Azərbaycan-Rusiya media əməkdaşlığı güclənəcək

Memorandumun imzalanması bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir
Rusiya mediasına Azərbaycanın çıxış imkanları genişləndirilməlidir. Bu, hansısa ölkə ilə rəqabət üçün deyil, daha çox Azərbaycan həqiqətlərinin obyektiv çatdırılması nöqteyi-nəzərindən bizim üçün prioritet olmalıdır



Ötən gün Bakıda Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov və MŞ sədri, millət vəkili Əflatun Amaşov imza atıb. Bu münasibətlə Mətbuat Şurasında keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov qurumun beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, faydalı nəticələr verəcək: "Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan Memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər”.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. Bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur. Görüşdə həm Mətbuat Şurasının, həm də Rusiya Jurnalistlər İttifaqının jurnalist hüquqlarının qorunması, onların təhlükəsizliklərinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri müxtəlif fəaliyyət növlərinin oxşar və fərqli cəhətləri müzakirə edilib. Məlumat üçün deyək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.

Bir məqamı da qeyd edək ki, Rusiyanın Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da əlaqələrin fəallaşdırılmasının vacibliyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan və Rusiya KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər.

Azərbaycan-Rusiya jurnalistləri arasındakı əməkdaşlığı "Şərq”ə dəyərləndirən "Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev deyib ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandumun imzalanması çox vacib, eyni zamanda gecikmiş məsələdir: 

"Baş redaktor bildirib ki, Rusiya mediası nəhəngdir, Rusiya özü də böyük dövlətdir və dünyada rus dili əsas dillərdən biridir: "Bizim dünyaya çıxışımız ən çox Rusiya üzərindən mümkündür. Azərbaycanda rusdilli mətbuat var. Uzun müddətdir təklif edirdim ki, Azərbaycanla Rusiya arasında jurnalistlərin hər hansı bir cəmiyyəti, ittifaqı yaradılsın. Yəni hansısa formada əməkdaşlıq qurulsun. Həmişə şikayətlənirik ki, Rusiya mediasında bizi eşitmirlər. Səsimizi eşitdirmək üçün addım atmalıyıq. Rusiya mediasına birbaşa çıxışımız olmalıdır. Bu, qarşılıqlı əməkdaşlıq əsasında olanda artıq iki tərəf də öz üzərinə öhdəlik götürür. Əməkdaşlıqdan irəli gələn tələbləri, müqavilədə göstərilən şərtləri həyata keçirirlər. Memorandum bizə böyük imkan yaradır ki, qarşılıqlı müqavilə əsasında Rusiya mediası ilə daha sıx əməkdaşlıq edək. Əlbəttə, bu, ilkin addımdır. Düşünürəm ki, əməkdaşlığı daha genişləndirmək lazımdır. Rusiyanın bir neçə nüfuzlu qəzetləri ilə Azərbaycanın rusdilli qəzetləri arasında əlaqə qurulmalıdır. Analitik yazılar, məlumat xarakterli yazıların mübadiləsi olmalıdır. O zaman Azərbaycan həqiqətlərini, ilk növbədə Dağlıq Qarabağ məsələsini Rusiya mediası vasitəsilə dünyaya çatdıra bilərik”.

Qəzet rəhbəri bildirib ki, qəbul etsək də, etməsək də, bu gün Rusiyada "Russia Today” kimi televiziya, "Rossiya seqodnya”, "Komsomolskaya pravda”, "Moskovski komsomolets” kimi agentliklər var. Beynəlxalq təşkilatlar həmin media orqanlarında gedən yazıları geniş miqyasda izləyir:

 "Ölkə rəhbərləri səviyyəsində media qurumlarında dərc olunan məqalələrə reaksiyalar verilir. Niyə o agentliklərlə əməkdaşlıq etməyək, müqavilə bağlamayaq, Azərbaycanla bağlı yazıları orada dərc etməyək?! Mən Rusiyada tədbirlərə qatılanda həmişə onlara sual edirəm ki, "siz telekanallarda erməni aparıcılarından bezmədinizmi? Onlar sizin zəhlənizi tökmürmü?”. Rusların cavabı belə olur ki, "Azərbaycan mediası və jurnalistləri nə vaxt bizim efirlərə çıxmaq istədi, biz onlara qadağa qoyduq?!” Cəhd edib Rusiya media məkanına çıxmalıyıq ki, üstünlük qazanaq, irəliləyişə nail olaq. Ona görə də, hesab edirəm ki, tərəflər arasında əməkdaşlıq Memorandumunun imzalanması çox təqdirəlayiq haldır. Əgər bu, vacib məsələ olmasaydı, Azərbaycan Prezidenti Rusiya Jurnalistlər İttifaqının rəhbərliyini qəbul etməzdi. Dövlət başçısı Vladimir Solovyovu qəbul etməyə vaxt ayırdı. Deməli, məsələ ciddi və zəruri olduğu üçün dövlət başçısı Rusiya mediasına önəm verir”.

Baş redaktorun sözlərinə görə, Rusiya mediası ilə əməkdaşlıq Azərbaycan mətbuatı üçün geniş imkanlar yaradır: 

"Təəssüflər olsun ki, Azərbaycan jurnalistlərinin Rusiyaya səfəri az təşkil olunur. Düzdür, mən də daxil olmaqla ayrı-ayrı baş redaktorlar Rusiyada müxtəlif tədbirlərdə iştirak edirik. Ancaq bu, yetərli deyil, daha geniş formatda əməkdaşlıq olmalıdır. Bizim Rusiya mətbuatından öyrənməyimiz gərəkən xeyli məsələ var. Məsələn, dünya mediasına çıxış, analitik yazıların verilməsi, ölkənin milli maraqlarının təqdimatı məsələsi və s. məqamların öyrənilməsi jurnalistikamız üçün ciddi kömək olar. Etiraf edək ki, Azərbaycanla Rusiyanın jurnalistləri arasında fikir mübadiləsi çox az olur. Son vaxtlar jurnalistlərimizin hansısa tədbirlə bağlı Rusiyaya qrup halında səfər etməsini, danışıqlar aparmasını yada sala bilmirəm. Hesab edirəm ki, Memorandumun imzalanmasından sonra tərəflər arasında əməkdaşlıq və fikir mübadiləsi inkişaf edəcək”.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də "Şərq”ə deyib ki, Azərbaycan-Rusiya media əməkdaşlığının gücləndirilməsi istiqamətində imzalanan Memorandum bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir: 

"Bildiyiniz kimi, Rusiya regionda nəhəng dövlət olmaqla yanaşı, həm də güclü media qurumlarına malikdir. Rusiya mediası həm də regionda, Şərqi Avropada ictimai rəyə təsir etmək imkanını qoruyub saxlamaqdadır. Bu və ya digər səbəblərdən Rusiya mediasına Azərbaycanın çıxış imkanları genişləndirilməlidir. Bu, hansısa ölkə ilə rəqabət üçün deyil, daha çox Azərbaycan həqiqətlərinin obyektiv çatdırılması nöqteyi-nəzərindən bizim üçün prioritet olmalıdır. Bu gün Rusiya mediasında barmaqla sayılası qədər azərbaycanlı çalışır. Təəssüf ki, bu səbəbdən də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üstünlüyü ələ keçirə bilmirik. Əlbəttə, bu da ölkəmizin həqiqətlərinin Rusiya auditoriyasına çatdırılmasına kifayət etmir. Sevindirici haldır ki, son vaxtlar Azərbaycanda rusdilli saytların sayında və keyfiyyətində xeyli irəliləyişlərə nail olmuşuq. Bu saytların Rusiyada akkreditasiya olunmuş əməkdaşları, müxbir postları yaradılır. Beləliklə, jurnalistlər və qurumlararası münasibətlər obyektiv informasiya mübadiləsinin əsasını qoyur”.

Baş redaktorun sözlərinə görə, Rusiya mediası ilə əməkdaşlıq həm də bu coğrafiyada yaşayan yüz minlərlə azərbaycanlı üçün dayanıqlı tribunanın əldə edilməsi deməkdir: 

"Digər mühüm bir məqam rus jurnalistlərin beynəlxalq media təşkilatlarında çoxluğa malik olmalarıdır. Birgə əməkdaşlığımız beynəlxalq jurnalist təşkilatları çərçivəsində qəbul edilən qərarlarda yalnız bizə fayda verə bilər. Hesab edirəm ki, jurnalist təşkilatları arasında əməkdaşlıq kağız üzərində qalmayacaq, qarşılıqlı səfərlər, birgə tədbirlərin keçirilməsi nəticəsində medialararası əməkdaşlığa yeni stimul verəcək”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də "Şərq”ə açıqlamasında bildirib ki, nə qədər Avropaya inteqrasiya etmək istəsək də, Rusiya bizim böyük qonşumuzdur. 200 illik ortaq tariximiz var: "Azərbaycan milli mətbuatının formalaşmasında Rusiyada təhsil almış ziyalılarımızın, ümumilikdə rus jurnalistikasının təsirini danmaq olmaz. 

Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumu müsbət hadisədir. Məncə, Azərbaycan və Rusiya mediası arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Azərbaycan jurnalistlərinin Rusiyaya, rusiyalı jurnalistlərin Azərbaycana səfərləri təşkil olunmalıdır. Qarşılıqlı təcrübə mübadiləsi vacibdir. Azərbaycanın tanınmış media quruluşlarının Rusiya Federasiyasının böyük şəhərlərində müxbir postları, büroları yaradılmalıdır. Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarımızı işğal etmiş, maddi mədəniyyət nümunələrimizə sahib çıxmaq istəyən ermənilərlə infomasiya müharibəsində Rusiya əsas mübarizə meydanlarından biridir. Rusiyada informasiya işini düzgün qurmalı, rus ictimai-siyasi fikrinə təsir imkanlarını genişləndirməliyik”.

(Davamı var)

İsmayıl