Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlqıdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir.
Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı məlumat verib.
Komitə sədri bildirib ki, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavə ediləcək yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib.
Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilməsi ilə bağlı qanunvericiliyə yeni əlavə edilir: "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavə olunan yeni 1.0.8-ci maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.
Qeyd olunub ki, bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır.
Müzakirə zamanı millət vəkili Ağacan Əbiyev deyib ki, həddi-büluğa çatmayan uşaqlar gecə saat 12-yə kimi restoran və barlarda qalırlar: "Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar.
Yeniyetmələr sağlamlıq imkanlarının gözəl olması üçün idmanla məşğul olmalıdırlar. İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Yoxsa ki, barlara getməklə heç nə olan deyil. Həmin barın yiyəsi də qanuna əsasən başa düşsün ki, 18 yaşına çatmamış yeniyetməni saat 12-də barda saxlamaq olmaz.
Bu məsələyə görə barların yiyəsi, valideynlər cavabdehlik daşımalıdırlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər. Ona görə də hesab edirəm ki, qanuna dəyişiklik vaxtında edilib”.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Anar