Azərbaycan mediası vacib prosesdən kənarda qalmamalıdır
Türk-islam coğrafiyasını əhatə edən ölkələrdə Qarabağın səsini daha geniş şəkildə təbliğ etməliyik
(əvvəli ötən sayda)
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Kastamonu şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu münasibətlə təşkil olunmuş tədbirlərə Azərbaycan jurnalistləri ilə yanaşı, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist qatılıb. Mərasimlərdə iştirak edən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasını təmsil edən jurnalistlərlə Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi barədə söhbət edib. Baş redaktor söhbətlərin nəticəsindən olduqca məyus olduğunu deyib.
Akif Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın siyasi mərkəzlərində daha çox müzakirə olunmasına diqqət göstərilir, ciddi fəaliyyət ortaya qoyulur, amma türk-islam dünyasının bir parçası olduğunu qəbul etdiyi ölkələrdə bu işin səviyyəsi çox aşağıdır. Hətta SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya dövlətlərində də Azərbaycanın haqlı davası lazımınca obyektiv qiymətləndirilmir. Baş redaktorun sözlərinə görə, Özbəkistanı təmsil edən gənc reportyor Şirzad İkramutdinov söhbət zamanı Qarabağ münaqişəsi barədə geniş məlumata malik olmadığını deyib. Çalışdığı informasiya agentliyində xəbərlər getdiyini söyləyib, amma problem haqqında neytrallıq nümayiş etdirdiklərini bildirib:
"Mən bu münaqişədə kimin haqlı, kimin günahkar olduğunu bilmirəm”. Tatarıstandan olan gənc xanım jurnalist də məlumatı olmadığı üçün Qarabağdan danışmayıb. Moldovadan olan "Qaqauziya xəbərləri” saytının əməkdaşı Alla Böyük isə bir neçə dəfə Azərbaycana səfər etdiyini qeyd edib.
Amma o da Qaqauziyada Qarabağdan daha çox Ukrayna və Rusiyadan yazmağı üstün tutduqlarını vurğulayıb. Qaqauzlu jurnalistin fikrincə, Azərbaycan Moldovadan çox uzaqdır, buna rəğmən Qarabağ barədə də yazırlar: "Bilirik ki, kiçik qarşıdurmalar olur, onda xəbər veririk”. Özünün şəxsi fikrinə görə isə Alla Böyük Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Digər gənc qaqauzlu politoloq, siyasət yazarı Anatoli Tolmaç Qarabağ münaqişəsinin tarixini, yaranma səbəblərini daha yaxşı ifadə edib. Hətta İranda, Cənubi Azərbaycanda 35 milyon Azərbaycan türkünün yaşadığını, üzləşdiyi çətinlikləri və beynəlxalq vəziyyəti təhlil edib. Tolmaçın dediyinə görə, Moldova kimi dövlətlər Qarabağ münaqişəsi barədə neytrallığını qoruyub saxlayır və bu da dünyada erməni diasporunun fəaliyyətini yada salır: "Rəsmi olmasa da, deyim ki, qaqauzlar eyni soykökə bağlı Azərbaycanı dəstəkləyir. Azərbaycan güclü dövlətdir, hərbi potensialı çox yüksəkdir. Qazaxıstanlı jurnalist Tolqadan Baturxanın fikrincə, Qarabağın həlli yolu müharibə deyil, sülhdür. Azərbaycanın ədalətsiz müharibəyə cəlb olunmasına münasibət bildirən qazaxıstanlı jurnalist prosesin hansı istiqamətdə getdiyindən məlumatsızdır. Çünki Qazaxıstan mətbuatı əsasən öz problemlərindən yazır. Onun fikrincə, Qarabağ problemi digər dövlətə aiddir.
Qırğızıstanın rəsmi "Qırğız tusu” qəzetinin redaktoru Ernest Bolbakov isə Qarabağ konfliktinin mahiyyətini və Azərbaycanın haqlı mövqeyini bu cür açıqlayıb: "Qarabağ türk sözüdür. Qarabağ türkcə qara və bağ sözlərindən götürülüb.
Bu, torpağın sahibliyinin kimliyini göstərən faktdır. Ermənilərlə heç bir əlaqəsi, bağlantısı yoxdur”. Qırğız türkləri bu konfliktdən bəzi imperialist və maraqlı qüvvələrin istifadə etdiyini düşünür. Qırğız mediasının bu konfliktə həmişə toxunduğunu deyir: "Qırğızların böyük əksəriyyəti öz qardaşları azərbaycanlılıların yanındadır”. Nəticə olaraq türk dünyasından gələn həmkarlarla söhbət bu acı gerçəyi ortaya qoyur ki, Avropadan ədalətli mövqe gözlədiyimiz halda, Qarabağ həqiqətlərini hələ öz din bir, qan bir qardaşlarımıza lazımi səviyyədə çatdıra bilməmişik.
Məsələ ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ümummilli vəzifəyə çevrilməlidir:
"Biz internet əsrində yaşayırıq. Obrazlı desək, dünya bizim kompüterimizin ekranı qədərdir. Yəni, beynəlxalq aləmlə ünsiyyət imkanları günbəgün genişlənir. Texnoloji üstünlüklərdən mütləq faydalanmalıyıq. Hörmətli Akif bəyin qarşılaşdığı mənzərə mənə də yad deyil. Hətta deyərdim ki, nəinki Orta Asiyada, elə Türkiyənin özündə də Dağlıq Qarabağ münaqişəsinin tarixini və mahiyyətini bilməyən xeyli sayda adam var. İllər biri-birini əvəz edir, nəsillər dəyişir. Gənc nəsillə işləməli, onları erməni vandalizmindən xəbərdar etməliyik. Amma bu işi təkcə səfirliklərin, diaspora təşkilatlarının öhdəsinə buraxmaq doğru deyil. Gənc nəslin bu prosesdə iştirakını təmin etməliyik. Sevindirici haldır ki, bu gün Azərbaycanda müxtəlif xarici dillər bilən, dünya ilə onun öz dilində danışmağı bacaran gənclik var”. Təşkilat sədri bəyan edib ki, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması üçün gənclik daha çox çalışmalıdır: "Əlbəttə, müvafiq dövlət qurumları, KİV-lər bu prosesdə yaxından iştirak etməlidir. Bir neçə dildə xəbər yayımı ilə məşğul olan televiziya kanalının yaradılması ilə bağlı təklif son dərəcə aktualdır. Hesab edirəm ki, belə bir telekanalın fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasını sürətləndirə bilər”.
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev də "Şərq”ə bildirib ki, Akif Aşırlı çox ciddi bir məsələni ictimailəşdirib. Baş redaktorun sözlərinə görə, bizim informasiya siyasətimiz daha çox Avropa və ABŞ ictimaiyyətinin Qarabağla bağlı düzgün, dolğun informasiya almasına yönəlib:
"İllərdir bu istiqamətdə çalışmalarımız davam edir. Burada əsas hədəflərdən biri də Qarabağ münaqişəsinə təsir imkanı olan ölkələrlə bağlıdır və Azərbaycan da buna nail olmaq istəyir.
Türk ölkələrinin, xüsusilə Orta Asiya ölkələrinin mövqeyi Türk PA və yaxud İƏT çərçivəsində bəllidir. Bu, istər-istəməz, bir az arxayınlıq yaradır. Ancaq Akif bəyin müşahidəsi göstərdi ki, bu məsələdə arxayınlıq həddi aşacaq səviyyədədir. Xatırlayıram ki, eyni vəziyyətlə bağlı çağırış bir neçə il əvvəl Türkiyənin ayrı-ayrı şəhərləri ilə bağlı da olmuşdu. Xocalı soyqırımı ilə bağlı nəinki təsəvvürlər yox idi, hətta bu soyqırımda azərbaycanlıların günahkarlığı barədə yanlış təsəvvürlərin formalaşmasına səbəb olan erməni təbliğatı qardaş ölkədə ayaq açmışdı. Bu məlumatdan sonra Türkiyənin özündə belə daimi təbliğatın vacibliyi ortaya çıxdı və qısa müddətdə mənzərə dəyişdi. Hesab edirəm ki, narahat olanlar haqlıdır. Biz dövlətlərin rəsmi mövqeyini müəyyənləşdirdikdən sonra belə həmin ölkədə təbliğatı daha da aktivləşdirməliyik. Orta Asiyada da, İranda da bu həqiqətlərin təbliğində ciddi işlərin görülməsinə ehtiyac var. O ki qaldı günahkar axtarışına, hesab edirəm ki, onu axtarmağa dəyməz. Necə deyərlər, bir günah sənindir, bir günah mənim. Səfirliklərdən, diaspor təşkilatlarından tutmuş mediamıza, QHT-lərimizə qədər, bu işdə hamımızın məsuliyyəti var”.
Mövzunu "Şərq”ə dəyərləndirən "Azadinform” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev də bu sahədə problemlərin olduğunu təsdiqləyib:
"Biz daha çox Avropada təbliğat aparırıq, əlbəttə, bu da mütləqdir, amma türk-islam coğrafiyasını əhatə edən dövlətləri yaddan çıxarmamalıyıq. Türk və islam dövlətlərini əhatə edən beynəlxalq səviyyəli təşkilatlarda Azərbaycan rəsmi səviyyədə bəyanatların qəbul edilməsinə nail olub. Amma bu coğrafiyada yaşayan ictimaiyyətin məlumatlandırılması məsələsində geridə qaldığımızı düşünürəm. Bu məsələdə Azərbaycan mediası yox, daha çox sözügedən ölkələrdə fəaliyyət göstərən səfirliklər və xüsusən də diaspor fəalları aktiv olmalıdırlar. Təəssüf ki, biz bunu görmürük, diaspor təşkilatları çox zaman ofislərində tədbirlərin keçirilməsi ilə kifayətlənirlər. Ofis şəraitində keçirilən tədbirlərin ictimai maarifləndirilmə səviyyəsi çox zaman effekt vermir. Biz dəfələrlə bu kimi təcrübələri sınaqdan keçirmişik”.
Ekspertin sözlərinə görə, diaspor fəalları yaşadıqları ölkələrdə mediaya çıxış imkanları əldə etməlidirlər:
"Bu, təbliğat nöqteyi-nəzərindən çox vacib amildir. Diasporla İş üzrə Dövlət Komitəsi bu işə bu və ya digər mənada dəstək olmalıdır. Görünən odur ki, bu dəstək yoxdur, əgər olsaydı məlum mənzərə ilə qarşılaşmazdıq. Azərbaycan jurnalistləri də prosesdən kənarda qalmamalıdır. Xüsusən də Orta Asiya dövlətləri ilə güclü iş aparılmalıdır, ölkələrə səfərlər təşkil edib redaksiyalarda görüşlər keçirmək zəruridir. Qarşılıqlı əməkdaşlıq prosesi xeyli irəli apara bilər”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov isə bildirib ki, bu məsələdə günahkar axtarmaq bizi yanlış yola yönləndirər:
"Bu məsələdə hamı həmrəy olub çıxış yolları aramalıdır. Xarici ölkələrdə olduğum zaman mən də bəzən müşahidə edirdim ki, əcnəbilər Dağlıq Qarabağ problemi haqda az bilirlər. Amma gəldiyim qənaət budur ki, bir çox halda insanlar sadəcə siyasətlə, xüsusən də geosiyasətlə az maraqlanır. Ümumiyyətlə deyərdim ki, bu məsələdə mədəniyyət sahəsində görülən işlər daha çox qabardılmalıdır. Yəni yaxşı olardı ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problemi ilə bağlı xaricdə daha çox kitab çap olunsun, filmlər çəkilsin, sərgilər keçirilsin. Deməzdim ki, bu məsələdə tam uduzuruq, çünki müəyyən işlər görülür. Sadəcə bu işlər daha da intensivləşməlidir və daha çox qabardılmalıdır. Düşmənlərimiz də dinc durmur. Haqsız olduqları halda hayqırırlar. Hətta bir deyim var ki, yalan nə qədər böyük olsa, ona daha çox inanırlar, nəinki həqiqətə. Soyuqqanlı şəkildə bu müharibədə də, yəni informasiya müharibəsində biz qalib gəlməliyik”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb