"Azərbaycan ictimaiyyəti bu cür müxalifətə çoxdan "yox” deyib" - Siyasi ekspert

"Belələrinin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinin qarşısı qanunla alınmalıdır”



"Azərbaycanda sərbəst toplaşmaq haqqında qanuna tam şəkildə əməl olunur. Bu qanunun tələbləri sadəcə dövlət qurumlarına deyil, eyni zamanda sərbəst toplaşmaq hüququndan istifadə edən şəxslərə də aiddir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Analitik bildirib ki, məlum qrupların fəaliyyəti qanunun təməl prinsipləri ilə üst-üstə düşmür: 

"Onlar öz fəaliyyəti ilə ictimai təhlükə yaradırlar. İnsanların təhlükəsizliyini təhdid altına alırlar və qanunvericiliyin tələblərindən kənara çıxaraq qarşıdurmaya cəhd göstərirlər. Son keçirilən aksiyada səsləndirilən fikirlər, meydanda öncədən hazırlanmış insanlar tərəfindən aksiyanın təyin edilmiş yerdən kənara çəkilməsi və təşkilatlçıların da faktiki olaraq prosesə dəstək verməsi göstərdi ki, həmin insanların məqsədi heç də sərbəst toplaşmaq hüququnundan istifadə etmək deyil. Məqsəd ictimai sabitliyi pozmağa cəhd göstərməklə xarici ağalarının sifarişlərini yerinə yetirməkdir”.

E.Mirzəbəylinin sözlərinə görə, ictimaiyyət köhnə təfəkkürdən və düşüncə tərzindən, heç bir konstruktiv motivi olmayan, cəmiyyəti irəli aparmaq imkanında olmayan, hər gün mövqe dəyişən, ideoloji prinsiplərə qarşı savaş açan həmin insanlardan yorulub: 

"Eyni simalar, eyni düşüncə tərzidir və dəyişən heç nə yoxdur. Həmin şəxslər bugünədək normal və konstruktiv təşəbbüslə, təkliflə, proqramla çıxış etməyi bacarmayıb. Fəaliyyətləri yalnız dedi-qodu, onun-bunun layihəsində yer almaqla öz missiyalarını reallaşdırmaq və Azərbaycanın maraqlarının əleyhinə çıxış etməkdən ibarət olub. Fəaliyyət göstərdikləri dövrə diqqət yetirsək, görərik ki, onların addımları ilə Azərbaycanın mövqeyinə, maraqlarına düşmən kəsilmiş qüvvələrin, ermənilərin addımları eyni mənbədən idarə olunur. Azərbaycan ictimaiyyəti bu cür müxalifətə  çoxdan "yox” deyib. Belələrinin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinin qarşısı qanunla alınmalıdır”.

İsmayıl