Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yol açır

Vüqar Bayramov: “Ölkəmiz bu layihənin reallaşması nəticəsində 100 milyarddan artıq gəlir əldə edəcək”




Dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini möhkəmləndirən Azərbaycan regionun və dünyanın enerji xəritəsini zənginləşdirir. Ölkəmiz müstəqil iqtisadi siyasət yeritməklə qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaradıb. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulub. Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olub. Ötən on il ərzində "Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq edib.

"Cənub Qaz Dəhlizi”nin son ünvanı Qərbi Avropadır”

Hazırda fəal icra mərhələsində olan "Şahdəniz-2” layihəsi çərçivəsində illik hasilat 9 milyard kubmetrdən 25 milyard kubmetrə çatdırılacaq. Bu da öz növbəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu xeyli artıracaq. "Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya ixracı isə yeni bir qaz dəhlizinin reallığa çevrilməsi sayəsində mümkün olacaq. Bu, son illər dünyada reallaşdırılan, əhəmiyyətinə görə XXI əsrin layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi”dir. "Cənub Qaz Dəhlizi” başlanğıcını Xəzər dənizinin Azərbaycan sahillərindən götürür. Çıxarılan qazı Gürcüstan və Türkiyəyə ixrac edən Cənubi Qafqaz boru kəməri sözügedən dəhlizin ilk seqmentini təşkil edir. Avropaya daha iri həcmdə qaz tədarükünü nəzərdə tutan bu nəhəng enerji dəhlizi öz yoluna Türkiyə ərazisində hazırda tikintisi sürətlə həyata keçirilən Trans-Anadolu (TANAP) qaz boru kəməri ilə davam edəcək. Nəhayət, "Cənub Qaz Dəhlizi” marşrutu Adriatik dənizinin dibi ilə çəkilən Trans-Adriatik (TAP) boru kəməri ilə son ünvanınadək uzun bir yol qət edəcək. "Cənub Qaz Dəhlizi”nin son ünvanı isə Qərbi Avropadır.

"Cənub Qaz Dəhlizi” Azərbaycanın regional mövqeyini gücləndirəcək”

"Mediterranean Energy Political Risk Consultancy”nin siyasi risklər və enerji məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın regional mövqeyini gücləndirməyə imkan verəcək. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi” kimi yeni marşrutlar yaradılmasa, Avropa İttifaqının enerji təhlükəsizliyi siyasəti uğursuzluğa düçar olacaq: "Azərbaycandan qaz tədarükü Avropa İttifaqının enerji təhlükəsizliyinin güclənməsinə yol açacaq. Azərbaycanın bu layihədəki mövqeyi böyük əhəmiyyət daşıyır və Azərbaycanın daimi dəstəyi olmadan layihənin reallaşması qeyri-mümkün görünür”.

"Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı layihəyə olan dəstəyi göstərdi”

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, ötən gün Bakıda keçirilən toplantı layihənin rellaşmasına ciddi dəstəyin sübutudur. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi” layihəsi həm Avropa, həm də region üçün mühüm əhəmiyyət kəsb edir: "Layihə ilkin mərhələdə 16 milyard kub metr mavi qazın Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edəcək. Bunun 6 milyard kub metri Türkiyə, 10 milyard kub metri isə Avropa bazarına çıxarılacaq. Sonrakı mərhələdə mavi qaz ixracatı 31 milyard kub metrə qədər artacaq ki, bu da region və Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşması baxımından olduqca vacib məqam kimi qiymətləndirilir”.

V.Bayramova görə, "Cənub Qaz Dəhlizi”nin reallaşması fonunda Bolqarıstan da daxili şəbəkə ilə sözügedən layihədən mavi qaz alacaq: "Eyni zamanda İAP layihəsi vasitəsilə Albaniya , Xorvatiya və digər bir sıra Avropa ölkələri də bu layihədən faydalanacaqlar ki, bu da Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin formalaşmasına ciddi töhfə verməsinə imkan yaradacaq. "Şahdəniz 2” layihəsində nəzərdə tutulan işlərin 90 faizi həyata keçirilib. Azərbaycan Abşeron yatağında işləri davam etdirir. Nəticə etibarı ilə bu da Azərbaycan mavi qazının Avropaya çıxış imkanlarının artırılması deməkdir”.

"Layihə iştirakçı ölkələrin əlavə gəlir əldə etməsinə şərait yaradacaq”

Ekspert bildirib ki, layihə enerji layihəsi olsa da, Azərbaycanla Aİ arasında əməkdaşlığın gücləndirilməsi baxımından kifayət qədər vacibdir: "Layihə hər iki tərəf arasında əlaqələrin inkişaf etdirilməsi və tərəflərin bu əməkdaşlıqdan faydalanmasına imkan verəcək. Layihə iştirakçı ölkələrin əlavə gəlir əldə etməsinə şərait yaradacaq. Onun reallaşması prinsipcə yalnız mavi qazın nəql edildiyi ölkələrin deyil, eyni zamanda Gürcüstan və Türkiyənin ondan istifadəsinə imkan verəcək ki, bu da nəticə etibarı ilə regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanda bu layihənin reallaşması nəticəsində 100 milyarddan artıq gəlir əldə edəcək. Bu, ölkəmizin iqtisadi mövqeyinin möhkəmlənməsinə, regionda iqtisadi baxımdan söz sahibliyinin qorunub saxlanması, eyni zamanda regional məsələlər, münaqişələrin həllində mövqeyimizin güclənməsinə gətirib çıxaracaq”.

İsmayıl