“Avropa Oyunlarında ən azı bir dəst medal gözləyirik”

Yaşar Bəşirov: “Karateçilərimiz sonuncu hazırlıq məşq toplantısı keçirmək üçün Qəbələyə gediblər”



"Biz ilk Avropa Oyunları ilə yanaşı, İslam Oyunlarında, Tələbələr üzrə Dünya Çempionatında Azərbaycanı təmsil edəcəyik. Avropa Oyunlarında karate üzrə 12 idmançı ilə yarışlara qatılacağıq”. Bu barədə Avropa Oyunlarında karateçilərimizin iştirakı ilə bağlı "Şərq”ə danışan Milli Karate Federasiyasının prezidenti, Dünya kubokunun 2-qat qalibi, dünya və Avropa çempionu, Əməkdar məşqçi, 8-ci dan qara kəmər ustası Yaşar Bəşirov məlumat verib.

Y.Bəşirov idmançılarımızın kata və kumite üzrə tatamidə döyüşəcəklərini söyləyib: "Avropa Oyunlarında ümumilikdə 6 qız və 6 oğlan olmaqla 12 karateçimiz iştirak edəcək. Onlardan 5 oğlan və 5 qız kumite, digər bir qız və bir oğlan isə kata növü üzrə çıxış edəcək. Ən gənci 19 yaşlı Ukrayna əsilli milliləşdirilmiş İrina Zaretskayadır. Komandanın ən yaşlısı isə bizdə bir nömrə sayılan 30 yaşlı Rəfael Ağayevdir”.

Federasiya rəhbəri bütün komanda üzvlərindən qələbə gözləyir: "Xüsusilə də (75 kq) Rəfael Ağayevdən, Niyazi Əliyevdən (67 kq), Ayxan Mamayev (84 kq) və Şahin Atamova (84 kq) ümidlərimiz böyükdür. Kata üzrə də Dünya və Avropa çempionu İrina Zaretskaya da nəticə müsbət göstərə bilər. Ümumilikdə adlarını çəkdiyim karateçilər Dünya və Avropa yarışlarında illərdir öz güclərini göstərən idmançılardır. Bu gün də komanda şəklində Avropa çempionudurlar. Ən azı komandadan qızıl, gümüş və bürüncdən ibarət bir medal dəsti gözləyirik. Lakin çalışacağıq ki, qalib gələrək daha çox medal qazanaq.

MKF prezidenti komandanın üzvləri arasında ciddi zədəli idmançıların olmadığını da açıqlayıb: "Bu ayın 25-də Avropa Oyunları qabağı sonuncu hazırlıq məşq toplantısı keçirmək üçün Qəbələyə gediblər, məşqlər artıq başlanıb. Komandanın baş məşqçisi Rəhman Atamov və kontakt karate üzrə məşqçi Vahid Eyvazov onlarla birlikdədir. İkisi də Əməkdar məşqçidir. Gələn ayın əvvəli Qəbələdən geri dönəcəklər”.

Daha sonra Azərbaycan MKF-nin informasiya və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov isə bizə bildirdi ki, karateçilərimiz kumite üzrə kişilərdən ibarət 60 kq, 67kq, 75kq, 84kq və 84kq çəki dərəcələrində mübarizə aparacaqlar: "Qadın karate kumiteçilərimiz isə 50 kq, 55kq, 61kq, 68kq, 68 kq dərəcələri üzrə yarışacaqlar”.

Qeyd edək ki, "Bakı 2015” Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək və ilk olaraq bizim idmançılar yarışacaq. "Bakı 2015” Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və Birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir. Karateyə müxtəlif texnika, o cümlədən qarşı tərəfi bloka salmaq, yaxud onun hərəkətinə mane olmaq, zərbələr, zərbədən qaçmalar, hücumlar və birgə manipulyasiyalar daxildir. Ötən əlli ildə bu döyüş növü məşhurluq qazanaraq bütün sosial qruplar arasında milyonlarla insanı cəlb edib. Yüz ildən daha az müddət əvvəl karate döyüşü kiçik Okinava adasını tərk edib və hazırda karate hər irqə mənsub insanlar tərəfindən həm tədris olunur, həm də öyrədilir. Avropa Karate Federasiyası (AKF) Avropada karate idmanının rəhbər orqanıdır və Olimpiya Nizamnaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq həvəskar əsasda öz fəaliyyətlərini həyata keçirir.

Karate ilk dəfə ictimaiyyət qarşısında 1917-ci ildə Yaponiyada nümayiş etdirilib. Avropada təxminən 1,5 milyon insan karate ilə məşğuldur. AKF-yə 52 ölkə üzvdür.

Vüqar Şahinoğlu