Məktəbli, 24 saylı marşrutda pul yığan işləyir
Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağa etsə də, ölkəmizdə bu hal ortadan qalxmır. Əksinə, getdikcə vəziyyət daha kəskin xarakter alır və analoji hadisələrin sayı çoxalır. Şübhəsiz ki, mövcud problem və ondan qurtuluş yolları barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olunur. Buna rəğmən məsələyə əncam çəkilmir. Uşaq əməyindən istifadə sanki bir ənənəyə çevrilib. Hər birimiz gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Məsələn, dünən saat 11 radələrində 24 saylı sərnişindaşıma avtobusunda II sinifdə oxuyan şagirdin pul yığan işləməsinin şahidi olduq. Məlum acı və ağrılı mənzərə bizi bu mövzuya bir daha qayıtmağa məcbur etdi. Çünki sözügedən şagird dərs müddəti məktəbdən yayınıb, sürücü yanında "Nərimanov” metrosu, "Təfəkkür və Dillər Universiteti” deyə qışqırmalı deyil.
Həmin vaxtda ya dərsdə olmalı, ya da evlərində dərslərinə hazırlaşmalıdır. Əksinə isə o, bütün günü özündən dəfələrlə böyük insanlarla təmasda olur. Onların işlətdikləri ədəbsiz sözləri mənimsəyir ki, bu da həyata "baxış”ının dəyişməsinə səbəb olur. Nəticədə, uşağın gələcəyi elə körpəliyindən korlanır. Doğrudur, bu halı ailənin sosial şəraitinin ağırlığı ilə izah edənlər də mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, səbəbindən asılı olmayaraq azyaşlı uşağın əməyindən istifadə qanuna ziddir. Üstəgəl, belə hadisələr təhsil müəssisələrimizdəki nəzarətsizlikdən xəbər verir. Ona görə ki, məktəblər uşaqlara təhsil verməklə yanaşı, onlara nəzarət funksiyasını həyata keçirməlidir. Belə hallar aşkarlandıqda, əlaqədar qurumlara məlumatlar verməlidirlər. Aidiyyəti orqanlar da öz növbələrində lazımi tədbirlər görməlidirlər. Əfsuslar olsun ki, belə sistemli addımlar gözə dəymir. Maraqlıdır, görəsən, uşaq əməyinin istismarına nəyə göz yumulur? Məktəbliləri buna vadar edənlər və onları işlədənləri hansı cəza gözləyir?
Suallarımıza cavab tapmaq məqsədilə İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkəmizdə belə hallar mövcuddur və çox amansız hal alıb: "Hər bir insanın əmək hüququ var. Lakin bunlar yaşla ölçülür. Təxminən 7-8 yaşında olan uşağın işləməsi tamamilə qanunsuzdur. Bu cür xoşagəlməz hallarla bağlı müraciət və şikayətlər olmalıdır. Onu işlədən adam cinayət məsuliyyəti daşıyır. Bu, uşaq əməyinin istismarı deməkdir. Azyaşlıların əməyindən istifadə edənlər cəzalandırılmalıdırlar. Əfsuslar olsun ki, bunun şahidi olmuruq. Heç kim onlara söz demir”.
Təşkilat sədrinin qənaətincə, küçələrdə işləyən uşaqların əksəriyyəti rayon və çadır şəhərciklərindən gələnlərdir: "Həmin şagirdlər məktəbdən yayınırlar ki, nəticədə psixi və intellektual səviyyələri aşağı olur. Bəzən görürsən ki, hansısa azyaşlı kağızın üzərinə "Atam ölüb, anam xəstədir. Xahiş edirəm mənə kömək edin” yazıb, yaxasından asıb, dilənir. Təbii ki, bunlara yol vermək olmaz. Qanunsuz davranışlardır. Qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanları və digər orqanlar buna nəzarət etməlidirlər. Azyaşlıları qanunsuz olaraq işə götürənlər ciddi şəkildə cərimələnməlidirlər ki, belə hallar azalsın. Əks təqdirdə, problem olduğu nöqtədən bir addım belə tərpənməyəcək”.
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov da söyləyib ki, uşaq hüquqlarının müdafiəsi yönündə bir sıra tədbirlər həyata keçirilsə də, uşaq əməyinin istismarı hallarına hələ də rast gəlinir. Onun sözlərinə görə, belə hallar ən çox sərnişindaşımada baş verir: "Uşaqların hüquqları bu gün müxtəlif sahələrdə pozulur. Elə dünyaya göz açarkən onların yaşamaq hüququ əllərindən alınır. Uşaq ölümü üzrə statistika göstərir ki, bu gün də uşaq ölümünü azaltmaq mümkün olmayıb. Azyaşlı uşaqların əməyindən istifadə qanunvericiliklə qadağan olunsa da, bu qanuna məhəl qoyulmur. Yaşı 16-dan az olan uşaqlar sərnişindaşımada konduktor kimi cüzi məbləğə çalışır. Uşaqları dilənməyə vadar edən valideynləri də onların hüququnu pozur. Bəzi valideynlər isə hələ də uşağa fiziki zor tətbiq etməklə onun hüququnu pozurlar. Yaxşı olardı ki, belə valideynlər məsuliyyətə cəlb olunsunlar”.

Ekspert hesab edir ki, uşaq hüququnun pozulmasının qarşısını almaq üçün qanunvericiliyin tələbinə nəzarət gücləndirilməlidir: "Qanunvericilik uşaqların hüququnu mühafizə etsə də, bəzən qanun bir kağız parçası kimi kənarda qalır. Fikir verin, indiki halda el şənlikləri azyaşlı uşaqların istismar olunduğu ən kütləvi sahələrdən birinə çevrilib. Toyların keçirildiyi bu məkanlar hətta ölkədə uşaq əməyinin ən çox istismar olunduğu nəqliyyat sektorunu da arxada qoyub. Avtobuslarda "konduktor” işləyən azyaşlı uşaqlar sərnişin toplamaq üçün axşama kimi müştəri səsləməyə məcbur edilirdisə, şadlıq evlərində əməyə cəlb olunan balaca fidanlar bundan dəfələrlə artıq yükün altına girməyə məhkum edilirlər. Əyinlərinə "mələk” qiyafəsi geyindirilən azyaşlı qız uşaqları el şənliklərində gəlinlərin ətəyindən yapışmağa, onları gül-çiçək yağışına tutmağa məcbur edilir. Bu, şadlıq evi və restoranlarda uşaq əməyi istismarının ən yumşaq formasıdır. Bəzən müştərilərdən yüksək məbləğdə pul alan toyxana sahibləri, toyun rəngarəng keçməsi üçün proqrama kiçik rəqqasələrin rəqsini də əlavə edir. Beləcə, azyaşlı qızlar göbək rəqsi ilə toy əhlini feyziyab etməyə məcbur edilir. Xatırladım ki, bu məsələ zaman-zaman Milli Məclisdə də qaldırılıb”.
Y.Bəkirov iddia edir ki, adıçəkilən obyektlərdə uşaq hüquqları kobud şəkildə pozulur: "İndiki toylarda heç böyüklər belə otura bilmir. Amma bu gün səsli-küylü, spirtli içki qəbul edilən, siqaret çəkilən zallarda uşaqlar hər gün işləməyə məcbur edilirlər. Bütün bunların hamısı uşaqların həyatına təsir göstərir. Onlar uşaqkən həyatdan mənəvi, psixoloji zərbə alırlar”.
Liqa sədri diqqətə çatdırıb ki, uşaqlar qanunsuz əməyə cəlb edildiyindən, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Bu baxımdan, uşaqların həyatı həm də təhlükədədir: "Azyaşlı qızlar əllərində plov sinisi, üzərində alov yana-yana ziqzaqvari rəqslər edirlər. Onların əyinlərinə geyindikləri libaslar sintetik materialdan olduğundan, adi ehtiyatsızlıq üzündən əllərində oynatdıqları qab üzərlərinə aşdıqda alışır. Belə hadisələr çox baş verib. Paltar adi qığılcımdan alışdığından, azyaşlı qızların həyatını belə halda xilas etmək də çətin olur. Onlarla kiçik rəqqas belə məclislərdə yanıq xəsarəti ilə xəstəxanalara çatdırılıb. Bəzən şadlıq evlərinin sahibləri belə faktları gizlətdiklərindən, qızcığazları xəstəxanalara ən son anlarda çatdırırlar. Əksər hallarda onların həyatını xilas etmək mümkün olmur”.
Respublika Təhsil Şurasının sədri, təhsil üzrə ekspert Əjdər Ağayev bildirib ki, bu problem ciddi sosial mahiyyətli olsa da, onun cavabdehliyi valideyn və məktəblə bağlıdır: "Valideyn öz uşağının bu cür yollara düşməsinə imkan verməməlidir. Təhsil müəssisəsi isə "ikinci sinif şagirdi niyə məktəbdə deyil” sualına cavab verməlidir. Onunla maraqlanmalıdır. Deməli, uşağın təhsil aldığı ocağın nizam-intizamı zəifdir. Həmin məktəbdə pərakəndəlik var. Görünür, o məktəbin digər şagirdləri də bu cür işlərlə məşğul olurlar”.
Ekspertin qənaətincə, ikinci sinifdə oxuyan şagirdi bu yola salmaq düzgün deyil: "Bir daha qeyd edirəm ki, onun oxuduğu təhsil müəssisəsinin günahı çoxdur. Məktəblər belə hallara nəzarəti gücləndirməlidirlər ki, şagirdlər pis yollara düşməsinlər. Uşaqları elmə, təhsilə çağırmaq lazımdır. Uşaqdır, indi 1-2 manat pul verib, şirnikləndirirlər. Amma düşünmürlər ki, bir insanın gələcəyi əldən gedir. Həyatı məhv olur. Belə hallara yol vermək olmaz. Əlaqədar qurumlar bir əncam çəkməlidirlər”.
Ayyət Əhməd