“Axşamlar bir neçə qədəh konyak içirdi ki, səhər ayılmasın”
Vəfa Quluzadə arzuladığı kimi, səhərin birində ayılmadı
Məşhur politoloqun həmkarları "Şərq”ə ondan danışdılar
Xəbər verdiyimiz kimi görkəmli politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə artıq dörd gündür ki, dünyasını dəyişib. Məlumata görə, onun ürəyində şuntlama əməliyyatı aparılıb. Əməliyyatdan sonra V.Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra səhhəti qəflətən pisləşib və vəfat edib. Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.
Şübhəsiz ki, tanınmış politoloqun əbədiyyətə qovuşması onu tanıyan hər kəsi üzdü, sarsıtdı. Vəfatından bu yana ölkənin ictimai-siyasi xadimləri onun ölümünə dair xatirələrini müxtəlif media qurumlarında, sosial şəbəkələrdə paylaşırlar. Bir siyasi ekspert və sabiq dövlət müşaviri kimi müstəsna xidmətlərindən, dövlətçilik ənənələri və milli maraqlarımızın müdafiəsi istiqamətindəki addımlarından, siyasi proqnozlarının əhəmiyyətindən söz açırlar. Bütün fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu və vətənpərvər ruhlu şəxsiyyət olduğunu dilə gətirirlər.
Bütün bunları nəzərə alaraq V.Quluzadənin ölümünə dair hisslərini öyrənmək məqsədilə həmkarları arasında sorğu keçirdik. Analitik Arzu Nağıyev "Şərq”ə bildirdi ki, onun əbədi gözlərini yumması milyonlarla azərbaycanlıya pis təsir göstərdi. Çünki öz vətənini, xalqını sevən, daima onun çiçəklənməsi, inkişafı üçün əlindən gələni edən bir insanı itirdik: "Verdiyi proqnozların, təhlillərin sayəsində inkişaf xəttini modelləşdirmək mümkün olurdu. V.Quluzadə yaxşı diplomat, dövlət məmuru kimi də özünü müsbət tərəfdən göstərirdi. Geosiyasi problemlərin bilicisi kimi Vəfa müəllimin kimin dost, kimin düşmən obrazı yaratdığı aydınlaşırdı. Düşünürəm ki, hələ zaman-zaman onun verdiyi proqnozlardan yararalana biləcəyik və eyni zamanda onun fikirlərinə ehtiyac duyulacaqdır”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu deyib ki, Vəfa müəllim gözəl insan idi: "Ölüm xəbəri sarsıtdı məni. Oğlunun ölümündən sonra fiziki baxımdan çox geriləmişdi, hiss olunurdu ki, bu itki onu əyib. Allah rəhmət eləsin!”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söylədi ki, V.Quluzadənin məsələlərə özünəməxsus yanaşma tərzi vardı. İxtisaslı və təcrübəli diplomatlarımızdan biri idi: "Diplomatik fəaliyyətini başa vurduqdan sonra politoloji təhlillərlə məşğul olan diplomatlarımız azdır. Ona görə də Vəfa bəyin vəfatı itkidir. Fikirlərini qəbul edənlər də, qəbul etməyənlər də vardı. Mənim də bəzi fikirlərinə tənqidi yanaşmam olub. Hər halda dəst-xəttinə sadiq idi. Düşündüyünü deyirdi. Rusiyanın işğalçı siyasətinin qənimi idi. Bir dəfə tədbirlərin birində mənə dedi ki, axşamlar bir neçə qədəh konyak içir ki, səhər ayılmasın. Gülərək, "ancaq hər səhər ayılıram” deyirdi. Bu dəfə ayılmadı. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!”
Millət vəkili, politoloq Aydın Mirzəzadə vurğuladı ki, Azərbaycanın tanınmış dövlət xadimi, ölkə politoloji məktəbinin ən görkəmli nümayəndəsi Vəfa Quluzadənin vəfatından məyus olub: "Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq. Dəfələrlə maraqlı söhbətlərimiz olmuşdu. Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteri idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi. Sonradan da dəfələrlə müxtəlif tədbirlərdə təmasımız olurdu. Çox sadə, intellektual bir insan idi, heç zaman öz fikrini kiməsə zorla qəbul etdirməzdi. Gənclərlə söhbətə maraqlı idi. Allah rəhmət eləsin, o daima yaddaşlarda yaşayacaq”.
Siyasi şərhçi Mirsamir Məmmədov hesab edir ki, V.Quluzadənin vəfatı Azərbaycan siyasi arenasına ağır itkidir: "Hər zaman dəyərli proqnozlarıyla hər hadisəyə və onun mahiyyətinə doğru qiymət verməyi və dəqiq mövqe bildirməyi bacaran Vəfa müəllim, öz sahəsinin əlçatmaz zirvəsindəydi. V.Quluzadə hər zaman dövlətçilik maraqlarına son dərəcə sadiq şəkildə fikirlər səsləndirməklə özünün şərhsiz fikirləriylə olduğu arenanın tək və rəqibsiz ustadıydı. Fikirləri qlobal səviyyədə qəbul olunan politoloqun önəmli çıxışları, dünyaya verdiyi mesajlar hər zaman böyük diqqət çəkirdi”.
Ekspertin fikrincə, V.Quluzadə dövlət müşaviri işləyən zaman Azərbaycana böyük xidmətləri olub: "1999-cu ildə ümummilli lider Heydər Əliyevə rəsmi müraciət edərək vəzifəsindən istefa verib, sərbəst və müstəqil politoloq qismində çıxış edib. O, KİV-lərin siyasi proqramlarının siyasi ekspert olaraq tək və şəriksiz lideriydi. Ən son olaraq da "Azadlıq” Radiosunun efirində bütün ermənipərəst Qərb dünyasını, "Azadlıq” Radiosunun mənfur planlarını, iyrənc missiyalarını, hətta birbaşa ermənipərəst düşmən qüvvələr tərəfindən maliyyələşdirildiyini bütün detallarıyla birlikdə açıqlayaraq bu radionu və bütün qərbli ermənipərəstləri sərt şəkildə ifşa etdi. Məkanı cənnət olsun!”
Ayyət Əhməd