Azərbaycan İrana nota verməlidir

Sabir Rüstəmxanlı: “İran rəsmiləri dillərində Dağlıq Qarabağı Azərbaycan torpaqları kimi tanıdıqlarını deyir, əməldə isə separatçı respublikanın bayrağını paytaxt şəhərində dalğalandırır”
İran İslam Respublikası tərəfindən Azərbaycanın maraqlarına zidd olan addım atılıb. İranın paytaxtı Tehranda keçirilən 48-ci erməni Olimpiya Oyunlarına separatçı Dağlıq Qarabağ "Respublikası”ndan da idmançılar dəvət edilib. "Artsax Respublikası” yığması adı altında oyunlara qatılan idmançılar arenada qondarma rejimin bayrağını da dalğalandırıblar.
10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstan idmançıları mübarizə aparıb. Qeyd edək ki, Tehranda yerləşən "Ararat” klubunda 48-ci erməni olimpiadasının açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə məlumatlara münasibət bildirib: "İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Azərbaycan İrana qondarma rejimin olimpiadada təmsil olunması ilə bağlı mövqeyini çatdıracaq. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib”.
Səfir qeyd edib ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır: "Və ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatlı olduğunu deyib: "Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müqabil dövlət orqanlarına çatdırmaqdadır.
Bildirmək istərdik ki, İran İslam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir”.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, Xalq şairi Sabir Rüstəmxanlı isə Azərbaycanın kütləvi informasiya vasitələri və diaspor təşkilatlarının bu məsələyə lazımınca reaksiya vermədiyini düşünür: "Eyni zamanda Güney Azərbaycanda yaşayan 35 milyonluq soydaşlarımız da bu yarışa öz etirazlarını bildirməyiblər”.
48-ci erməni Olimpiya Oyunlarının Tehranda keçirilməsinin və yarışlara separatçı Dağlıq Qarabağ "Respublikası”ndan da idmançıların dəvət olunmasının arxasında siyasi oyunların dayandığını vurğulayan S.Rüstəmxanlı deyib ki, İran özünü Azərbaycana dost ölkə kimi göstərsə də, əlinə düşən hər fürsətdə Ermənistanı müdafiə etməkdən çəkinmir: "Dəfələrlə rəsmi səviyyədə iranlılarla ermənilər arasında qan qohumluğu olduğu da vurğulanıb. Sayları İranda yaşayan Azərbaycan türklərinin sayından on dəfələrlə az olsa da, ermənilər İranda dini azlıq adı altında bütün imkanlardan istifadə edirlər, cüzi belə olsa hüquqları pozulmur. Öz dillərində məktəbləri, mətbuat orqanları belə var. Nədənsə, bədbəxt müsəlmanlar ancaq biri-birinə düşmənçilik edir. İran şiə qardaşlığından dəm vura-vura İrandakı türklərə düşmən kəsilib. Mümkün olduğu qədər hüquqlarını əlindən alıb, dilini yox eləyir, tarixlərini saxtalaşdırır, assimilyasiya siyasəti apararaq onları farsların içində əritməyə çalışırlar. İran rəhbərliyinin Azərbaycan türklərinə qarşı bu münasibətini görən ermənilərin də əl-qolu açılır. Əllərinə düşən hər fürsəti dəyərləndirərək Azərbaycana qardaşlıq mesajı ötürürlər. İran rəsmiləri dillərində Dağlıq Qarabağı Azərbaycan torpaqları kimi tanıdıqlarını deyir, əməldə isə separatçı respublikanın bayrağını paytaxt şəhərində dalğalandırır, onların müstəqil dövlət statusu ilə çıxışına şərait yaradırlar. Bu da İran rejiminin iç üzünün nədən ibarət olduğunu göstərir”.
S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan tərəfi rəsmi şəkildə İrana nota verməli və Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqil dövlət statusu ilə yarışlara qatılması və öz bayrağını dalğalandırmasının beynəlxalq prinsiplərə zidd olduğunu xatırlatmalı idi.
Şəymən