Avropa Oyunlarının məşəlinin Bakıdakı marşrutu açıqlandı

Məşəl ilk olaraq Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq



Avropa Oyunlarının məşəlinin açılış mərasimindən öncə Bakıdan keçəcəyi marşrut açıqlanıb. İyunun 7-də Bakı səyahətinə başlayan məşəl ilk olaraq Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq.

Bir gün sonra isə məşəl Oyunların baş tutacağı Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək.

"Bakı 2015”in məşəli iyunun 9-da bir çox tarixi önəmli binalara, o cümlədən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə, eləcə də Azərbaycan arxitekturasının mirvarilərindən olan Şirvanşahlar Sarayına səyahət edəcək.

Məşəlin növbəti səfəri iyunun 10-da reallaşacaq. Həmin gün məşəl Nizami küçəsi, Fəvvarələr meydanı, Qış, Filarmoniya və Dağüstü parklarında olacaq və Qız Qalasına qaytarılacaq.

Açılış mərasimindən bir gün əvvəl isə məşəl Qız Qalasından götürüləcək və Satko limanına, oradan da açılış mərasimi üçün Olimpiya Stadionuna aparılacaq.

Qeyd edək ki, 26-da Atəşgah məbədində alovlandırılan məşəl bu günə kimi ölkəmizin 60-a yaxın şəhər və rayonundan keçib.