Zelim Kotsoyev: Mənim üçün çox ağır il oldu

“Ağır il idi mənim üçün. Bu il çox şey baş verdi. Daha çox işləmək lazımdır. Ümid edirəm ki, gələn il daha yaxşı olacaq”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan cüdo millisinin üzvü Zelim Kotsoyev deyib.

Cüdoçu bu il Avropa çempionatının yarımfinalında diskvalifikasiya olunduğunu xatırladıb.

Kotsoyev qarışıq komanda yarışında keçirdiyi görüşlərdən də danışıb. O, yaponiyalı rəqibinin özündən çox ağır olduğunu bildirib.

“Çox güclü rəqib idi. İlk iki dəqiqə çox çətin keçdi. Taktikam əvvəlcə yıxılmamaq və qızıl xal mərhələsində qələbə qazanmağa çalışmaq idi”, – deyə idmançı vurğulayıb.

90 kiloqram çəki dərəcəsində çıxış edən Kotsoyev çəkisini dəyişmək istəmədiyini qeyd edib:

"Hazırda çox ağır diyet saxlayıram. Çörək, şirniyyat kimi qidalar yemirəm. Çəkimi dəyişmək fikrim yoxdur. Elə bu çəkidə uğur qazanmağa davam etmək istəyirəm. Gələcək planlarımla bağlı hələ ki məşqçilərin göstərişlərini yerinə yetirirəm".

Qeyd edək ki, Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatının 1/8 finalında erməniəsilli Rusiya təmsilçisi Arman Adamiyana məğlub olaraq mübarizəni dayandırıb.