“Xarici dövlətlər bu sahədə bizim təcrübədən faydalanmalıdır”
“Azərbaycan dünyanın güclü idman ölkəsinə çevrilib”
Həsən Əliyev: “Ölkəmizdə baş tutan idman yarışları elə yüksək səviyyədə təşkil olunur ki, indiyə qədər bunun oxşarını heç bir ölkədə görməmişəm”
“Xarici dövlətlər bu sahədə bizim təcrübədən faydalanmalıdır”
“Xarici dövlətlər bu sahədə bizim təcrübədən faydalanmalıdır”
İdmanın klassik güləş növü üzrə Avropa və Dünya çempionu Həsən Əliyev "Şərq”ə Avropa Oyunlarının əhəmiyyəti və onun Azərbaycan idmanına göstərəcəyi təsirdən danışıb. O bildirib ki, sözügedən əlamətdar yarış indiyədək ölkəmizdə keçirilmiş bütün beynəlxalq tədbirlərdən geniş olacaq. Bu isə o deməkdir ki, tədbirə birbaşa cəlb olunmuş on minlərlə insan - idmançılar, işçi qüvvəsi, rəsmilər, qonaqlar, turistlər və s. ölkəmiz haqqında, onun mədəniyyəti və potensialı haqqında məlumatlı olacaqlar:
"Daha böyük bir qüvvə media və yayım şirkətləridir ki, onlar da öz növbəsində Oyunları və ona ev sahibliyi edən ölkə haqqında bilgiləri dünyanın hər bir tərəfində yaşayan milyonlarla insana televiziya, radio, internet şəbəkələri, yazılı mətbuat vasitəsilə ötürür. Yəni bu marafon milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq. Müasir dünyada informasiya müharibəsinin hökm sürdüyünü nəzərə alsaq, ölkəmizdə meqa-tədbirin keçirilməsindən səmərəli istifadə edəriksə, böyük irəliləyişə nail ola bilərik. Əlbəttə, bu imkandan yalnız idman tədbirinin dünya ölkələrinə yayımı və ya yarış iştirakçılarının idman yarışından təəssüratı ilə kifayətlənsək, o qədər effektli nəticə əldə edə bilmərik. Bütün əhalimizin böyükdən kiçiyədək bu mühüm idman tədbirinin qurucusuna çevrilməliyik. Əslində gündəlik həyatımıza bir az rəng qataraq,
vətənpərvərlik hisslərimizi daha əyani ifadə etmək yerinə düşər. İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar ölkəmizdə çoxsaylı əcnəbi mütəxəssislər çalışır, onlar yalnız Bakı şəhərində deyil, ölkəmizin regionlarına da məmnuniyyətlə səfər edirlər. Burada gördüklərini ailələri və dostları ilə bölüşürlər. Bu isə o anlama gəlir ki, həmin insanlar həyat tərzimiz, mədəniyyətimiz, tariximiz və məişətimizlə bağlı məlumatları yayırlar, xalqımız haqqımızda fikir formalaşdırılmasında fəal iştirak edirlər.
- Oyunlarla əlaqədar paytaxtda çoxsaylı abadlıq və quruculuq işləri aparıldı. Bunu necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, mərkəzləşmiş şəkildə ölkəmizdə abadlıq işləri görülür, mədəni tədbirlər təşkil edilir. Amma təcrübə göstərir ki, bir əcnəbi daha çox kiçik detallara diqqət göstərir. Məsələn, fərdi evlərin arxitekturası, səliqə-səhmanı kimi məişət xarakterli detallar, vətəndaşlarımızın fərdi davranışı və məsələlərə yanaşmasını nəzərə alaraq bir xalq, ölkə haqqında özündə fikir yaradır və onu stereotipləşdirir. Buradan irəli gələrək deyə bilərik ki, Avropa Oyunlarının keçirilməsi ərəfəsində xalqımızın hər bir üzvü vətənimiz haqqında təəssürat yaratmaq üçün böyük şans əldə edib. İndi qalır ki, bu şansı müsbət istiqamətə yönəldək. Bu prosesdə hamı iştirak edə bilər. Baxın, 2014-cü ilin statistik göstəricilərinə görə, Azərbaycanda internet istifadəçiləri əhalinin ümumi sayının 60.3 faizini təşkil edir. Əgər internet istifadəçiləri ən azı öz dostları arasında xalqımızın mədəniyyəti və tarixi ilə bağlı məlumatları bu arada bölüşsələr, kifayət qədər böyük nəticə əldə edərik. Məncə, Oyunların başlanmasına az qalmış müddətdə müəyyən məqsədlər, hədəflər müəyyən edib, onlara nail olmaq üçün böyük səy göstərə bilərik. Bu məqsədlər ictimai və şəxsi yönümlü ola bilər. Əsas odur ki, faydalı olsun və onları əldə etmək üçün etik prinsiplər pozulmasın.
- Məsələn, nə kimi ideyalar?
- Doğrudur, qısa zamanda böyük məqsədlərə nail olmaq çətin olar, amma ən azından məqsədə doğru addım atıla bilər. Oyunların sonunadək hər gün yürüşə çıxaraq səhhətinizdən, fiziki formanızdan asılı olaraq konkret hədəflər qoya bilərsiniz. Daima idmanla məşğul olanlar üçün hər gün yürüşə kimi isə yeni bir adamı (dost, qohum, qonşu, həmkar və s.) cəlb etmək, velosiped sürməyi öyrənmək, üzməyi öyrənmək. Sosial mediada Azərbaycan mədəniyyətinə dair məlumatları bölüşmək daha çox da ola bilər. Oyunların bəzi rəqəmlərindən ruhlanaraq qeyd edirəm. İştirakçı ölkələrin bayraqlarını tanımaq, dillərində salamlama ifadələrini öyrənmək. Bəlkə, bağınızda Avropa Oyunlarına həsr olunmuş gül kompozisiyası yaradarsınız. Kollektivinizlə birgə 2015 ağac əkə və ya sulaya bilərsiniz. Ətrafınızdakı insanlara diqqət göstərə, qohumlarınızı ziyarət edə bilərsiz. Unutmayaq ki, idman fəaliyyəti ictimai fəaliyyət kimi insani dəyərləri aşılamaq və yüksəltmək üçün gözəl imkandır və yalnız yüksək fiziki nailiyyətlər əldə etmək məqsədi daşımır. Məncə, ümumilikdə ideya çoxşaxəlidir və fərdi olaraq nizamlana bilər. Əhalimiz məsələyə daha yaradıcı yanaşa bilər. Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı qeyd edə bilərəm ki, minlərlə iş yeri açılıb, əhali öz bilik və bacarıqlarını, beynəlxalq mühitdə çalışmaq təcrübəsini artırmaq imkanı əldə edib, idmançılarımızın doğma divarlar və pərəstişkarlardan ruh alaraq uğurlu çıxış etmək şəraiti yaranıb. İdman mütəxəssislərimizə daha çox idman yarışlarını yetirmələri ilə canlı izləyib təhlil etmək müsbət təsir edəcək. Müxtəlif sahələr Oyunların tələblərini təmin etmək üçün inkişaf etdirilib, infrastruktur möhkəmləndirilib. Bir də onu nəzərə almaq lazımdır ki, meqa-tədbirlərin təşkilatçı ölkəyə təsiri, əslində 3 dövrə bölünür: tədbirdən öncəki dövr, tədbirin keçirildiyi dövr və tədbirdən sonrakı dövr. Odur ki, sonuncu dövrdə birinci və ikinci dövrlərdə görülən iş və qoyulan sərmayə özünü daha əyani göstərir. Məsələn, yarışlardan öncə tikilmiş mehmanxanalar, yaradılmış infrastruktur, yarışlar zamanı ölkənin imkanlarının təbliği, Oyunlardan sonra buraya böyük turist axınına şərait yaradır. Bu isə qoyulmuş sərmayənin sonradan özünü doğrultması deməkdir və s. Amma bu o demək deyil ki, Oyunlardan sonra heç bir tədbir görmədən müsbət nəticə əldə olunacaq. Məsələn, tikilmiş idman qurğularının səmərəli istifadəsi üçün xüsusi plan hazırlanmalıdır. Həm yerli əhalinin istifadəsi baxımından, həm də beynəlxalq istifadəyə verilməsi baxımından.
- Oyunlara necə hazırlaşırsınız?
- Hazırlıqlar yüksək səviyyədədir. Demək olar ki, ağır məşqləri keçmişik. Yarışa 2-3 ay qalmış güclü məşqlər olur. 20 gündən az müddət qalanda isə məşqlər azalır ki, bədən özünə qayıtsın. Yorğunluq aradan qalxsın. Ağır məşqləri bitirmişik. Psixoloji olaraq da hazırıq. Marafonun başlamasını gözləyirik.
- Peşəkar idmançı kimi idmançılarımızın şansını necə dəyərləndirirsiniz?
- İdmançılarımız öz Vətənlərində, doğma divarlar və azarkeşlər arasında çıxış edəcəklər. Bu onların şansını artıracaq. Bəzi idman növləri bizim üçün yenidir. Amma idmançılarımızın mübarizəni sonadək aparması çox vacibdir. Daha vacib olanı isə ədalətli mübarizə aparmaqdır. İdman insanlara zövq verməli, yüksək mənəvi keyfiyyətlər aşılamalıdır.
- Oyunlar gənclərdə idmana marağın artmasında necə rol oynaya bilər?
- Əlbəttə ki, ölkədə təşkil edilən belə idman tədbirləri bu sahəyə marağı artıracaq. Uşaq və gənclər özlərinə ideal seçir və idmançılar kimi güclü olmaq, diqqət mərkəzində olmaq istəyirlər. Bu yarışlar, düşünürəm ki, valideynlərin də yanaşmasına müsbət təsir edər. Bu həqiqətdir ki, valideynlər uşaqların idmanla məşğul olmasında, onların seçimində mühüm rol oynayırlar. Əslində bu bir ayrı, müzakirəyə ehtiyacı olan mövzudur. Əsas bizim çıxışlarımız yaxşı olmalıdır ki, uşaqlar, gənclər görüb, idmana meyillənsinlər. Məsələn, mən çıxıb uduzacamsa, uşaqlar necə həvəslənsin? Bir daha qeyd edirəm ki, gərək biz yaxşı nəticələr göstərə bilək. Belə olacaq halda ölkədə idmana axın güclənəcək.
- 20 idman növü üzrə Oyunların keçirilməsi idmançılarımızda bir sıra idman növlərinə marağı artıra bilərmi?
- Sözsüz ki, yarışların proqramına daxil edilmiş bəzi idman növləri bizim ölkəmizdə o qədər də populyar deyil. Onları canlı izləməklə oyun həyəcanını hiss etmək imkanı yaranır və məşğul olmağa maraq arta bilər. Xüsusilə çimərlik futbolu və voleybolu, su idman növləri bizim təbii imkanlarımızla yaxşı uzlaşır. Bu arada mətbuat nümayəndələrinə də uğurlar arzulamaq istəyirəm. Oyunların uğurlu keçməsi və əhalinin müvafiq məlumatlanması və maariflənməsində kütləvi informasiya vasitələrinin rolu çox mühümdür.
- Oyunların Avropanın bir sıra inkişaf etmiş ölkələrinə deyil, Azərbaycan həvalə olunması nəyin göstəricisidir?
- Bu, ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının təzahürüdür. Baxın, hazırda Azərbaycan güclü bir idman ölkəsinə çevrilib. Respublikamız bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlara imza atıb. Demək olar ki, bütün regionlarımızda beynəlxalq standartlara cavab verən idman kompleksləri inşa olunub, gənclərin istifadəsinə verilib. Azərbaycan bundan əvvəl də bir çox Dünya və Avropa Çempionatlarına ev sahibliyi edib. Əlbəttə, bütün bunlar ölkə başçısının idmana qayğısından irəli gəlir. Ölkəmizdə baş tutan idman yarışları elə yüksək səviyyədə təşkil olunur ki, indiyə qədər bunun oxşarını heç bir ölkədə görməmişəm. Məncə, xarici dövlətlər bu sahədə bizim təcrübədən faydalanmalıdır. Beynəlxalq Olimpiya Komitəsi də dəfələrlə bunların şahidi olub. Ona görə də Avropa Oyunları kimi nəhəng bir turnirin ölkəmizdə təşkil olunmasına razılıq verib. Bir daha qeyd edirəm ki, bu, Azərbaycanın tarixi nailiyyətidir.
- Bu yarış ölkəmizin mədəni və tarixi irsinin dünya ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynaya bilər?
- Baxın, dünyanın müxtəlif ölkələrində təşkil olunan idman yarışlarına qatılmışam. Həmin ölkələrə səfər etməzdən öncə, internet vasitəsilə onların tarixi və mədəniyyəti ilə tanış olurduq. Müəyyən məlumatlar əldə edirdik. İndi başqa xalqlar da bizim ölkə ilə maraqlanacaqlar. Tarix və mədəniyyətimiz barədə müəyyən məlumatlar əldə edəcəklər. Yarış zamanı isə həmin faktların canlı şahidi olacaqlar. Əlbəttə, bu yarış bizə Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və 20 Yanvar hadisələrinə dair gerçəkliklərin dünya arenasına çıxarılması üçün bir şansdır. Bu imkanı müsbət dəyərləndirmək lazımdır.
- Tədbir ölkəmizi turizm məkanı kimi tanıda biləcəkmi?
- Şübhəsiz. Dəfələrlə olub ki, idman tədbirinə qatılmaq üçün hansısa xarici ölkəyə getmişik və oradan qayıdandan sonra həmin ölkəyə bir daha qayıtmaq istəmişik, qayıtmışıq da. Əminliklə deyə bilərəm ki, Azərbaycana təşrif buyuran əcnəbi idmançılar və eləcə də turistlər turistik məkanlarımızı görəndən sonra, növbəti illərdə turistik guşə kimi Azərbaycanı seçəcəklər. Bir sözlə, Oyunlar Azərbaycanın turizm ölkəsinə çevrilməsinə də imkan yaradacaq.
- Bununla yanaşı, oyunlarla əlaqədar bəzi xarici və daxili qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. Bu nədən qaynaqlanır?
- Bunun bir adı var. O da paxıllıqdır. Lazımsız işlərlə məşğuldurlar. Onlara fikir vermək lazım deyil. Nə edirlər etsinlər, karvanımızı saxlaya bilməyəcəklər.
Ayyət Əhməd