daha da sürətlənib. Hətta dollar indeksi dünyada 101 punktu keçdi. Bu son illərdə ən yüksək nəticədir. İngiltərənin Avropa Birliyindən çıxması, Breksitdən sonra yaranacaq vəziyyət və mart ayından artıq proses başlaması diqqət mərkəzindədir. Bundan sonra digər bölgələrdə də buna bənzər addımların atılmasına hazırlıq işləri gedir. Məsələn, Fransa prezidentliyinə namizəd xanım Le Pen əgər seçkilərdə qalib gələcəksə, Fransanın da AB-dən çıxarılacağı haqqında bəyanatlar verib. İtaliyada çox ciddi bir proses başlayıb, hərəkatlar yaranıb. İtaliyanın da AB-dən çıxmasını dəstəkləyən ciddi bir qüvvələr meydana çıxıb. Yəni bu siyasi proseslər nəticə etibarı ilə AB-nin təməlinə ziyan vurur. Bu ziyan nəticəsində təbii ki, AB-nin iqtisadiyyatına da, o cümlədən vahid valyutası olan avroya da ziyan dəyməsi il ərzində daha da güclənə bilər. Əgər mart ayında
başlanacaq Breksitdə daha kəskin qərarlar alınacaqsa və AB ilə Britaniyanın ayrılması çox kəskin ssenari ilə gedəcəksə, bu təbii ki, avro və funt sterlinqə ziyan vuracaq. Bu nöqteyi-nəzərdən Avropada gedən proseslərdə siyasi popurizmin önə çıxması gələcəkdə avrozonanın iqtisadiyyatına, o cümlədən vahid valyutasına ciddi ziyan vura bilər. Amma daha da kəskin bir fəlakətlərə gətirib çıxara biləcək addımlar olmasa, avronun dollar qarşısında bu il ərzində maksimum politet təşkil edəcəyini, yəni bir dolların bir avroya bərabər olacağını gözləmək mümkündür. İndi bir dollar yeddi sent - bir avroya bərabərdi. Bu politet yaransa çox güman ki, mart ayından sonra dollar və avro bərabərliyini görəcəyik. Amma orta və uzaq perspektivdə əgər doğrudan da AB ölkələrində millətçi təmayüllü və AB-dən çıxmağı özünün proqramına salan siyasi qüvvələr ard-ardına seçkilərdə qalib gəlsələr, bir neçə ildən sonra AB-nin taleyi təbii ki, şübhə altına düşəcək. Beləliklə birliyin bu formada fəaliyyət göstərməsi öz effektivliyini itirə biləcək”.

Yeganə Bayramova