Avropa Oyunları dünya mediasında...

Bəhruz Quliyev: “İndiki şəraitdə jurnalistlərin boynuna ağır yük düşür”



(əvvəli ötən sayda)

Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının xarici mətbuatda və sosial şəbəkələrdə müzakirəsi göstərdi ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Həm dünya mediasında, həm də çoxsaylı sosial şəbəkələrdə xarici auditoriya və idman ictimaiyyəti Avropa Oyunları haqqında yüksək fikirlər və rəylər bölüşməkdə davam edirlər. Artıq "Twitter”də açılan "Bakı 2015” adlı haştaq dünya trendində top onluğa düşüb.

Azərbaycan mediası və ictimaiyyəti tərəfindən aparılan ardıcıl və qətiyyətli fəaliyyət nəticəsində anti-Azərbaycan şəbəkəsi və dünya erməni lobbisi tərəfindən mediada dərc olunan qərəzli və yanlış yazılar, Azərbaycana qarşı aparılan kampaniyalar fiaskoya uğradı. Oyunların açılışı günü

və sonrasında anti-Azərbaycan dəstələrin mətbuatda və sosial şəbəkələrdə üstünlüyü ələ almasına imkan verilmədi. Dünya mediasında Azərbaycan və Avropa Oyunları haqqında həqiqəti əks etdirən pozitiv xəbərlər mütləq mənada üstünlük təşkil etdi. Təkcə "Bakı 2015” haştaqı adı altında ingilis dilində 10 minə yaxın müxtəlif tvit paylaşıldı. Anti-Azərbaycan qüvvələrin "eksperti” Ketti Piars öz profilində məğlubiyyətlərini etiraf etdi. Lakin Böyük Britaniya mediasının açılış mərasiminə münasibəti təsdiq etdi ki, onların qarşılarına qoyduqları əsas vəzifə nəyin bahasına olursa olsun, Birinci Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salmaqdır. Dünyaya sülh mesajı verən möhtəşəm açılış mərasimi bitər-bitməz Britaniyanın "BBC”, "The Guardian”, "Daily Telegraph”, "The Daily Mail”, "The İndependent”, "Sundy Times” və s. media orqanlarında Azərbaycan əleyhinə qərəzli və əsassız iddialarla dolu materiallar yer almağa başladı. Bununla Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatı bir daha xüsusi tapşırıq əsasında fəaliyyət göstərdiyini isbatladı. Lakin Britaniyadan fərqli olaraq, dünyanın aparıcı KİV-lərinin Oyunlar haqqındakı obyektiv rəyləri ingilis mediasını təklədi. Dünya mediasının ümumi rəyi belə oldu ki, Azərbaycan ilk Avropa Oyunlarının açılış mərasimi ilə aşılması mümkünsüz standartlar müəyyən edib. Bununla da yarışların Azərbaycanda keçirilməsi qərarı veriləndən iyunun 12-dək aparılan bütün kampaniyalar nəticəsiz qaldı. Azərbaycan dövlətinin və xalqının qətiyyəti, iradəsi sayəsində Birinci Avropa Oyunları baş tutdu və hazırda uğurla davam etməkdədir. Yarışda iştirak edən bütün ölkələr, hətta Ermənistan belə təşkilatçılıqdan və göstərilən münasibətdən razılığını ifadə edir. Azərbaycan təmkinlə və qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atdı və adını tarixə yazdı. Bu, Azərbaycan dövlətinin və xalqının böyük uğurudur. Artıq əksər xarici media qurumları dərc etdikləri materiallarda Azərbaycanın təşkilatçılığı və ölkədəki mövcud durum haqqında sifarişli dezinformasiyalar deyil, gördükləri həqiqəti, reallığı yazırlar.

Ötən gün Fransanın "www.francsjeux.com” idman saytında "Bakı tarix yazdı” başlıqlı məqalə dərc olunub. Yazıda bütün Azərbaycan xalqının ilk Avropa Oyunlarına dəstək verdiyi bildirilib: "Bu yarış tarixdə qalacaq. Fikir verin, Afrika ölkələri özləri üçün Afrika Oyunları, Asiya ölkələri isə Asiya Oyunları təşkil edir. Avropa ölkələrində isə belə bir yarış keçirilmirdi. Lakin sonradan bununla bağlı təşəbbüs gündəmə gəldi və onun təşkili Azərbaycana həvalə olundu. Prosesləri üzərinə götürən Bakı işlərin öhdəsindən lazımınca gəldi. Əlbəttə, burada milli səfərbərlik də çox mühüm rol oynadı. Bütün Azərbaycan xalqı buna dəstək verdi.

Yarışa 150 Olimpiya, 200-ə yaxın Dünya çempionunun qatılması Oyunların çox böyük önəmə malik olmasının göstəricisidir”.

Almaniyanın "Berlinertageszeitung” qəzeti xarici medianın ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumlarını tənqid edib. Məqalədə bildirilib ki, son həftələr bəzi xarici mətbuatda qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı çoxalıb. Bütün bunlar Azərbaycanı qaralama kampaniyasının tərkib hissəsidir. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Azərbaycan 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərinə də aiddir”. Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının yanlış olduğu da qeyd olunub: "Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin, 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan "Yeni Müsavat” və "Azadlıq” gündəlik ən böyük tirajla çap olunur. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayiş dinc və insidentsiz ötüşür”.

Məqalədə Azərbaycanın iqtisadi inkişafından da bəhs olunur: "Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapır”.

Aydındır ki, Oyunlar müddətində idman yarışlarının anbaan işıqlanıdırılmasında, xüsusən qərəzli yazılara cavab verməkdə əsas məsuliyyət Azərbaycan mediasının üzərinə düşür. Ötən müddət
ərzində Azərbaycanda fəaliyyət göstərən əksər media qurumları müxtəlif arenalarda və fərqli saatlarda keçirilən idman yarışlarını operativ və obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdırmağa çalışır. Ancaq bəzi xarici, hətta bir sıra yerli media qurumları Azərbaycan əleyhinə yazılar tirajlayaraq, ictimaiyyəti yanıltmağa səy göstərirlər. Bu baxımdan Azərbaycan mətbuatının üzərinə mühüm öhdəlik düşür. Belə ki, Azərbaycan KİV-ləri mütəmadi olaraq Avropa Oyunlarını işıqlandırmaqla yanaşı, həm də mötəbər tədbiri qaralamağa çalışan "media qurumlarını” zərərsizləşdirməlidir. Bəs, görəsən, yerli KİV-lər bunun öhdəsindən gələ bilirmi? Ümumiyyətlə, Azərbaycan mediasının Oyunlar müddətindəki fəaliyyətini, operativliyini qənaətbəxş hesab etmək olarmı?

"Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycan idmançılarının və o cümlədən vətəndaşlarımızın mənəvi-psixoloji durumu çox yüksək səviyyədədir. Həmin mənəvi-psixoloji ruh eyni zamanda ölkə mətbuatına da sirayət edir: "Azərbaycan təmsilçilərinin qazandığı çoxsaylı mükafatlar, qızıl medallar idman ruhunun yüksəlişinin nəticəsidir. Onların ruh yüksəkliyi, formalaşan gözəl ab-hava bütün ictimai təbəqələrə, o cümlədən də Azərbaycan jurnalistikasına müsbət təsir edir. Bu gün Azərbaycan mediası öhdəliyinə düşən işi layiqincə yerinə yetirir. Kiçik qüsurları, Azərbaycanı istəməyən qüvvələrə xidmət edən bəzi saytların yaydığı yanlış informasiyaları çıxmaq şərti ilə demək olar ki, hər şey çox yüksək səviyyədədir. Bilirik ki, Azərbaycana qarşı qərəzli münasibət hər zaman olub. Həm möhtəşəm Avropa Oyunlarının keçirilmə ərəfəsində, həm də yarışların getdiyi müddət ərzində bir sıra beynəlxalq təşkilatlar ölkəmizə qarşı "qara piar” kampaniyası aparırlar. Təəssüflər olsun ki, bəzi yerli mətbuat orqanları da onlara rəvac verirlər və hansısa formada ortaya çıxan neqativ, texniki qüsurları şişirdərək ictimaiyyətə təqdim edirlər. Amma onların sayı çox deyil, ölkədə vur-tut bir-iki qərəzli fəaliyyət göstərən informasiya portalı var. Onlar müxtəlif dövrlərdə olduğu kimi bu gün də öz "ənənələrinə” sadiq qalaraq işlərini davam etdirirlər”.

Baş redaktorun sözlərinə görə, mediamızın ümumi mənzərəsi onu deməyə əsas verir ki, Azərbaycan KİV-i Avropa Oyunlarını dünyaya möhtəşəm şəkildə təqdim etməyi bacarır: "Sözsüz ki, bizim öhdəmizə düşən əsas vəzifə reallığı obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmaq, maarifləndirməni düzgün aparmaqdır. Əlbəttə, görülməsi zəruri olan digər işlərimiz də var. Ancaq Oyunlar başlayandan indiyə kimi mediamız öz vəzifəsinin öhdəsindən gələ bilib. Fikrimcə, belə bir dövrdə mətbuat iki istiqamətdə işləməlidir. Birinci, Azərbaycan reallığını lazımi səviyyədə obyektiv olaraq təqdim etməli, ikincisi isə ölkəmizə qarşı olan mənfi və qərəzli yazılara adekvat cavab verməlidir. Bunlar bilavasitə mətbuatın müasir öhdəliyi və ümdə vəzifəsidir. Demək olar ki, bütün Azərbaycan mediası dəfələrlə bir sıra xarici mətbuatda dərc olunan neqativ yazılara dərhal reaksiya verir və onları yerində otuzdurur. Fikir verdinizsə, bəzi media quruluşlarında guya jurnalistlərin və ya idmançıların biri-biri ilə dalaşması haqqında yanlış informasiyalar yayıldı. Amma vicdanlı mediamız həmin xəbərlərin düzgün olmadığını, yayılan video-görüntülərin və fotoların əcnəbi ölkələrə aid olduğunu üzə çıxardı. Mediamız bir daha sübut etdi ki, belə kiçik fırıldaqlarla möhtəşəm bir tədbirin əhəmiyyətini azaltmaq mümkün deyil. Bu baxımdan indiki şəraitdə jurnalistlərin boynuna ağır yük düşür”.

B.Quliyev deyib ki, Azərbaycan mətbuatı qərəzli qüvvələrə operativ cavab verməyə hazırdır: "Hesab edirəm ki, istər sıravi vətəndaş olsun, istər jurnalist, fərq etməz, hamı Vətən və millət qarşısında öz mənəvi borcunu dərk etməli və bu istiqamətdə çalışmalıdır. Bilirsiz ki, Avropa Oyunlarında könüllülər də fəaliyyət göstərir. Onların hər birinin ətrafında böyük sosial şəbəkə qrupları var. Eyni zamanda jurnalist təşkilatlarının ətrafında böyük qruplar fəaliyyət göstərir. Bütün bu vasitələrdən istifadə edərək həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı, qərəzli yanaşmaları çürütməliyik”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb