"Azərbaycan İranın nəzərinə çatdırmaq istəyir ki..." - Analitik




"İranın Dağlıq Qarabağ ətrafındakı danışıqlarda vasitəçi rolunda çıxış etmək istəyi var”.

Bunu Sherg.az-a İran prezidenti Həsən Ruhaninin Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyindən danışarkən siyasi şərhçi Azər Rəşidoğlu deyib. 

O bildirib ki, İran bir dəfə vasitəçilik etmək istədikdə Şuşa işğal olundu. Bu o demək idi ki, Rusiya kənar oyunçunun danışıqlar prosesinə qoşulmasının qarşısını alır:

"İndi isə bir qədər situasiya dəyişib. Donald Tramp ABŞ-ın prezidenti seçiləndən sonra onun hədəfində İranın olduğu nümayiş etdirilir. Artıq İran Rusiya ilə daha da yaxınlaşır, rəsmi Moskva isə ona raket qurğuları satmaqda, bağışlamaqda davam edir. Bu baxımdan Azərbaycanın rolu önəmlidir. Çünki regionda yeni müharibə başlayıb, İran əleyhinə hərbi əməliyyatlar həyata keçirilərsə, bunun Azərbaycan ərazisindən keçirilib, keçirilməməsi barədə rəsmi Bakının mövqeyi həlledici olacaq. Prezident İlham Əliyevin İrana səfəri də bununla bağlıdır ki, Azərbaycan bu məsələdə neytral qalmağa üstünlük verir. Digər tərəfdən Milli Məclis ölkədəki hərbi vəziyyətlə bağlı qanun layihəsini qəbul edib. Düşünürəm ki, bu da, ABŞ və İran arasında ola biləcək hərbi savaşla bağlıdır. Rəsmi Bakı rəsmi Tehranın nəzərinə çatdırmaq istəyir ki, İrana qarşı hərbi əməliyyatların öz ərazisindən ötürülməsinə imkan verməyəcək”.

İranın Azərbaycan və İsrail münasibətlərinə açıq şəkildə sərt reaksiya verməsini diqqətə çatdıran A. Rəşidoğlu bildirib ki, buna rəğmən rəsmi Tehran özü Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla sıx əməkdaşlıq qurur, iqtisadi və hərbi baxımdan köməklik edir:

"Həmçinin dolayı yolla da olsa siyasi dəstək verir. Bu baxımdan İran siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarını səmimi hesab etmirəm. Sadəcə olaraq, İran əmin olmaq istəyir ki, Bakı anti-İran xarici siyasətinə qoşulacaq, ya qoşulmayacaq. Azərbaycanın praqmatik dövlət maraqları isə bu məsələdə neytral qalmağa üstünlük verir. Ancaq Tehran Azərbaycanın düşməni olan ölkə ilə əməkdaşlığa davam edərsə, rəsmi Bakının İrana sərt şəkildə münasibətlərin səbəbini soruşmaq haqqı var. Amma güman etmirəm ki, yaxın vaxtlarda Tehran Ermənistana yardımdan əl çəksin”.

Qeyd edək ki, ötən gün geniştərkibli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani mətbuat konfransı keçirib. Həsən Ruhani bildirib ki, İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır: "Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq. Münaqişələr müzakirə və siyasi yollarla öz həllini tapmalıdır”.

Aysel Aslan