Azərbaycan prosesləri izləyir...

Sərhədlərimiz tam bərpa olunandan sonra Avrasiya İttifaqına daxil ola bilərik
Elman Məmmədov: “Bütün məsələləri ən xırda detalına qədər nəzərdən keçirəndən sonra sərfəli variantı seçəcəyik”

Tahir Kərimli: "Aİ-də də türk dövlətləri az deyil. Bu mənada ölkəmizin Aİ-yə qatılması heç bir təhlükə vəd etmir”


Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik” agentliyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına qatılmasından söz açıb. Ölkə Prezidenti qeyd edib ki, Azərbaycan indiki statusunda özünü çox inamlı hiss edir. Onun sözlərinə görə, Azərbaycanın gələcəkdə Avrasiya İttifaqına (Aİ) üzvlük imkanlarını istisna etmək olmaz: "Bu mövzu ilə bağlı söhbət çoxdan ekspert cameəsi və müxtəlif ölkələrin siyasi elitası arasında gedir.

Biz prinsipcə, hazırda olduğumuz şəraitdə özümüzü çox inamlı hiss edirik. Ona görə də tendensiyaların necə olacağına baxmalıyıq. Əlbəttə, əgər İttifaq cəlbedici olsa, oraya çoxları daxil olmağa çalışacaq. Heç nəyi istisna etmək olmaz. Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla izləyir. Bu gün bizim Avrasiya İttifaqı ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolunu getmək üçün motivasiya lazımdır. O, iqtisadi, sosial, siyasi və başqa cür də ola bilər. Biz hazırda bu istiqamətdə işləyirik”. Ölkə başçısının açıqlamasını müsbət dəyərləndirən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, o ittifaqa üzvlük bizə sərf edəcəksə, xeyrimizə olacaqsa, bizə hər hansı məsələlərdə bir məhdudiyyət yaratmayacaqsa, bir zərər verməyəcəksə, inkişafımıza kömək olacaqsa, biz də üzv ola bilərik: "Coğrafiyamız bu ittifaqa üzv dövlətlərin əksəriyyəti ilə həmsərhəddir və onlarla hərtərəfli əlaqələrimiz var. Ancaq biz həmsərhəd dövlət olmaq və ya o ittifaqın bizi dəvət etməsi xatirinə nəsə edə bilmərik. Biz bu məsələləri analiz etmədən, ora üzv olub, sonra da onun peşmanlığını çəkənə qədər, bəri başdan fikirləşib, götür-qoy edirik. Cənab Prezidentimiz öz açıqlamasında bunu çox gözəl ifadə edir. Bildirir ki, bu ittifaq yaranandan Azərbaycan bu təklifi alıb. Ölkəmiz gedişatı izləyir. Yəni öyrənir ki, bu birlik yaranandan bəri hansı fəaliyyətlə məşğuldur. Bu ittifaqın üzvləri kimlərdir. Onların arasındakı münasibətlər necə cərəyan edir? Bu ittifaqa daxil olan dövlətlər sonradan iqtisadi və başqa sahələrdə hər hansı bir asılılıq və məhdudiyyətlə üzləşməyəcəklər ki? Bu, məsələnin bir tərəfi, digər yandan, lap əvvəldən bəyan etmişdik ki, biz işğalçı dövlətlə eyni ittifaqda olmaq istəmirik. Çünki bu dövlətin özü ittifaqa bir yükdür. Ermənistan bu ittifaqdan dəstək umur. Onların MDB, KTMT və Aİ-dən gözləntiləri budur. Hesab edirəm ki, cənab Prezidentin tapşırığı və rəhbərliyi ilə iqtisadçılarımız, siyasətçilərimiz, ekspertlərimiz bu sahədə iş aparır. Nəticəsi araşdırılır və cənab Prezidentimizə təqdim olunur. Bütün məsələləri ən xırda detalına qədər nəzərdən keçirəndən sonra sərfəli variantı seçəcəyik”.

Digər millət vəkili Tahir Kərimli də söyləyib ki, cənab Prezidentin mövqeyi çox düzgündür: "Sizə bunun tarixi əsasını verəcəm. Sovet dövründə bəzi ölkələr Aİ-yə qatılmaq istəyirdilər. Lakin Moskva hər vəchlə bunun qarşısını alırdı. Amma indi Rusiya öz tərkibində Avrasiya siyasi cərəyanı yaradıb və həmin ideya dövlət səviyyəsində qəbul olunub. Bu da ondan irəli gəlir ki, Rusiya rəhbərliyi öz tərkibində 30 milyona yaxın türk toplumunun olduğunu yaxşı anlayır. Eyni zamanda şimal qonşumuzun ətrafı da türk-müsəlman dövlətləri ilə əhatə olunub. Belə bir vəziyyətdə Rusiya hakimiyyətinin Azərbaycanı və digər ölkələri Aİ-yə qəbul etməsi müsbət addımdır. Sovet dövründə bu ona görə lazım idi ki, Özbəkistanda qul əməyi olan pambıq yetişdirilirdi. Milyonlarla ton pambıq Moskva ətrafına göndərilirdi və orda əyrilirdi. Yəni zülmü çəkən türk xalqları idi. Bir sözlə, o vaxt Aİ Moskvanın müstəmləkələrə təsirini azaltmaq məqsədi daşıyırdı. Amma indi siyasi cəhətdən şimal qonşumuzun özünə türk-müsəlman dövlətləri razıdır. Məxsusi olaraq belə bir ehtimal güclüdür ki, Dağlıq Qarabağ məsələsində Moskvanın müsbət yanaşması davam edərsə, Azərbaycan ərazi bütövlüyü təmin olunarsa, Azərbaycanın Türkiyə ilə birlikdə Aİ-yə qatılması heç bir qorxu törətmir. Ona görə ki, Rusiyanın tərkibində türk-müsəlman xalqları çoxdur. Və bununla yanaşı, Aİ-də də türk dövlətləri az deyil. Bu mənada ölkəmizin Aİ-yə qatılması heç bir təhlükə vəd etmir. Düşünmürəm ki, bu, SSRİ-də olduğu kimi müstəmləkə vəziyyətləri yarada bilər”. Millət vəkili bəyan edib ki, Azrbaycanın yeganə şərti Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul olunmasıdır: "Məlum müsahibəsində cənab Prezident açıq şəkildə mesaj verir ki, Qarabağ məsələsində Azərbaycanın haqq işinin müdafiəsi Rusiyanın əlindədir. Hamı yaxşı bilir ki, Moskvanın qəti mövqeyi

Ermənistanı yerində otuzdura bilər. Azərbaycan Aİ-yə qatılsa, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin qarantıdır. Belə bir vəziyyətdə Moskvanın düzgün mövqeyi olarsa, Ermənistana qarşı məcburetmə mexanizmini işə salarsa, hər şey yaxşı olar”.

Ayyət Əhməd