Azərbaycan danışıqlara qalib tərəf kimi gedir

Yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirdiArtıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbiçilərinin hədəfində deyil
Aprelin 2-5 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirildi. Düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qaldı və panik şəkildə geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirdi və orada möhkəmləndi. Bununla da Azərbaycan Ordusu qısa müddətdə qarşısına qoyulan strateji missiyanı yerinə yetirdi.
Ordumuzun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtardı. Dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin etdi. Artıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbiçilərinin hədəfində deyil. Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirdi. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. Həmin ərazilərdə yaşayan ermənilər kəndləri boşaldır və digər yerlərə köçürlər.
Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmlətmiş, ona olan inamı artırdı. Azərbaycanla bağlı formalaşmış stereotipləri tam dağıtdı. Xarici aləmdə Azərbaycana məğlub ölkə yanaşma tendensiyası aradan qaldırıldı. Azərbaycan vətəndaşı özünü məğlub ölkənin vətəndaşı hesab etmir. Hazırkı dövrə kimi hesab edilirdi ki, Azərbaycan məğlub tərəfdir və bu statusda danışıqlarda iştirak edir. Azərbaycanın haqlı tələbləri qulaqardına vurulurdu. 20 ildən artıqdır ki münaqişənin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. ATƏT-in Minsk Qrupu danışıq naminə danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. İndi isə həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Ümumilikdə, danışıqlar prosesinə konstruktiv dinamizm gətirildi. Minsk Qrupu və beynəlxalq aləm əmin oldu ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, burada intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür. Bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk Qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir. Hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur. ATƏT isə danışıqlar prosesini uzatmaq fikrindən daşınır. Bunların hamısı həqiqətdir. Amma məsələ burasındadır ki, Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir. Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, ölkəmizə qarşı beynəlxalq müsbət ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi. Nəticədə Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi. Ölkəmiz müharibənin tərəfdarı deyil, bunu dəfələrlə bəyan etmişik və əməlimizlə sübuta yetirmişik. Biz yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdik və düşməni cəzalandırdıq. Bütün bunlara görə, hazırda cəmiyyətdə olan yüksək əhval-ruhiyyədən irəli gələn çağırışlar ziyanlı hal kimi davam etdirilə bilməz. Hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, mövqeyini möhkəmlədib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, Azərbaycana dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Cəmiyyət hazırda tematikadan çıxmalı və bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir.
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, mövcud vəziyyətdə şərtli və müddətsiz atəşkəsin bağlanması düşünüldüyü kimi ölkəmizin əleyhinə deyil: "Bu atəşkəs şərtidir. Şərti də ondan ibdarətdir ki, ermənilər çəkildikləri mövqelərindən hücuma keçməsinlər. Atəşkəsin müddətsiz olması da o deməkdir ki, Azərbaycan hər an hərbi əməliyyatları bərpa edə bilər. Əməliyyatlar sırasında məlum oldu ki, Azərbaycan xalqının döyüş əzmi olduqca yüksəkdir. Habelə ermənilər anladılar ki, zəbt elədikləri torpaqlarda istədikləri kimi yaşaya bilməyəcəklər. Azərbaycanı qarət etməklə illərlə qurduqları hər şey bir gün başlarına uçacaq. Həm ATƏT, həm də Ermənistan bizimlə razılaşmalı olduqlarını gördülər. Kerri, Lavrov və onların fransalı həmkarları "səylərini gücləndirməsi barədə razılığa gəlmələri” onların bu reallığı gördükləri mənasına gəlir. Lakin bu dəfə Azərbaycan tərəfi onların oyununa gəlməyəcək. Onlar Ermənistana, torpaqlarımızın boşaldılması üçün real təzyiq göstərəcək. Yox əgər Ermənistan hiyləgər dirənmə mövqeyinə davam etsə, hərbi əməliyyatlar yenə başlayacaq. Ermənilərin bizim rayonlarımızı boşaltmaları əslində onların xeyrinədir. Çünki bu durumda Azərbaycan tərəfi onların jestinə xoşniyyət olaraq Dağlıq Qarabağın müəyyən muxtariyyət dərəcəsinə razılıq verəcək. Ruslar da onları belə bir varianta məcbur edə bilər. Ruslar sonsuzadək erməniləri qoruya bilməyəcəklərini anlayırlar”. Fərhad Mehdiyev həmçinin onu da vurğulayıb ki, danışıqlar masasına qayıtmağımızın bizim üçün müsbət cəhətləri olacaq: "Müsbət cəhət odur ki, itkilərimiz az olacaq. Vətəndaşlarımıza səbrli olmağı və bu məsələdə Prezident İlham Əliyevə etimad etmələrini tövsiyə edirəm. Heç şübhəsiz ki, beynəlxalq və regional konyukturanı yaxşı bilən ölkə rəhbərliyi, ən az bizim qədər torpaqlarımızın qaytarılmasını arzu edir”.
İsmayıl