Avropa Parlamenti yeni cığır açdı
Qərb Türkiyəni Rusiya tərəfə “itələdi”
Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə türk dövlətləri, xüsusən Azərbaycan və Türkiyə tərəfindən ciddi etirazla qarşılanıb. Narazılığın artdığını görən Avropa Parlamentinin sədri Martin Şultz türklərin könlünü almaq üçün baş nazir Davudoğluna üzrxahlıq edib.
O deyib ki, "soyqırım” qərarı onun iştirakı olmadan qəbul edilib. Şultz bildirib ki, Türkiyənin bu məsələyə həssas yanaşdığını bilir və verilən təpkiləri anlayışla qəbul edir. Davudoğlu isə bəyan edib ki, məlum sənəd Türkiyə-Avropa Birliyi münasibətlərinə zərər verəcək. Həmçinin, Ankara ilə İrəvan arasında uzlaşmaya mənfi təsir göstərəcək. Şultzun üzrxahlığı türk dünyasının hiddətini azaltmayıb. Türkiyə Böyük Millət Məclisində təmsil olunan üç əsas partiya - hakim AKP, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir: "Biz Avropa Parlamentində hüquqi qüvvəsi olmayan qətnamənin qəbul olunmasını böyük təəssüf hissi ilə qarşıladıq. Qətnamənin müharibələr və münaqişələrin əvəzinə sülh, dözümlülük və birgə gələcəyin yaradılması ideyasına zidd olan qərəzli yanaşmasını qətiyyətlə pisləyirik. Avropa Parlamenti tarixçilərin və beynəlxalq məhkəmələrin vəzifəsini mənimsəyərək Türkiyəni soyqırım kimi ciddi cinayətdə ittiham edib. Bu hal qəbuledilməzdir”.
Avropa Parlamenti 200 milyonluq türk dünyasını özündən narazı salıb
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının parlament qrupu sədrinin müavini, "erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında mübarizə aparan tarixçi-professor Yusif Halaçoğlu da qətnaməyə kəskin etirazını bildirib. O deyib ki, Avropa Parlamentinin qərarından sonra Türkiyə ilə Ermənistan arasındakı qapılar tamamilə bağlanıb: "Qərarın hüquqi əsası yoxdur. Bu, siyasi qərardır. Ona görə də Türkiyə bunu tamamilə rədd edir”. Səsvermədən bir neçə gün öncə avropalı parlamentarilərə indiyədək heç yerdə görmədikləri sənədləri göstərdiyini deyən millət vəkili onlara 1915-ci il hadisələrinin "soyqırım” olmadığını ətraflı şəkildə izah etdiyini bildirib: "Ancaq onlar dediklərimi anlamadılar, anladıqlarını isə qulaqardına vurdular. Avropa Parlamenti bu qərarla sanki Ermənistanı balaca uşaq kimi sevindirdiyini düşünür. Amma həqiqət bundan ibarətdir ki, Avropa Parlamenti bu qərarla ən böyük zərbəni Ermənistana vurub”. Y.Halaçoğlu qeyd edib ki, Avropa Parlamenti bu qərarı ilə 77 milyonluq Türkiyəyə qarşı siyasi nöqteyi-nəzərdən ağır ittiham irəli sürüb: "Buraya türk dünyası da əlavə edilsə, Avropa Parlamentinin 200 milyon insanı özündən narazı saldığını görmüş olacağıq. Qərarın qəbulundan sonra AP-nin bəzi millət vəkilləri bizə dedilər ki, bu, siyasi qərardır, ona görə bundan narahat olmayın. Ancaq o sözlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Münasibətlərimizin gələcəyini Avropa ilə Ermənistan düşünsün.
Qərar Türkiyə və Azərbaycanı sevməyən dairələrin təşviqi ilə qəbul olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da qətnaməni reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndirib: "Hesab edirəm ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub.
Avropa Parlamentinin bu addımı Qərbdə, o cümlədən Avropa Parlamentində mövcud olan ikili standartların və islamafobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir. 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən anti-türk, anti-Azərbaycan, anti-islam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi birinci dəfə deyil. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan bu siyasətçilərin belə qeyri-ciddi davranışı təəccüb doğurur.
Avropa Parlamentinin bu qərarı Türkiyəni Qərbdən küsdürəcək
Avropa Parlamentinin məlum qərarının Türkiyənin gələcək siyasəti və dünya düzəninə də əhəmiyyətli dərəcədə təsir göstərəcəyi iddia olunur. Bəzi politoloqların fikrincə, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Türkiyə ilə Qərb ölkələri arasındakı ziddiyyətləri kəskinləşdirməklə yanaşı, rəsmi Ankaranın Qərbdən uzaqlaşaraq Rusiya ilə daha da yaxınlaşmasına səbəb ola bilər. Hansı ki, belə bir yaxınlaşma Türkiyənin demokratik inkişafı və sivil dünyaya inteqrasiyası baxımından məqsədəuyğun olmasa da, Qərb üçün də ciddi problemlərə səbəb ola bilər. Məhz bu səbəbdən də Türkiyənin Avropa Parlamentinin məlum qərarından sonra ciddi, strateji baxımdan hansı qərarlar alacağı böyük maraqla gözlənilməkdədir. Politoloq Hikmət Hacızadə baş verən məlum olaydan sonra Türkiyə və Rusiya arasında hədsiz yaxınlaşmanı istisna etsə də, bu qərarın rəsmi Ankara ilə Qərb arasındakı münasibətlərə mənfi mənada ciddi təsir göstərəcəyini deyib: "Hesab etmirəm ki, Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar Türkiyə və Rusiya arasında genişmiqyaslı, strateji əməkdaşlığa gətirib çıxartsın. Amma bütün hallarda təbii ki, Avropa Parlamentinin bu qərarı Türkiyəni Qərbdən küsdürəcək. Bu qərarın Türkiyəni Rusiya tərəfinə "itələyəcəyi” də inkaredilməzdir. Bununla razılaşmamaq mümkün deyil”.
İsmayıl