"Azərbaycan FETÖ məsələsində Türkiyənin mənafeyi naminə mövqeyini ortaya qoydu"





"Fətullah Gülən və onun təsir şəbəkəsinin, dünyada yayılan sisteminin Türkiyədə və digər ölkələrdə formalaşması Azərbaycanın və Türkiyənin, o cümlədən digər dövlətlərin milli maraqlarına zərbə vuran hadisə idi”.

Bunu "Sherg.az”a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun "Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir” fikirlərinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. Deputatın sözlərinə görə, FETÖ terror şəbəkəsinin hədəfləri gənclərin, aktiv insanların bura cəlb edilməsi, külli miqdarda vəsait verilərək, dövlət elitalarının ələ alınması məsələləri olub:

"Bu yollarla dövlətin şərtində xüsusi hakimiyyət orqanına çevrilmək uzun illər tarixdə özünə yer etmiş siyasətdir. Bu şəbəkənin arxasında dayanan qüvvələr isə bəllidir.

İkinci Dünya Müharibəsi zamanında "Marşal planı” hazırlandıqda əsas məqsəd sovetlər birliyinin ekspansiyasına dirəniş göstərmək idi. Bunun müxtəlif fəsilləri də mövcud idi və Qərb, Avro-Atlantik birliyi bunları həyata keçirmək planları qururdu. Fətullah Gülən şəbəkəsinin "nurçuluq” cərəyanı vasitəsilə bütün dünyada şəbəkələşib, dövlətləri idarə etmək istəyi "Marşal planı”nın başqa formada təkrarıdır. Belə yanaşma da var ki, Mustafa Kamal Atatürk Türkiyəni qurduqda Qərb dövlətlərindən qopmağın asan olmayacağını düşünürdü. 

Ötən əsrin 80-ci illərindən Türkiyə içərisinə nüfuz edən sistem aktiv fazaya daxil oldu, müəyyən dövrdə Rəcəb Tayyib Ərdoğanın da rəğbətini qazandı. Lakin sonradan şəbəkə ifşa olundu, təşkilatın neytrallaşması üçün işlər görüldü. 15 iyul hadisələri, dövlət çevrilişinə cəhd isə vəziyyəti açıq şəkildə dünyanın gözü önünə sərdi. Bundan sonra müvafiq addımlar atıldı, şəbəkənin zərərsizləşdirilməsi, F.Gülənin ətrafındakı uzantıların aşkarlanıb, qarşısının alınması istiqamətində işlər görüldü.

Azərbaycanda isə bu istiqamətdə fəaliyyət göstərən şəxslər qəti şəkildə hansısa çevriliş, bununla əlaqəli fəaliyyətdə bulunmayıblar. Ona görə, ölkəmizdə Fətullah Gülən sisteminə daxil olanların xəyanətkar olduğu barədə yanaşma mövcud deyil. Təhsil sistemində yer alan şəxslərin hamısının arzuolunmaz şəxs elan edilməsi addımları yanlış olar. Lakin Azərbaycan Mövlud Çavuşoğlunun da qeyd etdiyi kimi Türkiyənin mənafeyi naminə mövqeyini ortaya qoydu. Həmçinin öz mənafelərimizə zidd addımları da zərərsizləşdirməyi bacardıq”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanda bağlanan məktəblərlə bağlı təkliflə çıxış edib. Nazir diqqətə çatdırıb ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: "FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim "Maarif” Vəqfinə verə bilər”.

Aysel Aslan