Azərbaycan qapılarını açdı
Sentyabrdan xarici ölkə vətəndaşları ölkəmizdə rahat təhsil alacaq
Azərbaycan Respublikası Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Qoşulmama Hərəkatına üzv dövlətlər ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan ölkə başçısı qərara alıb ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilsin.
Sərəncamda qeyd edilib ki, 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin. Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Qeyd edək ki, öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınmış və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. 2019-cu ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının 18-ci sammiti keçiriləcək və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma növbəti üç ildə sədrlik edəcək. Bütün bunlar ölkəmizin Hərəkata üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxundan olan vətəndaşların vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil almaları və sonralar aparıcı mütəxəssislər kimi tanınmaları onların bu gün ölkəmizdə təhsilə marağını daha da artırır.
Sözügedən sərəncamla bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil eksperti Kamran Əsədov ölkə Prezidentinin bu qərarının gözlənilən olduğunu deyib:
"Bir müddət əvvəl də ölkə başçısı tərəfindən analoji sərəncam imzalanmışdı. Belə ki, dünyanın müxtəlif ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almasına imkan verəcək qərar qəbul edilmişdi. Bu yeni sərəncamla onun əhatə dairəsi genişləndirilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, xarici ölkələrin tələbələrinin ölkəmizdə təhsil almasına səbəb olur. İkincisi və ən vacibi isə odur ki, bu təşkilatın XVII zirvə toplantısının nəticələrindən biri də, Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsidir. Buna görə də, atılan addımı məqsədəmüvafiq hesab etmək olar.
Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.
Bu o deməkdir ki, 2018-ci ilin sentyabrından etibarən ölkəmiz dünyanın müxtəlif ölkələrindən olan tələbələri təhsil almaq üçün qəbul edəcək. Bu da ölkəmizdə təhsil alan tələbələrin sayını ciddi şəkildə artıracaq. Hazırda ölkəmizdə təhsil alan xarici tələbələrin sayı 5541 nəfərdirsə, müvafiq sərəncamlar yerinə yetirildikdən sonra bu rəqəm dəfələrlə artacaq”.
K.Əsədov sonda Qoşulmama Hərəkatının hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edildiyini xatırladıb. Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir:
"Yarandığı dövrdə Soyuq müharibə və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, Soyuq müharibənin başa çatmasına baxmayaraq, Hərəkat öz aktuallığını qoruyub saxlayıb və öz sıralarını daha da genişləndirib. Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub”.
Şəymən