“İqlim şəraiti burda heç bir rol oynamayıb”
Axtarışlar peşəkar səviyyədə aparılmır
İtkin düşmüş neftçilərin cəsədlərinin gec tapılmasının sadə səbəbi var
“İqlim şəraiti burda heç bir rol oynamayıb”
“İqlim şəraiti burda heç bir rol oynamayıb”
Xəzər dənizində srağagün tapılmış kişi meyitinin kimə aid olduğu müəyyənləşdirilib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a bildirilib ki, həmin kişi meyitinin "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Zülfüqarov qardaşlarından biri - Azay Zülfüqarova məxsus olduğu təxmin edilir.
"Qohumları meyitin dişlərindən onun Azay Zülfüqarova məxsus olduğunu bildiriblər. Ancaq hələ nümunələr genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək”.
Qeyd edək ki, ötən il dekabrın 15-də Xəzər dənizində baş vermiş qəza ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsi dağılıb, həmin hissə və ona bitişik olan meydança və üzərindəki yaşayış köşkü dənizə düşüb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsində növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) itkin düşmüşdü.
Ekspertin rəyinə görə, həmin estakada qəzalı vəziyyətdə olub, həmin sahəyə işçi buraxılmamalı və istismar müddəti bitdiyi üçün (istismar müddəti 30 ildir) sökülməli idi. Estakada 1978-ci ildə tikilmişdi. Qəza son 3 ildə həmin idarədə onlarla işçinin ölümü ilə nəticələnən 4-cü hadisədir.
İtkin düşmüş neftçilərin meyitlərinin tapılması məqsədilə axtarış tədbirləri davam etdirilib. Bu ilin mart ayında neftçi Güloğlan Zülfüqarovun cəsədi tapılıb ailəsinə təhvil verildi.
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı statistikanı açıqladı:
23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.
2014-cü il noyabrın 7-də "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-si həlak olub.
2015-ci ilin 4 dekabrında "Azneft” İstehsalat Birliyinin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma İdarəsinin 501-ci meydançasında qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.
2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 11 nəfər işçinin həyatına son qoyub, 19 nəfər neftçi itkin düşüb, 33 nəfəri isə xəsarət alıb. Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.
İtkin düşənlərdən bu günə qədər 8 nəfərin cəsədi tapılıb.
2 neftçinin meyiti hələ də tapılmayıb (Bəhramov Cavid, Əsədov Samir).
Bəs, neftçilərin cəsədlərinin gec tapılmasına, bəzisinin isə ümumiyyətlə üzə çıxmamasına dəniz şərtləri və iqlim şəraiti səbəb ola bilərmi? M.Qəhrəmanlı "Şərq”ə açıqlamasında dəniz və iqlim şəraitini istisna təşkil etdiyini bildirdi:
- Dənizdəki qəzalar, konkret 15 dekabr 2016-cı il qəzası bəzi vəzifəli şəxslərin məsuliyyətsizliyi ucbatından baş verdi. Bu qəza nəticəsində 10 nəfər işçi dənizə düşdü. Qəzanın ertəsi günü bir nəfərin cəsədi tapılıb ailəsinə qaytarıldı. Üç ay ərzində isə 7 nəfərin cəsədi yerli əhali, əsasən balıqçılar tərəfindən Hamamdağ ərazisində müəyyən edildi və müvafiq qurumlara xəbər verildi. İtkin düşmüş neftçilərin cəsədlərinin gec tapılmasının səbəbi isə, axtarışın peşəkar aparılmamasında, axtarış qrupunun hadisə yerinə gec çatmasında idi. İqlim şəraiti burda heç bir rol oynamayıb.
Təəssüflər olsun ki, verilən məlumatlarda yerli əhalinin, balıqçıların köməyi heç bir yerdə hallanmır.
Qəzalar zamanı təşkil olunan axtarış işlərini qeyri-qənaətbəxş hesab edirəm. Xilasetmə sahəsində peşəkarlığın olmaması, qəzalar zamanı xilasetmə işlərinin təşkil oluna bilməməsi, hadisə yerinə zamanında gəlib çatmamaları, lazımi texnika ilə təchiz olunmama və s. Bunlar dediklərimin sübutudur. 2015-ci ildə baş vermiş qəza vaxtı itkin düşən neftçilər 2016-cı ilin iyununda ölmüş hesab olunublar. 2016-cı ildə də itkin düşən neftçilər də bu ilin iyununda ölmüş hesab olunacaq.
P.S.
Yayda, küləkli havalarda, Bakının xəzrisi tozanaq qoparanda yaşlı adamlardan eşidərdik, deyərdilər, yəqin dənizdə kimsə batıb, ona görə dalğalar şahə qalxıb, meyiti kənara atmaq üçün. Deyirdilər ki, dəniz meyiti özündə saxlamır. İnsanı gəldiyi yerə - torpağa qaytarır. Bəlkə də bu, sadəcə bir inancdır. Və hansısa elmi əsasa da söykənmir. Amma ahılların, dünyanın isti-soyuğunu görmüş qocaların söylədiklərini görməzdən gəlmək də olmur. İtkin düşmüş neftçilərin cəsədi, üzərindən aylar keçəndə - axtarışlar dayandıqdan sonra ya suyun üzərinə çıxır, ya da sahildən tapılır... Sənə minnətdarıq, Xəzər!..
Məlahət Rzayeva