Azərbaycan bölgədə sabitliyi möhkəmləndirir

Deputat bildirib ki, dövlət başçısının beynəlxalq mövqeyimizlə bağlı söylədikləri çox diqqətçəkən amillərdir
2018-ci ildə Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə daha da möhkəmlənib


"Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib”. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlət başçısı qeyd edib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub: "Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Mən bu il 16 xarici səfər etmişəm, ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”. Ölkə rəhbəri qonşu ölkələrlə əlaqələrin yüksək səviyyəyə qalxdığını bəyan edib:

"Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən də söz açıb: "”Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. 

Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.

Ölkəmizin artan mövqeyini və dövlət başçısının təmas etdiyi məqamları "Şərq”ə dəyərləndirən millət vəkili Tahir Kərimli deyib ki, Prezident İlham Əliyev Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə çıxışında çox mühüm, aktual məsələlərə toxunub. Deputat bildirib ki, dövlət başçısının beynəlxalq mövqeyimizlə bağlı söylədikləri çox diqqətçəkən amillərdir: 

"Əminliklə demək lazımdır ki, Azərbaycanın mövqelərini gücləndirən ən mühüm məsələ daxili faktorla bağlıdır. Xarici siyasət daxili siyasətin davamı kimi formalaşır və inkişaf edir. Əgər Azərbaycanda ötən illər ərzində sabitlik olmasaydı, iqtisadi islahatlar aparılmasaydı, iqtisadiyyat möhkəmlənməsəydi, dünyanın ölkəmizə münasibəti indikindən fərqli olardı. Lakin Azərbaycan rəhbərliyinin birbaşa nəzarəti ilə aparılan davamlı islahatlar, konstitusional və institusional layihələr ciddi nəticələr verdi. İqtisadiyyatla paralel Azərbaycanın hərbi gücü də artdı. Ona görə də əksər xarici ölkə, xüsusən Qərb dövlətləri Azərbaycanla normal münasibətlər qurmaqda maraqlı oldular. Bütün bunlar həm də Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasıdır”.

 Parlament üzvü deyib ki, Azərbaycan nə qədər güclü olsa da, problemini ilk növbədə beynəlxalq hüquqa uyğun həll etməyə səy göstərir: 

"Hər zaman beynəlxalq hüquqa hörmət etmişik. Çoxları sual edir ki, Azərbaycan öz düşmənindən dəfələrlə güclü olmasına rəğmən niyə hələ də beynəlxalq hüququn prinsiplərini gözləyir?! Əslində Bakının dünyəvi mövqeyini gücləndirən, Azərbaycanın qlobal nüfuzunu artıran da məhz bu məqamdır. Xatırladım ki, Avropa İttifaqı bizimlə münasibətlərdə ikitərəfli əlaqələr çərçivəsində deyil, tərəfdaş ölkələrin hamısı ilə birgə müqavilə bağlamağa çalışırdı. Bundan dolayı iki tərəf arasındakı anlaşmazlığı körükləməyə, Azərbaycanı fərqli istiqamətə çəkməyə çalışanlar var idi. Amma Azərbaycan buna getmədi. Prinsipial siyasətimizlə, dönməz mövqeyimizlə, ən əsası isə sülhpərvər yanaşmamızla özümüzü hamıya qəbul etdirdik. Artıq demək olar ki, bütün Qərb dövlətləri, islam ölkələri, Çin və Rusiya ilə müsbət yöndə inkişaf edən əməkdaşlığa sahibik. 

Beynəlxalq təşkilatlarda səsvermə zamanı Azərbaycanın haqlı mövqeyi əksəriyyət tərəfindən dəstəklənir. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısının kökündə cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət, şəxsən özünün nüfuzu və bacarığı durur”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov da bildirib ki, 2018-ci ildə Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə daha da möhkəmlənib: 

"Dünyada regional və beynəlxalq aktorların və ayrı-ayrı güc mərkəzlərinin maraqlarının toqquşduğu bir vaxtda Cənubi Qafqazın bu proseslərdən uzaq olmasını düşünmək sadəlövhlük olardı. Rusiya və ABŞ arasında planetin az qala bütün nöqtələrindəki mübarizə, NATO və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirdikləri planlar bütün kiçik ölkələrdən ağıllı siyasət tələb edir. 2018-ci il ərzində Azərbaycan istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə bundan əvvəlki illərin siyasətinin davamı olaraq bir sıra dividendlər əldə etdi. Dünyanın əsas siyasi mərkəzlərindən sayılan Avropa İttifaqı ilə Azərbaycanın, Moskva ilə Bakının münasibətlərinin kifayət qədər normallaşması, İsrail-Azərbaycan əlaqələrinin strateji xarakter daşıması, o cümlədən KTMT və Avrasiya İttifaqı ölkələri ilə Azərbaycanın dərinləşən münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizə yazılacaq xallardır”.

İsmayıl