Ekspertlər hesab edir ki, mediaya dövlət dəstəyi dövlətçiliyimizin daha da möhkəmlənməsinə səbəb olub
Azad söz, azad cəmiyyətin təməl daşıdır
Milli mətbuatımız böyük inkişaf yolu keçib
Ekspertlər hesab edir ki, mediaya dövlət dəstəyi dövlətçiliyimizin daha da möhkəmlənməsinə səbəb olub
Ekspertlər hesab edir ki, mediaya dövlət dəstəyi dövlətçiliyimizin daha da möhkəmlənməsinə səbəb olub
(Əvvəli ötən sayımızda)
Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.
Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi artıq ənənəyə çevrilib. Dövlət başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı. Mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu. Çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. 2010-cu il dövlət başçısı kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu” mükafatına layiq görüldü. 2013-cü il iyulun 22-də Prezident jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə "Jurnalistlərin dostu” seçilib.
2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirildi. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb.
2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı. Dövlətimizin başçısının mətbuata qayğısının daha bir təzahürü bu il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalamasıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. H.Babaoğlu bildirib ki, Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib: "Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir. Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də Azərbaycan mətbu tarixinin əsasını qoyan Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi” qəzetinin nəşrinə başlanıb. Əgər bir qədər geriyə qayıtsaq, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. O dövrdən bəri Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib. Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı”.
Baş redaktor vurğulayıb ki, 2003-cü ildən, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra mətbuata göstərilən diqqət və qayğı daha da artırıldı: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. Kütləvi informasiya vasitələrinin "Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Beləliklə, 143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da bildirib ki, Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət hər zaman olub:
"143 illik tarixi olan mətbuatımızın inkişafında cənab Prezident İlham Əliyevin rolu danılmazdır. Hər zaman jurnalistlərə qayğı göstərən ölkə rəhbəri, söz və ifadə azadlığının təmin olunmasında dövlətin mediaya dəstəyini əsirgəmir. Dövlət başçısı İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edilir. Onlardan biri də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcəkdir. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə diqqət və qayğısı bundan sonra davam edəcək. Üçüncü binadan veriləcək evlərlə neçə-neçə media işçisi, onların ailələri sevinc yaşayacaqlar. Cənab Prezidentin mətbuatın inkişafı ilə bağlı atdığı addımlar, onun jurnalistikaya qayğısı göz qabağındadır”. U.Rəhimoğlunun sözlərinə görə, jurnalistlərin dostu olan Prezidentimiz hər zaman bildirib ki, qələm əhli onun görən gözüdür: "Azərbaycan jurnalistləri də milli-mənəvi dəyərlərin təbliğndə, dövlət maraqlarının qorunmasında layiqli davranış göstərirlər. Beynəlxalq informasiya savaşında, jurnalistlərimiz düşmənlərimizə qalib gəlirlər. Bütün həmkarlarımı, jurnalistlərin dostu cənab İlham Əliyevi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm!”.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də bəyan edib ki, istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin mətbuata münasibəti yüksək səviyyədə olub:
"Bu gün Azərbaycan mediası kifayət qədər demokratik, azad və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Peşəkar jurnalist kontingenti formalaşır. Media 15-20 il bundan əvvəl olduğu kimi ayrı-ayrı siyasi partiyaların istək və arzularına deyil, oxucuların maraqlarına xidmət edir. Ümummilli məsələlərdə həmrəylik nümayiş etdirən, dövlətin və millətin maraqlarını korporativ istəklərdən və çirkin niyyətlərdən öndə tutan KİV orqanlarımız, jurnalistlərimiz çoxluq təşkil edir”. Baş redaktorun fikrincə, problemlərimiz olsa da, onların həlli istiqamətində fəallıq nümayiş etdirilir: "Bu problemlər daha çox reklam məsələləri və ixtisaslaşma ilə bağlıdır. Onların da zamanla həll olunacağına, jurnalistikanın sağlam rəqabət şəraitində daha da inkişaf edəcəyinə inanıram. Əlbəttə, çoxları iddia edə bilər ki, medianın inkişafı ölkənin ümumi inkişaf tempinə tərs-mütənasibdir. Amma elə deyil, media sektoru kifayət qədər uğurlu yol qət edib”. N.Niftiyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev media üzərindən senzuranı qaldıran, dövlət başçısı İlham Əliyev isə mətbuata dövlət qayğısını əsirgəməyən dövlət başçıları kimi tarixə düşüb: "Ötən bu illərdə media qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-in İnkişafı üçün Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib, KİV-ə Dəstək Fondu yaradılıb. Həmin Fondun vasitəsilə çap mediasına davamlı yardımlar göstərilir. Eyni zamanda jurnalistlər arasında ildə bir neçə dəfə müxtəlif mövzuları əhatə edən yazı müsabiqələri təşkil olunur. Fond həmçinin bu prosesə digər dövlət qurumlarını da cəlb edir. Bütün bunlar həm jurnalistlərin yaradıcılıq imkanlarını genişləndirir, həm də onların maddi vəziyyətlərini qismən də olsa yaxşılaşdırır. Prezident İlham Əliyevin mətbuata dəstəyinin ən bariz nümunəsi isə əlbəttə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlardır. Bu nəcib təşəbbüs sayəsində yüzlərlə həmkarımız evlə təmin olunub. Düşünürəm ki, Prezident İlham Əliyev ölkədə medianın azad və müstəqil inkişafı üçün hər şeyi etməyə hazır olan bir lideridir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb