Kişinin boşandıqdan sonra qadının həyatına müdaxilə etməsi psixopatiyadan başqa bir şey deyilDəyanət Rzayev: “Mən elə halların şahidi olmuşam ki, cütlüklər boşanarkən ər arvadına şərt qoyur ki, boşandıqdan sonra ailə qura bilməzsən”
Ramin Hacılı: "Qadınlara qarşı cinayətlərin artmasının bir səbəbi də sovet dövründə beynimizə yeridilən mentalitetdir”
Son vaxtlar ölkədə baş verən amansız qətl hadisələrinin sayı azalmır. Qurbanların əksəriyyəti isə zərif cinsin nümayəndələridir. Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlar çıxış yolunu rəsmi şəkildə boşanmaqda görürlər.Amma əslində bu da çıxış yolu deyil. Artıq boşanmaların da nəticəsi bir çox hallarda faciəvi olur. Təəssüf ki, Azərbaycanda boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları "ənənə” halını almağa başlayıb. Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir. Son ayların kriminal xronikası da göstərir ki, Azərbaycanda keçmiş ər-arvadlar, habelə boşanmaqda olan cütlüklər arasında tez-tez ciddi münaqişələr yaşanır. Bu, Azərbaycanda boşanma mədəniyyətinin olmadığını göstərir, yoxsa...?
Qeyd edək ki, keçmiş həyat yoldaşı tərəfindən amansızca qətlə yetirilən növbəti qurban 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olub.
Mərhumun yanmış cəsədi iyulun 8-də Xızı rayonunun Yeni Yaşma qəsəbəsinin ərazisində aşkar edilib. Meyitə ilkin baxış zamanı onun qətlə yetirildiyi məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı Samir Səməndər oğlu Əliyev həbs olunub.

Mövcud durumun acınacaqlı olduğunu bildirən psixoloq Dəyanət Rzayev isə deyib ki, kişinin boşandıqdan sonra qadının həyatına müdaxilə etməsi psixopatiyadan başqa bir şey deyil: "Psixopat o şəxslərə deyirlər ki, nə özü yaşayır, nə də başqasını yaşamağa qoyur. Azərbaycan cəmiyyətində psixopatiyanın səviyyəsi günbəgün artmaqdadır. Mən elə halların şahidi olmuşam ki, cütlüklər boşanarkən ər arvadına şərt qoyur ki, boşandıqdan sonra ailə qura bilməzsən. Keçmiş ərlər tərəfindən törədilən qətllərin əksəriyyəti məhz boşanmadan sonrakı qısqanclıq səbəbindən baş verir. Halbuki həmin kişilər özləri yeni ailə qururlar, övlad sahibi olurlar, ancaq qadınlara bu haqqı tanımırlar. Azərbaycan kişilərində belə bir xüsusiyyət var ki, bu qadın mənimdirsə, boşandıqdan sonra belə, heç kim onunla münasibət qura bilməz. Ona görə də keçmiş həyat yoldaşlarını ömür boyu təqib edirlər. Bu cür cinayətlərin sayının az olması üçün polis orqanları güclü işləməlidir. Çünki belə hadisələr öncə təhdidlərlə başlayır. Əgər qadın polisə müraciət edirsə, onu mühafizə ilə təmin etmək lazımdır. Cinayət baş vermədən onun qarşısı alınmalıdır”.
Ekspertin sözlərinə görə, bir çox Azərbaycan kişilərində eqoizm hissi yüksək olduğundan onlar qadını özlərinə məxsus əşya kimi görürlər: "Bu, mənim şəxsi fikrimdir. Kişilərdə belə bir eqoizm var ki, "bu qadın mənə məxsusdur, boşandıqdan sonra belə, bu dəyişməyəcək”. Burada qadına bir şəxsiyyət kimi yox, əşya kimi yanaşmaqdan söhbət gedir. Bu, patoloji problemdir. Ancaq insanlar gedib, bundan müalicə olunmaq istəmirlər”.
Psixoloq qeyd edib ki, boşanmış cütlüklər arasındakı gərgin münasibətlər uşaqlara da çox pis təsir edir: "Əksər hallarda tərəflər biri-birinə qarşı düşmən münasibətdə olurlar. Uşaqları biri-birindən gizlədirlər, onları tərəf tutmağa məcbur edirlər. Bu da uşaqların psixologiyasını zədələyir. Xarici ölkələrdə isə vəziyyət belə deyil. İnsanların xasiyyəti uyğun gəlmirsə, boşanırlar, hər iki tərəf yeni ailə qurur, sonradan ailələr hətta dost olurlar. Uşaqlar da mehriban mühitdə böyüyürlər, atasına və ya anasına düşmən olmaq məcburiyyətində qalmırlar. Azərbaycanda isə boşananlar ömür boyu düşmən olurlar. Bu, Şərq xalqlarına məxsus bir xüsusiyyətdir. Xristian xalqları belə məsələlərdə daha tolerantdırlar. Azərbaycan cəmiyyətində isə bu, bir göstəricidir ki, ayrılan insanlar düşmən olmalıdırlar. Bu da psixopatiyadan irəli gəlir. Psixopatiya geniş yayılmış gizli bir xəstəlikdir və həmin insanlar cəmiyyətdə normal insanlar kimi qəbul olunurlar. Ancaq Azərbaycan cəmiyyətində psixopatiya partlamağa hazırlaşan bomba kimidir. Bu bomba partlayandan sonra insanlar yolda da biri-birini öldürəcəklər. Artıq bu istiqamətdə gedirik. Bu gün Bakıda bir qadının dayanacaqda durması belə, problemdir. Ona kimsə söz atır, kimsə "ilişir”. Bunlar bizim hər gün qarşılaşdığımız hallardır. Ancaq Avropada belə deyil, istədiyin saatda küçədə çox sakit gəzə bilərsən”.
Gənc fəal Ramin Hacılı isə hesab edir ki, bütün bu problemlərin hər biri sosial durumdan qaynaqlanır: "Sosial vəziyyəti yaxşı olan ölkələrdə insanlar adətən problemlərini daha sivil yollarla həll edir, cinayətə baş vurmurlar. Yəni rahat şəkildə boşanıb, öz həyatlarını ayrı-ayrılıqda davam etdirirlər. Sosial vəziyyəti ağır olan ölkələrdə isə qadınlar boşandıqdan sonra da keçmiş ərlərinin təzyiq və təhdidlərindən yaxa qurtara bilmirlər. Bir çox hallarda isə ümumiyyətlə onlara boşanmağa imkan verilmir və bütün ağrı-əzablara dözməyə vadar olurlar. Odur ki, tam əminliklə deyə bilərəm ki, son illər Azərbaycanda ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin əsas səbəbi sosial problemlərdir. Digər səbəb isə natamamlıq kompleksidir. Şərq toplumunun yaşatdığı ənənələrdir. Bizim insanlar həyatlarını öz istəklərinə görə yox, "qohum-qonşu, dost tanış nə deyər” sualına uyğun yaşayırlar. Azərbaycan kişiləri "sənin həyat yoldaşın filan məhəllədən keçib, filan işi görüb” kimi provakativ nüansları qəbul edə bilmirlər. Bu isə kompleksdən irəli gəlir. Ümumiyyətlə, biz bir xalq, toplum olaraq, bir neçə cəhətdən kompleksə düşmüşük. Bundan əlavə də, doğulan gündən ata-anamız, məktəb yaşlarında müəllimlərimiz, universitetlərdə rektor, dekanlar, hərbi xidmətdə "dembil”lər, işdə rəhbərlik tərəfindən "əzilirik”. Bu isə artıq bizdə kompleks yaradır. Və böyüdükcə də, gücümüz çatan insanlardan öz əzilmişliyimizin heyfini çıxmağa çalışırıq. Fikir verirsinizsə, balaca bir şirkətin mühasibi belə bürokratiya yaratmağa, insanları incitməyə çalışır. Bu günlərdə tələbəni haqsız yerə incidən bir prorektora izah elədim ki, siz bir gəncin gələcəyi ilə oynayır, onun həyatını məhv edirsiniz. Təhsil aldığı ali məktəbdə ciddi haqsızlığa uğrayan tələbələr adətən qeyri-real həyata can atır, dünyadakı bütün insanlara nifrət edir və çox rahatlıqla kamikadze ola bilirlər. Bunun üçün də cəmiyyətdəki sosial bərabərsizliklər, gərginliklər aradan qalxmalıdır”.
R.Hacılı deyib ki, qadınlara qarşı cinayətlərin artmasının bir səbəbi də sovet dövründə beynimizə yeridilən mentalitetdir. Biz ilk növbədə bu saxta ənənədən imtina etməliyik: "SSRİ başımızın altına mentalitet adlı elə bir yastıq qoyub ki, neçə illərdir müstəqil olmağımıza rəğmən hələ də başımızı o yastıqdan qaldıra bilmirik. Vaxtı ilə sovetlərin bizə dediyi "Siz böyük xalqsınız, siz çox böyük dəyərləri olan mentalitetə sahibsiniz” kimi ifadələri bu gün Amerika Meksika xalqına deyir. Bununla fəxr edən meksikalılar da biri-birləri ilə şortik davası aparır, "mini yubka”ların uzunluğunun nə qədər olacağını müzakirə edirlər. Amerika isə elmi tərəqqilərə nail olmaqla dünyanı idarə edir. Sovetlər dövründə də bizim başımız mentalitet müzakirəsinə elə qarışmışdı ki, Moskvada yaşanan elmi tərəqqi gözümüzə görünmürdü. Əgər biz demokratik və sivil dünyaya inteqrasiya etmək, "namus” cinayətlərinə, məhəllə söhbətlərinə son qoymaq istəyiriksə, ilk növbədə beynimizə yeridilən saxta mentalitet məfhumundan imtina etməliyik. Bunun üçün isə ortaya çox ciddi iradə qoyulmalıdır. Çünki hələ də bir sıra səfeh adamlar var ki, bizə fəlakətdən, zərərdən başqa heç nə gətirməyən mentaliteti media vasitəsilə cəmiyyətin beyninə yeridir, gənclərimizi zəhərləyirlər”.
Şəymən