Azərbaycan Qafqazın açar dövlətidir

“Sadəcə olaraq Qərb institutlarının zaman-zaman yanlış qərarlar və fikirlər səsləndirməsi problemlərə səbəb olurdu”“Bakının aktiv xarici siyasət yürütməsi Avropa İttifaqını yenidən əməkdaşlığa sövq edir”
Avropa İttifaqının ali nümayəndəsi Federiko Moqeriniyə Azərbaycanla əməkdaşlığa dair
danışıqlara başlamaq üçün mandat verilib. Məlumata görə, yeni saziş 1996-cı ildə imzalanmış
tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir.
Sənəd, həmçinin Aİ-nin və Azərbaycanın üzləşdiyi problemləri və qarşıya qoyulan məqsədləri
nəzərə almalıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Avropa İttifaqı ilə əməkdaşlığın müzakirə
edilməsini alqışlayır və təqdir edir. Mətbuat xidmətinin rəhbəri deyib ki, yeni sazişin
imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə
keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə
yaradacaq. 
Aİ ilə əlaqələrin inkişaf etdirilməsinə münasibət bildirən siyasi elmlər doktoru,
politoloq Cümşüd Nuriyev "Şərq”ə açıqlamasında deyib ki, istənilən xarici qurumla
münasibətlərin normallaşması müsbət dəyərləndirilməlidir: 
"Avropa İttifaqı ilə Azərbaycan arasında qarşı tərəfdən yaradılmış süni gərginlik var idi. Əslində bu gərginliyin arxasında ciddi məsələ durmurdu. Sadəcə olaraq Qərb institutlarının zaman-zaman yanlış qərarlar və fikirlər səsləndirməsi problemlərə səbəb olurdu. İndiki məqamda əməkdaşlığın yenidən bərpa edilməsində siyasi çalarlar görürəm. Azərbaycan Qafqazın açar dövlətidir. Bakının aktiv xarici
siyasət yürütməsi Avropa İttifaqını yenidən əməkdaşlığa sövq edir”. 
Ekspertin fikrincə, Azərbaycan Avropa ölkələrinin iqtisadiyyatında, bazar məsələsində də mühüm rol oynayır:
"Xaricdən idxal etdiyimiz məhsulların 50 faizi birbaşa Avropa ölkələrinin payına düşür.
İxracatda da Avropa ölkələrinin payı yüksəkdir. Eyni zamanda Azərbaycanın geosiyasi mövqeyi,
Avropanın enerji təhlükəsizliyində oynadığımız rol Avropanı bizə yaxınlaşdırır. Aİ-nin budəfəki
cəhdi əvvəlkilər kimi suya düşməzsə, hər iki tərəfin maraqlarına uyğun addımlar atıla bilər”.
C.Nuriyev deyib ki, əməkdaşlığın Azərbaycan üçün də böyük əhəmiyyəti var: "Azərbaycan
Avropa İttifaqının "Şərq Əməkdaşlığına” daxil olan 6 ölkədən biridir. Tarixi İpək Yolunun
üzərində yerləşən ölkəmiz Avropa ilə Asiyanı birləşdirən mühüm dəhlizdir. Bunların fonunda
əməkdaşlığın inkişafına ümid edirik”.
İsmayıl