Aysel Əlizadədən toy ETİRAZI: " Dəvətnamə gələndə narazılıq edirlər"

"Xalq boğazından, cibindən kəsib, aparıb biznesmenləri, toy monopolistlərini dolandırır"

Ölkəmizdə toy məclislərinin təm-təraqlılığı, israfçılığı son illər daha çox tənqid olunur. İctimai müzakirələrə səbəb olan bu mövzunun hər iki yönü kütləvi informasiya vasitələrindən də yan keçmir. Səngimək bilməyən tənqidlərin əsas məzmunu toy mərasimlərindəki ifratçılığın aradan qaldırılmasıdır. Ciddi tədbirlərdən sonra yas mərasimlərinin sadə tərzdə keçirilməsinə nail olunsa da, toylarımız üçün bu qayda-qanun hələ də formalaşdırılmayıb. 

Dəbdəbəli restoranlarda, qulaqbatıran, qəlib musiqilərin müşayiətində cibi dolu toya girib, xeyli pul salan qonaqların keflənib, o ki var hoppanıb-düşməsi ilə yadda qalan toylarımız nədənsə bir nizama salınmır ki, salınmır. Ayaqüstü söhbətlərdən tutmuş, parlament müzakirələrinədək gedib çatan, müxtəlif forma və məzmunda yanaşmalar doğuran bu müzakirələr hələlik səmərəsiz görünür. 

Toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə mütəmadi olaraq təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Lakin reallıq budur ki, söhbət hamını narahat edən, həm də maddi və mənəvi cəhətdən lüzumsuz itkilərə səbəb olan problemin aradan qaldırılmasından gedir.

Elə ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə də toy mərasimlərimizdən danışıb. Deputat bunun qanunla tənzimlənməli olan məsələ olmadığını söyləyib. 

Deyib ki, burada maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğundur və hər kəs öz ailəsində bunu etməlidir. Əgər ailədə uşaqların yanında danışırlarsa ki, filankəsin toyunda bu qədər adam var idi, filankəs filankəsə brilyant apardı, uşaq da o fikirlə böyüyür ki, bunlar onun üçün də olmalıdır. Bir toyda 150 nəfər olursa, o biri deyir ki, bu azdır, mənim toyumda 300 nəfər olmalıdır. Kreditlə brilyant alırlar, sonra da qalırlar kreditin əlində.

Araz Əlizadə onu da bildirib ki, bəzi insanlar pul yığmaq xatirinə dəbdəbəli toy məclisləri keçirir, sonra da həmin məbləği toplaya bilmirlər və böyük bir borca düşürlər:

"Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir. Ona görə də bu məsələləri qanunla tənzimləmək mümkün deyil. Ancaq maarifləndirmə işi aparmaq, insanlara başa salmaq lazımdır ki, israfçılığa yol verməsinlər”.

Bəlkə də çoxlarına şişirdilmiş gələ bilər, amma həqiqətən də belə toylar olur. Çox rastlaşırık ki, insanlar 3-4 övladı olan adamın evinə dəfələrlə toylara getdikdə narazılıq edirlər. Hələ bunun nişanı, kiçik toyu, xınayaxdısı, daha nələri var.

Toy mərasimlərinin qaydaya salınması və bu vəziyyətin hara gedib çıxacağını Sherg.az-a izah edən tərcüməçi-yazar Aysel Əlizadə qeyd edib ki, toy mərasimlərinin sadələşdirilməsi ilə bağlı əhalidə maarifləndirmə işlərinə başlamaq gecdir. Bunu əvvəldən etmək lazım idi: "

 Şadlıq saraylarının sayı gündən-günə artanda, toy biznes sahəsinə çevrilib, monopoliyalaşanda, kimlərsə, pul qazanmaq naminə xalqının mədəniyyətini, iqtisadiyyatını, bəşəri kültürünü düşünmədən bu işin reklamı ilə məşğul olmağa başladıqda əngəllənməli idi. Çünki bu təkcə xalqın günahı deyil. İnsanlar əzəldən dəbdəbəli toylar edib, israfçılığa yol verməyib axı. Toylar əvvəllər kiçik çadırlarda keçirilib, insanlar evinin qabağında toy edib, övladını evləndirib. Gücü nəyə çatıb, onu bişirib, qohumu, qonşusu gəlib, oynayıb-əylənib, çəkilib evinə. Toy dəbdəbəsi estetikası gündəmə gəldikdə, biznes qurmaq istəyənlər şadlıq sarayını "qollarına vurub”, Bakıya, şəhərin ətrafına yerləşdirəndən sonra PR-nı da genişləndirdilər. 

Menyulardan tutmuş, konsert proqramlarına qədər televiziyalara çıxarılan şirnikləndirici reklamlar biznesmenlərin, oliqarxların, "saray qafalı” adamların sadəlövh xalqın cibinə girməsinə səbəb oldu. Bir vərdişə çevrildi xalqda. Rəqabətə girmiş restoran şəbəkələri, toy mərasim zalları seçim bolluğu əhalidə "harada yaxşı məclis edə bilərəm” rəqabəti oyatdı. Çünki elita həmişə sadə xalq üçün bir örnəkdir, o nəyi ortaya qoyacaqsa, xalq ona baxıb öyrənəcək, bənzəməyə çalışacaq. Biri pul yarışına girir, başqası daha yaxşı, bahalı maşın sürmək istəyir, qadınlar daha çox gözəllik bəhsinə çıxır ki, bu da örnəyə baxıb, rəqabət instiktinin formalaşmasından yaranır. 

Dəbdəbəli mərasimlər reklam olunduqda vərdişə çevrilməyinə yol açır. Xalq boğazından, cibindən kəsib, aparıb biznesmenləri, toy monopolistlərini dolandırır. Özü də bilmədən çox lazımsız xərclərə yol verir. Vəziyyət artıq o həddə gəlib, çatıb ki, insanlar evlərinə toy dəvətnamələri gəldikdə narazılıq edir, amma sabah, birisigün özü toy edəndə "palaza bürün elnən sürün” deyərək, hamı kimi dəbdəbəli toy etməyə çalışır”.

A.Əlizadənin sözlərinə görə 7-10 il bundan əvvəl şadlıq sarayları artanda, özü və yazar həmkarları buna qarşı çıxıb, tənqid ediblər. O, son zamanlar şəxsən apardığı araşdırmalarının, şou-biznes əhlindən, işin içərisində olan şəxslərdən götürdüyü sorğularının nəticəsi ilə bizi tanış edib:

"Artıq camaat nə müğənniyə pul verməyə həvəslidir, nə də menyuda çoxlu çeşidlərin olmasına maraqlıdır. Daha ucuzvari və sərfəli toy etməyi üstün tuturlar. Ona görə, düşünürəm ki, bu təbii yolla öz yerini alacaq. İndi bunu maarifləndirməyə gərək yoxdur, çünki zamanla xalqın cibi boşalacaq, pulu azalacaq, kasıblayacaq. Müəyyən vaxtdan sonra bu özü-özünə aradan qalxacaq.
Deputat Araz Əlizadə maarifləndirmə işlərinin aparılması barədə bir qədər gecikib.
Elə toydan söz düşmüşkən, bu bəyanat artıq "toydan sonra nağaradır”.

"Toy mərasimlərinin həddən artıq təmtəraqlı, israfçı tərzdə keçirilməsinin tənqidçisi olanların özləri də elə toy edir” –deyən Aysel Əlizadə əsl biabırçılığı da bunda görür. Onun fikrincə, vəziyyət belə davam etdikcə tənqidlər də effekt verməyəcək:

"Tutaq ki, bu dəbdəbəni tənqid edən yazıçı cavan adamdır, subaydır. Sabah özünə toy edir, görürsən ki, eyni qulaq batıran hay-küy, eyni masa, eyni menyu çeşidləri, eyni qonaq sayı. Heç fərqlilik yoxdur. Yalandan bir mahnı oxudu, həyat yoldaşı ilə rəqs etdi, elə bilir ki, baş aldadıb. Lakin fərqli toy etmək üçün köklü dəyişikliyə ehtiyac var. Ənənədən kənara çıxmaq dayanıqlılıq, cəsarət tələb edir, bir az zəhmət çəkmək, yaradıcı, kreativ olmaq lazımdır. 

İnsanlar isə pulunu verir, restoranı danışır, standart dəvətnamə formasını göndərir, musiqiçiləri ya özü tapır, ya restoran təşkil edir, müğənnilər isə gəlir, səs-küy salıb, hər yerdə oxuduqlarını oxuyurlar. 300-400 nəfəri yığırlar şadlıq saraylarına, o haray-həşirlə hoppanıb- düşür, bol menyu ilə süfrə açır, yeyib, içirlər, vəssalam. Ən böyük problem də israfçılıqdan əlavə bizim toylarda guruldayan həmin səsdir. O səsin, akustikanın qarşısının alınması da bir vaxt müzakirə mövzusu idi, dövlət səviyyəsində bunu tənzimləməyə çalışırdılar. Doğrudan da, toy gurultusu insanın psixikasını alt-üst edir. Özümdən misal gətirim ki, bir toydan çıxandan sonra günlərlə özümə gələ bilmirəm, başım ağrıyır.


Bəzi məlumatlarda da oxumuşuq ki, İkinci Dünya Müharibəsi vaxtı həbsdə olanları Almaniyada uğultulu səs metodu ilə dəli edib, öldürürdülər. Səsin həqiqətən də, ciddi psixoloji zədəsi olur ki, məncə, toylarımızın haray-həşiri Azərbaycan xalqının özünün də xəbəri olmadan psixologiyasına pis təsir edir.

Bəlkə də, bir müddət sonra insanlar sakitcə toy edəcək, israfçılıq, səs-küy, təm-təraqlılıq aradan qalxacaq. Burada siyasi çalarlar da var, görüntü yaranır ki, millət acdırsa, bu qədər pulu haradan tapıb, belə toy edir.

Qeyd etməliyik ki, xalqın özündə də şöhrətbazlıq, bir-birinə özünü göstərmək, "ən yaxşısını mən etdim” özgüvəni var. Amma başqaları təmtəraqlı toy etdikdə səsləndirilən tənqidi fikirlər də öz yerində. Müəyyən toy şablonu var ki, hamı onun içərisinə girib, toyunu yola verir”.
Aysel Əlizadə maarifçi sektorun siyasi hakimiyyətin köməyi ilə xalqın bu keyfiyyətini daha faydalı işlərə yönəltməli olduğunu əlavə edib. Xanım yazar buna baxmayaraq ictimaiyyətin bütün mesajlarının, harayının, tənqidlərinin nəticəsiz qalmağından narahatlığını ifadə edib.

Aysel Aslan